Avqust 6, 2026
Baku
Siyasət Xəbərlər

Ceyhun Bayramov: “Zərurət yaranarsa, dost Ukraynaya qaz tədarükündən məmnun olarıq”

Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq vacib elementlərdən biridir.

Gundelik.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirdiyi mətbuat konfransında səsləndirib.

“Enerji əməkdaşlığından danışarkən, ilk növbədə, qeyd etmək istərdim ki, Azərbaycanın dövlət neft şirkəti olan SOCAR uzun illərdir Ukrayna bazarında mövcuddur. Hazırda SOCAR Ukraynada fəaliyyətini aktiv şəkildə davam etdirir və inanırıq ki, şirkətin gələcək üçün böyük planları var”, – deyə Ceyhun Bayramov əlavə edib.

Nazir deyib ki, Azərbaycan ilə Ukrayna arasında enerji sahəsində, eləcə də nümayəndə heyətləri, həmkarlar arasında yeni dinamika, enerji sahəsində əməkdaşlığın əlavə elementləri barədə çox dinamik və fəal dialoq aparılıb.

C.Bayramov qeyd edib ki, bu gün Azərbaycan dünyanın 16 ölkəsinə, o cümlədən 10-u Avropa İttifaqının üzvü olmaqla ümumilikdə 12 Avropa ölkəsinə qaz tədarük edir:

“Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük etməkdən məmnun olarıq. Eyni zamanda, Azərbaycan ilə Ukrayna arasında daha geniş coğrafiyanın enerji təhlükəsizliyi baxımından əməkdaşlıq imkanı da mövcuddur”.