Tayvan hökuməti 2026-cı il üçün müdafiə xərclərini artırmağı planlaşdırır.
Gundelik.az “Channel News Asia”ya istinadən xəbər verir ki, bu barədə İcraçı Yuanın (Kabinet) sədri Çuo Ronqtay məlumat verib.
Onun sözlərinə görə, hökumət müdafiə sahəsinə 949,5 milyard Tayvan dolları (təxminən 31,1 milyard ABŞ dolları) ayırmağı nəzərdə tutur. Bu məbləğ ölkə ÜDM-inin 3,23 faizinə bərabərdir. Çuo Ronqtay bildirib ki, qərar Tayvanın milli suverenliyini və təhlükəsizliyini qorumaq əzmini nümayiş etdirir.
Plan parlamentin təsdiqindən sonra qüvvəyə minəcək.
Xatırladaq ki, “Associated Press”in mart ayında yaydığı məlumata əsasən, həmin dövrdə Tayvan ÜDM-in təxminən 2,4 faizini hərbi ehtiyaclara sərf edirdi.
Tayvan məsələsi 1949-cu ildə Çin Xalq Respublikası yaradıldıqdan sonra ortaya çıxıb. Həmin vaxt Kuomintang partiyasının bir hissəsi adaya köçərək burada Çin Respublikasını elan edib. Pekin “vahid Çin prinsipi”ndə israr edir və Tayvanı öz ərazisi hesab edir. Bununla yanaşı, Tayvanın dünyanın bir çox ölkəsində rəsmi tanınmasa da, mədəniyyət və iqtisadi ofisləri fəaliyyət göstərir.
Gundelik.az
