Cənubi Koreyanın 2026-cı il üçün müdafiə büdcəsi 2025-ci illə müqayisədə 8,2 faiz artaraq 66,3 trilyon von (47,07 milyard dollar) təşkil edəcək. Büdcənin əsas istiqamətlərini qabaqcıl silah sistemlərinə sərmayələr, süni intellekt, dron və robot texnologiyalarının inkişafı təşkil edir.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, ölkə prezidenti Li Jae-myung bildirib ki, dəyişən qlobal təhlükəsizlik mühiti və artan silahlı münaqişə riskləri Seulu öz hərbi gücünü gücləndirməyə vadar edir. Onun sözlərinə görə, “dəyişən təhlükəsizlik şəraitinə fəal reaksiya vermək üçün özünümüdafiə ilkin şərtdir. Tarixin ən uzun dinc birgəyaşayış dövrü başa çatmaq üzrədir”.
Dövlət başçısı vurğulayıb ki, dünyada əməkdaşlıq və ümumi rifah arzusu zəifləyir, münaqişələrin intensivləşdiyi bir dövr başlayır: “Koreya Respublikasının sülh və rifahını təmin etmək üçün biz heç kimdən asılı olmamalıyıq, öz gücümüzü artırmalıyıq”.
Prezident həmçinin qeyd edib ki, ölkə ABŞ-la güclü müttəfiqliyə əsaslanan birgə müdafiə siyasəti aparacaq və əməliyyat nəzarətini təmin edəcək. “Bizim dəyərlərimizi paylaşan ölkələrlə sıx əlaqələrimiz, Cənubi Koreya-ABŞ müttəfiqliyimiz və bu tərəfdaşlıq üzərində qurulmuş güclü nüvə çəkindirici qüvvəmiz var. Milli müdafiəmizin gücünə şübhə etmək üçün heç bir əsas yoxdur”, – Li Jae-myung əlavə edib.
Gundelik.az
