İyul 8, 2026
Baku
Dünya Xəbərlər

BMT Qəzzada aclıq elan etdi

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada tam aclıq vəziyyətini rəsmi elan edib.

Gundelik.az xəbər verir ki, qurum bunun bütün dünya üçün “utancverici” hal olduğunu bəyan edib.

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, bölgədə dərhal atəşkəs əldə olunmalı və humanitar yardımın təhlükəsiz çatdırılması təmin edilməlidir. O, həmçinin İsraili Qəzza əhalisinə ərzaq və tibbi ləvazimatların tədarükünü təmin etməyə çağırıb.

BMT-nin hesabatına əsasən, Qəzzada 12 mindən çox uşaq qida çatışmazlığından əziyyət çəkir. Aclıqdan ölənlərin sayı artıq 200 nəfəri keçib. Təxminən 1500 hamilə və süd verən qadının isə təcili əlavə qidaya ehtiyacı var.

Bəyanatda qeyd olunub ki, İsrailin sistematik məhdudiyyətləri aradan qaldırılacağı təqdirdə aclığın qarşısını almaq mümkündür. Təşkilat beynəlxalq ictimaiyyəti humanitar yardımın maneəsiz davam etməsi üçün təcili addımlar atmağa çağırıb.

Gundelik.az