“OpenAI” “GPT-5” yeniləməsi ilə bağlı tənqidlərdən sonra “ChatGPT”nin ünsiyyət tonunda dəyişikliklər edəcəyini açıqlayıb.
Gundelik.az şirkətə istinadən xəbər verir ki, “chatbot” artıq istifadəçilərə “Yaxşı sual” və ya “Möhtəşəm başlanğıc” kimi qısa təriflər verməklə daha səmimi üslub nümayiş etdirəcək.
“GPT-5” bu ay təqdim edilərkən “daha humanist və faydalı köməkçi” kimi təqdim olunsa da, sosial şəbəkələrdə bəzi istifadəçilər yeni modelin əvvəlki versiyadan daha rəsmi və soyuq göründüyünü qeyd ediblər. İstifadəçi forumlarında da “ChatGPT”nin əvvəlki illərdə daha mehriban tonla cavab verdiyi vurğulanıb.
“OpenAI” isə dəyişikliyin məqsədinin yaltaqlıq olmadığını, sadəcə istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün edildiyini bildirib.
Bununla yanaşı, şirkət istifadəçilərə istəsələr, əvvəlki “GPT-4o” versiyasına qayıtmaq imkanı da təqdim edəcək.
Qeyd edək ki, “OpenAI” daha əvvəl “ChatGPT”nin həddindən artıq təsdiqedici cavablar verməsi və bunun potensial risklər doğurması ilə bağlı tənqidlərə məruz qalmışdı. Yeni dəyişikliklər isə şirkətin dostluq və təhlükəsizlik arasında balans yaratmaq cəhdi kimi qiymətləndirilir.
Gundelik.az
