İyul 8, 2026
Baku
Dünya Xəbərlər

BMT: Əfqanıstanda uşaqlar arasında aclıq rekord həddə çatıb

BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) məlumatına görə, Əfqanıstanda uşaqlar arasında qida çatışmazlığı son illərin ən yüksək səviyyəsinə çatıb.

Gundelik.az-ın məlumatına görə, təşkilat bildirir ki, ölkə əhalisinin təxminən 10 milyonu – yəni hər dörd nəfərdən biri – kəskin ərzaq çatışmazlığından əziyyət çəkir. Hər üç əfqan uşağından biri isə xroniki qidalanma problemi səbəbilə fiziki və əqli inkişafdan geri qalır.

ÜƏP qeyd edir ki, bu ağır vəziyyət son iki ildə humanitar yardımın azalması ilə bağlıdır. Əsas səbəblərdən biri Donald Trampın ilk prezidentliyi illərində Əfqanıstana ərzaq yardımının tamamilə dayandırılması olub.

Bundan əlavə, qonşu ölkələrdən, xüsusən də İrandan Əfqanıstana deportasiya olunan miqrantların sayı da ərzaq böhranını daha da dərinləşdirib. Son iki ayda ÜƏP İrandan qayıdan 60 min əfqan vətəndaşına dəstək verib.

Proqramın sözçüsü Ziauddin Safi bildirib ki, yalnız İrandan gələn köçkünlərə yardım etmək üçün 15 milyon dollar tələb olunur. Ümumilikdə isə 2026-cı ilin yanvarına qədər bütün ölkə üzrə ehtiyac içində olan ailələrə kömək üçün 539 milyon dollar lazımdır.

Əlavə olaraq, iqlim dəyişikliyi də Əfqanıstandakı ərzaq vəziyyətinə mənfi təsir göstərir. Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri Matiullah Xalisin sözlərinə görə, ölkədə baş verən quraqlıq, su qıtlığı, münbit torpaqların azalması və daşqınlar həm insanların həyat şəraitini, həm də iqtisadiyyatı ciddi şəkildə çətinləşdirir.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Pakistan və Əfqanıstanda uşaqlar üçün nəzərdə tutulan yüzlərlə ton peçenyeni məhv edəcəyi xəbərləri yayılmışdı.

Gundelik.az