Çin hökuməti oktyabrın 14-dən etibarən Amerika Ştatlarına (ABŞ) məxsus və ya ABŞ ilə əlaqəli gəmilər üçün liman rüsumu tətbiq edəcək.
Gundelik.az xəbər verir ki, bu barədə Çin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Yeni qaydalara əsasən, ABŞ şirkətlərinə məxsus, ABŞ-da istehsal edilən, onun bayrağı altında üzən və ya səhmlərinin azı 25 faizi birbaşa və ya dolayı şəkildə ABŞ-a məxsus olan gəmilərdən liman haqqı alınacaq.
Rüsum mərhələli şəkildə tətbiq ediləcək:
-
2025-ci il oktyabrın 14-dən hər xalis ton üçün 400 yuan (təxminən 56 dollar),
-
2026-cı il aprelin 17-dən 640 yuan (89 dollar),
-
2027-ci il aprelin 17-dən 880 yuan (123 dollar),
-
2028-ci il aprelin 18-dən isə 1 120 yuan (təxminən 157 dollar) məbləğində rüsum tutulacaq.
Çin tərəfi bu qərarı ABŞ-ın Çin istehsalı olan gəmilərə tətbiq etdiyi rüsumlara cavab addımı kimi qiymətləndirib. Qeyd edək ki, Pekin Vaşinqtonun bu qərarına qarşı cavab tədbirləri görəcəyi barədə hələ 2025-ci ilin aprelində xəbərdarlıq etmişdi.
Eyni zamanda, ABŞ administrasiyası Çin aviaşirkətlərinə Rusiya üzərindən uçuşlara qadağa qoymağı planlaşdırır. Bu qərar Amerika aviadaşıyıcılarının uzunmüddətli tənqidlərindən sonra gündəmə gətirilib. ABŞ hökuməti yerli aviaşirkətlərə Rusiya üzərindən uçuşları qadağan etdiyi üçün Çin şirkətlərinə bu imtiyazın verilməsini ədalətsiz hesab edir.
Gundelik.az

