Ölkənin ən yüksək rütbəli generalı Canq Youşia və digər yüksək səviyyəli komandan general Liu Cjenli haqqında həftəsonu başladılan istintaq Çində elita daxilində güc mübarizəsini gündəmə gətirib. Hətta ölkənin müdafiə qabiliyyəti ilə bağlı ciddi suallar da yaradıb.
75 yaşlı Canq ordunu idarə edən Mərkəzi Hərbi Komissiyanın sədr müavini idi.
Çin Dövlət Başçısı Si Cinpinin rəhbərlik etdiyi bu komissiya ordunu idarə edir.
Adətən yeddi üzvdən ibarət olan komissiyada indi cəmi iki nəfər qalıb: Si Cinpin və general Canq Şanmin.
Digər bütün üzvlər daha əvvəlki həbslərdən sonra aparılan “korrupsiyaya qarşı mübarizə” əməliyyatları çərçivəsində vəzifədən uzaqlaşdırılıb.
Komissiya milyonlarla hərbi personalın nəzarətinə cavabdehdir. Bu qurum o qədər güclüdür ki, keçmişdə Çinin mütləq lideri hesab olunan Den Syaopin yalnız bu qurumun sədrliyini əlində saxlayırdı. Asiya Cəmiyyəti Siyasət İnstitutundan Layl Morrisə görə, komissiyada yalnız Si və bir generalın qalması “bənzəri görünməmiş bir vəziyyətdir”.
BBC-yə danışan Morris deyir ki, “Çin Xalq Azadlıq Ordusu dağılmış vəziyyətdədir” və orduda “böyük bir liderlik boşluğu” yaranıb.
Morris bu qədər generalın vəzifədən uzaqlaşdırılmasının əsl səbəbinin nə olduğu sualına belə cavab verir:
“Çoxlu şayiələr var. Bu mərhələdə nəyin doğru, nəyin yanlış olduğunu bilmirik. Amma Si Cinpin üçün vəziyyət açıq şəkildə pisdir — həm liderliyi, həm də ordu üzərində nəzarəti baxımından.”
Sinqapur Milli Universitetindən dosent Çonq Ca İan da general Canqın gözdən düşməsinin əsl səbəbi ilə bağlı əmin olmadığını, lakin çoxlu söz-söhbət dolaşdığını bildirir:
“ABŞ-a nüvə sirlərinin sızdırılmasından tutmuş çevriliş planına və kliklər arasında qarşıdurmaya qədər müxtəlif ssenarilər var. Hətta Pekində silahlı toqquşma yaşandığı belə deyilir.
“Amma Canq və Liu-nun gözdən düşməsi və bu şayiələr iki məqama işarə edir: Si hələ də mübahisəsiz liderdir və Pekindən məlumat axını üzərində ciddi maneələr var. Bu da qeyri-müəyyənliyi artırır və spekulyasiyaları qidalandırır.”
Canq və Liu-nun “istintaq altında” olduqları və “intizam və qanunun ağır pozuntularında” ittiham edildikləri açıqlanıb. Bu ifadə adətən korrupsiya üçün istifadə olunur.
Çin ordusunun rəsmi qəzeti PLA Daily baş məqaləsində bunu açıq şəkildə vurğulayıb və bu addımın “Kommunist Partiyasının, kim olmasından və nə qədər yüksək vəzifəli olmasından asılı olmayaraq, korrupsiyaya qarşı sıfır tolerantlıq siyasəti apardığını göstərdiyini” yazıb.
Bu generalların konkret olaraq nə ilə ittiham olunduğu ictimaiyyətə açıqlanmayıb və bəlkə də heç vaxt açıqlanmayacaq. Amma istintaq başladığının elan edilməsi, ən azı uzunmüddətli həbs cəzası deməkdir.
PLA Daily-dəki yazıda artıq Canq Youşia və Liu Cjenlidən günahkar kimi bəhs edilir və onların “Kommunist Partiyası Mərkəzi Komitəsinin etimadını və gözləntilərini satdıqları”, “komissiyanı tapdalayaraq zəiflətdikləri” bildirilir.
Generallar rəsmi olaraq korrupsiya ittihamları ilə hədəf alınmış ola bilər, amma Çində bu tip istintaqların keçmişi nəzərə alındıqda, burada bir hakimiyyət mübarizəsinin də olduğu ehtimal edilir.
Si Cinpin hakimiyyətə gələndə Çində doğrudan da ciddi korrupsiya problemi var idi.
Lakin Si-nin korrupsiya ilə mübarizəni, Kommunist Partiyasının qorxulu intizam nəzarət mexanizmlərindən istifadə edərək ona tam sədaqətli olmayanları təmizləmək üçün apardığını iddia edənlər də var.
Bu isə Si-yə, Çin Xalq Respublikasının qurucusu Mao Zedundan bəri görünməmiş dərəcədə nəzarətsiz bir güc verib.
Amma bu cür liderlik tərzi əks nəticə də verə bilər. Məsələn, orduda yaranan şübhə və qorxu mühiti daha ehtiyatlı, hətta zəif qərarların qəbuluna yol aça bilər.
Si Cinpin və Canq Youşia-nın ataları inqilab yoldaşları idi. General Si-ni uzun illərdir tanıyırdı və son çalxantılardan əvvəl yaxın müttəfiqlər sayılırdılar.
Canq Youşia həm də real döyüş təcrübəsi olan azsaylı generallardan biri idi və onun yoxluğu Çin ordusu üçün ciddi itkidir. Layl Morrisə görə, Canqın vəzifədən uzaqlaşdırılması gələcəkdə Si üçün problem yarada bilər.
Morris deyir:
“Si öz avtoritetini göstərmiş ola bilər, amma bu çalxantı ordudakı çatların davam etdiyini göstərir. Orduda belə ciddi sarsıntı Si və qarşıdakı illər üçün açıq-aşkar mənfi görüntüdür.”
Çində ən yüksək rütbəli generalların tasfiye edilməsi, növbəti zabit nəsilini də narahat edir. Onlar indi sıranın kimə çatacağını düşünə bilərlər.
Üstlərinin taleyini görən zabitlər üçün, Si-nin diqqət mərkəzinə düşəcək komanda vəzifələrinə yüksəlmək o qədər də cəlbedici görünməyə bilər.
Bütün bunlar Çinin Tayvanı zor gücü ilə ələ keçirmə təhdidlərini artırdığı bir dövrdə baş verir.
Mütəxəssislər bu tasfiyələrin belə bir ehtimalı nə qədər azaltdığını dəyərləndirirlər, amma bəziləri bunun Pekinin məqsədlərini cilovlamaqda az təsiri olacağını düşünür.
Çonq Ca İan deyir:
“Bu tasfiye Çin Xalq Respublikasının Tayvanı nəzarət altına alma ambisiyalarını dəyişmir. Bu, ümumilikdə Kommunist Partiyasına və xüsusilə də Si Cinpinə bağlıdır.”
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
