Gundelik.az Dünya Braziliyada daşqın və torpaq sürüşmələri nəticəsində ən azı 25 nəfər ölüb
Dünya Xəbərlər

Braziliyada daşqın və torpaq sürüşmələri nəticəsində ən azı 25 nəfər ölüb

Braziliyanın cənub-şərqində yerləşən Minas Jezayres ştatında bazar ertəsi axşamı güclü yağışlar daşqın və bir neçə torpaq sürüşməsinə səbəb olub, nəticədə ən azı 25 nəfər həyatını itirib.

Ən çox ölüm halları Juiz de Fora şəhərində qeydə alınıb – 18 nəfər, Ubá şəhərində isə 7 nəfər ölüb.

Dağıntılardan sonra bir neçə ev və binaların uçması ilə əlaqədar itkin düşmüş şəxsləri tapmaq üçün xilasetmə əməliyyatları davam edir. İşçilər və yerli sakinlər hələ də onlarca itkin şəxsi axtarır.

Braziliya Prezidenti Luiz İnaçıo Lula da Silva qurbanların və evlərini itirənlərin ailələrinə “dərin hüznünü” çatdırıb. O, həmçinin Juiz de Fora şəhərində “fəlakət vəziyyəti” elan edildiyini bildirib. X platformasında etdiyi paylaşımda Lula hökuməti bölgəyə dəstək göstərmək üçün səfərbər etdiyini, humanitar yardım və bərpa işlərinə fokuslandığını qeyd edib. O əlavə edib ki, hökumət “bu anın tələb etdiyi sürət və qüvvətlə” hərəkət edəcək.

Yalnız Juiz de Fora şəhərində təxminən 440 nəfər evsiz qalıb və ya yerini dəyişməyə məcbur olub. Yerli hökumət müvəqqəti sığınacaq təmin edib və su, qida, geyim və gigiyena ləvazimatları üçün ianələr tələb edir.

Şəhər meri Margarida Salomão bu faciəni öz beş illik vəzifə müddətində ən “kədərli an” adlandırıb və Juiz de Fora şəhərində həyatını itirən bütün insanlar xatirinə üç günlük rəsmi matəm elan edib. O bildirib ki, ölümlər arasında uşaqlar da var, lakin şəhər hələlik qurbanların kimliyi ilə bağlı əlavə rəsmi məlumat açıqlamayıb.

Valtensir Koutinyo de Miranda televiziya canlı yayımında itkin düşmüş 6 yaşlı qızını axtararkən yardım çağırışı edib. Torpaq sürüşməsindən sonra çamur və dağıntılar arasında əlində bel ilə olan kişi TV Globo kanalına deyib:

“Biz onu tapmaq üçün buradayıq. Allah bizə güc versin və qəlbimizi rahat etsin ki, onu sağ tapmaq imkanımız olsun.”

Juiz de Fora şəhərində torpaq sürüşməsindən təsirlənmiş ərazidə dörd yaşlı bir uşağı və üç yetkini xilas edən kişi isə yerli mediaya bildirib ki, hələ də qohumu olan nəvəsini axtarır:

“O anda kimə kömək edəcəyini seçmirsən, sadəcə ən yaxşı şəkildə kömək etməyə çalışırsan,” – deyə o, göz yaşları içində bildirib.

Sosial mediada yayılan videolar yağışların yaratdığı geniş dağıntını göstərir: çamurlu sular şəhərdən avtomobilləri və digər əşyaları aparır, bir neçə bina uçub.

Ubá şəhərində çəkilmiş videoda isə daşqın zamanı şəhərdəki bir qəbiristanlıq evində bir neçə tabutun axan sularla daşındığı görünür.

Yerli hökumətin paylaşdığı şəkil Juiz de Fora şəhəri üzərində yerləşən Morro do Cristo təpəsindəki güclü yağışların təsirini göstərir – sular təpənin ortasından dərin bir dərəni eroziya edərək keçirib.

Mənbə: BBC

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version