Bitki mənşəli protein böyüklərdə daha uzun ömürlülüyə səbəb olur.
Gundelik.az xəbər verir ki, bu nəticəyə Sidney Universitetinin tədqiqatçıları 1961-ci ildən 2018-ci ilə qədər 101 ölkədən topladıqları məlumatların təhlilindən sonra gəliblər.
Nəticələr “Nature Communications” jurnalında dərc olunub.
Alimlər qida rasionunda heyvan və bitki zülalının nisbətinin əhalinin sağlamlığına necə təsir etdiyini araşdırıblar. Məlum olub ki, beş yaşınadək uşaqlar üçün heyvan mənşəli protein (ət, yumurta, süd məhsulları) ölüm nisbətini azaldır.
Təhlillərdən aydın olub ki, Hindistan kimi bitki mənşəli zülal istehlakı yüksək olan ölkələrdə insanlar ABŞ və ya Argentina kimi heyvan zülalının üstünlük təşkil etdiyi ölkələrlə müqayisədə orta hesabla daha uzun yaşayırlar.
Bu təhlillər zamanı, həmçinin sözügedən ölkələrin gəlirlilik səviyyələri və əhali sayındakı fərqlər də nəzərə alınıb.
Qeyd olunub ki, bitki zülalı paxlalılar, qoz-fındıq və bütün taxıllarda olur. Onun istehlakı ürək-damar xəstəlikləri, diabet və xərçəng riskinin azalması ilə əlaqələndirilir. Belə qidalar ən yüksək ömür uzunluğuna malik bölgələrdə – Yaponiyanın Okinava şəhərində , Yunanıstanın İkariya adasında və Kaliforniyanın Loma Linda şəhərində pəhrizin əsasını təşkil edir.
Müəlliflər vurğulayırlar ki, təkcə nə qədər zülal yediyimiz deyil, onun haradan əldə olunması da vacibdir.
Gundelik.az
