Sentyabr 22, 2026
Baku
Hüquq Müsahibə

Boşananda kimin adına olan əmlak bölünür? – Hüquqşünasdan AÇIQLAMA

Boşanma prosesi yalnız ailə münasibətlərinin hüquqi baxımdan sona çatması ilə məhdudlaşmır. Tərəflər arasında nikah dövründə əldə edilmiş əmlakın bölünməsi də mühüm hüquqi məsələlərdən biridir. Mənzil, ev, torpaq sahəsi, avtomobil, bank hesabındakı vəsait, şirkətdə pay və digər əmlakların hansı qaydada bölünməsi tərəflər arasında tez-tez mübahisələrə səbəb olur.

Azərbaycan qanunvericiliyinə əsasən, nikah dövründə əldə edilən əmlak, bir qayda olaraq, ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunur. Bununla yanaşı, nikahdan əvvəl əldə edilmiş, hədiyyə və ya vərəsəlik yolu ilə alınmış əmlakın hüquqi statusu fərqli müəyyən edilir. Əmlak bölgüsü zamanı yalnız mövcud aktivlər deyil, ümumi borc və öhdəliklər də nəzərə alına bilər.

Mövzu ilə bağlı vəkil, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Hüquq Departamentinin müdiri Məmmədov Fuad  Gundelik.az-ın suallarını cavablandırıb.

Fuad müəllim, boşanma zamanı ər-arvad arasında əmlak bölgüsü hansı qaydada həyata keçirilir?

– Azərbaycanda boşanma zamanı əmlak bölgüsü əsasən Ailə Məcəlləsinin 31–37-ci maddələri ilə tənzimlənir. Nikah dövründə əldə edilmiş əmlak, kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq, bir qayda olaraq, ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunur.

Nikah dövründə əldə edilmiş mənzil, ev, torpaq, avtomobil, bank hesabındakı vəsait və əmanətlər, şirkətdə və ya payda iştirak, qiymətli əşyalar, digər daşınar və daşınmaz əmlak, həmçinin ümumi gəlirlər hesabına alınmış digər əmlak ümumi əmlak sayıla bilər. Əmlakın yalnız ər və ya yalnız arvadın adına rəsmiləşdirilməsi öz-özlüyündə həmin əmlakı şəxsi mülkiyyətə çevirmir.

 Bəs hansı əmlaklar tərəflərdən birinin şəxsi mülkiyyəti hesab olunur?

– Ümumiyyətlə, nikahdan əvvəl əldə edilmiş əmlak, nikah dövründə hədiyyə kimi alınmış əmlak və vərəsəlik yolu ilə əldə edilmiş əmlak həmin şəxsin şəxsi mülkiyyəti hesab olunur.

Bundan başqa, fərdi istifadə əşyaları da, bir qayda olaraq, şəxsi əmlak sayılır. Lakin burada zinət əşyaları istisna təşkil edir.

Ümumi əmlak bölünərkən tərəflərin payı necə müəyyən edilir?

– Nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, ümumi əmlak bölünərkən ər-arvadın payları, bir qayda olaraq, bərabər – 1/2 və 1/2 hesab edilir.

Lakin bu, bütün hallarda mütləq şəkildə belə olacaq demək deyil. Məhkəmə müəyyən hallarda tərəflərin paylarının bərabərliyindən kənara çıxa bilər.

 Hansı hallarda tərəflərin əmlakdakı payları fərqli müəyyən edilə bilər?

– Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, ər-arvaddan birinin üzrlü səbəb olmadan gəlir əldə etməməsini, tərəflərdən birinin ümumi əmlakı ailənin mənafeyinə zidd şəkildə sərf etməsini və digər mühüm halları nəzərə ala bilər.

Yəni əmlak bölgüsü zamanı yalnız əmlakın formal olaraq kimə məxsus olması deyil, konkret ailə vəziyyəti və digər hüquqi əhəmiyyətli hallar da qiymətləndirilə bilər.

 Əmlak bölgüsü yalnız məhkəmə yolu ilə həyata keçirilir?

– Xeyr. Əmlakın bölünməsinin iki əsas yolu var. Tərəflər arasında razılıq varsa, onlar əmlakı öz aralarında saziş əsasında bölə bilərlər.

Əgər tərəflər arasında razılıq əldə olunmursa, bu halda məhkəməyə müraciət edilə bilər və əmlak bölgüsü məhkəmə qaydasında həyata keçirilir.

Fuad müəllim,   əmlak bölgüsündə yalnız mənzil, avtomobil və digər əmlaklar nəzərə alınır, yoxsa borclar da bölünə bilər?

– Əmlak bölgüsündə yalnız aktivlər deyil, ümumi borclar və öhdəliklər də nəzərə alına bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ümumi borclar da tərəflərin paylarına uyğun müəyyən edilir.

Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən də ümumi əmlak bölgüsü iqtisadi dəyərə malik tələb hüquqları ilə yanaşı, müəyyən öhdəliklərin bölünməsini də əhatə edə bilər.

 Əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət üçün hər hansı müddət varmı?

– Bəli. Ailə Məcəlləsinin 36.9-cu maddəsində əmlak bölgüsü tələbi üçün üç illik iddia müddəti nəzərdə tutulur.

Lakin bu müddətin hesablanması hər bir halda avtomatik olaraq boşanma tarixindən başlanmır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, tərəfin ümumi əmlakla bağlı hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt da nəzərə alınır.

Bu baxımdan, əmlak bölgüsü ilə bağlı mübahisələrdə konkret halların düzgün qiymətləndirilməsi və iddia müddətinin hansı tarixdən hesablanmasının müəyyənləşdirilməsi mühüm hüquqi əhəmiyyət daşıyır.

Aynur Turan 

Gundelik.az