Bəzi tarixlər var ki, təqvimdə yalnız bir gün kimi qeyd olunsa da, xalqın yaddaşında bütöv bir tarixi mərhələni ifadə edir. Azərbaycan üçün 20 sentyabr da məhz belə əlamətdar tarixlərdən biridir. 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunması ölkənin müasir tarixində mühüm mərhələnin tamamlanması ilə nəticələndi. 19 sentyabr 2024-cü il tarixli Prezident Sərəncamı ilə sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü elan edildi.
Dövlət suverenliyi yalnız tarixi nailiyyət deyil, eyni zamanda böyük məsuliyyət anlayışıdır. Suverenliyin qorunması dövlətin, cəmiyyətin və hər bir vətəndaşın üzərinə mühüm vəzifələr qoyur. Dövlət üçün bu, təhlükəsizliyin, hüquq və azadlıqların, layiqli həyat şəraitinin təmin olunmasını, vətəndaş üçün isə dövlətçiliyə sahib çıxmağı, qanunlara hörmət etməyi və cəmiyyətin inkişafına töhfə verməyi nəzərdə tutur.
Bəs 20 sentyabr tarixinin Azərbaycan cəmiyyətində mənəvi və siyasi əhəmiyyəti nədən ibarətdir? Suverenliyin bərpası ölkənin qarşısında hansı yeni vəzifələri müəyyənləşdirir? Azərbaycanın gələcək inkişafında dövlətlə cəmiyyətin ortaq məsuliyyəti nədən ibarətdir?
Gundelik.az-ın bu və digər aktual suallarını tanınmış politoloq Çingiz Şahbazi cavablandırıb.
– Bəzi tarixlər var ki, təqvimdə bir gün kimi görünür, amma bir xalqın yaddaşında bütöv bir dövrü ifadə edir. 20 sentyabr da Azərbaycan üçün belə tarixlərdəndir. 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması tariximizin uzun və mürəkkəb bir mərhələsinin başa çatması ilə nəticələndi.
19 sentyabr 2024-cü il tarixli Prezident Sərəncamı ilə hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edildi. Bu tarix Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutur.
Dövlət suverenliyi anlayışını yalnız ərazi bütövlüyü və dövlət hakimiyyəti çərçivəsində qiymətləndirmək olarmı?
– Xeyr. Suverenlik həm hüquq, həm də məsuliyyət deməkdir. Bu baxımdan suverenlik dövlət üçün öz vətəndaşlarının təhlükəsizliyini, hüquqlarını və layiqli həyat şəraitini təmin etmək məsuliyyətidir.
Eyni zamanda, hər bir vətəndaş üçün də suverenlik dövlətçiliyə sahib çıxmaq, qanunlara hörmət etmək və cəmiyyətin inkişafına öz töhfəsini vermək məsuliyyəti yaradır.
Suverenlik həm də cəmiyyət qarşısında məsuliyyətdir. Birlik yaratmaqla yanaşı, fərqli düşüncəyə hörmət etmək, hüquqlara və qanunun aliliyinə əsaslanan sağlam ictimai mühit formalaşdırmaq da bu məsuliyyətin tərkib hissəsidir.
Sizcə, Azərbaycanın qarşısında suverenliyin tam bərpasından sonra hansı yeni tarixi vəzifələr dayanır?
– Bu gün Azərbaycanın qarşısında yeni bir tarixi vəzifə dayanır. Bu, suverenliyin yaratdığı imkanları davamlı inkişafın nəticəsinə çevirməkdir.
Əgər bir xalq öz dövlətini qorumağı bacarırsa, onun növbəti məqsədi həmin dövlətdə daha yüksək həyat standartları, daha ədalətli imkanlar, güclü təhsil, müasir iqtisadiyyat və gələcəyə inam yaratmaq olmalıdır.
20 sentyabr bu səbəbdən yalnız keçmişin xatirəsi deyil, həm də Azərbaycan xalqının gələcək istiqamətlərindən biri olmalıdır. Bu tarix həm də gələcəyə verilmiş bir vəddir.
–Bu vədin reallaşmasında dövlətlə yanaşı, cəmiyyətin və vətəndaşın üzərinə hansı məsuliyyət düşür?
– Suverenliyimizi qorumaq, dövlətimizi gücləndirmək və onun imkanlarını hər bir vətəndaşın həyatında hiss olunan nəticələrə çevirmək dövlətin, hökumətin, cəmiyyətin və hər bir vətəndaşın borcudur.
Dövlət Suverenliyi Gününün ən böyük mənası da məhz bundadır: qazanılmış tarixi nailiyyəti gələcəyin məsuliyyətinə çevirmək.
Bu baxımdan 20 sentyabr – Dövlət Suverenliyi Gününün ən mühüm mesajlarından biri belə olmalıdır: bir tarixlə fəxr etmək asandır, amma həmin tarixin məsuliyyətini daşımaq daha çətindir.
20 sentyabrın qeyd olunması zamanı cəmiyyət hansı məqamları xüsusilə diqqətdə saxlamalıdır?
– Bu gün biz xalq və millət olaraq 20 sentyabrı xüsusi olaraq qeyd edərkən keçmişə minnətdarlıqla yanaşı, gələcək qarşısında da məsuliyyətimizi bilməliyik.
Əsas suallardan biri budur: əldə olunan suverenlik bizə hansı Azərbaycanı qurmaq üçün imkan verir?
Azərbaycanın adı dünyada zəngin tarixi və qələbələri ilə yanaşı, yüksək təhsil, elm, texnologiya, iqtisadi inkişaf və insan kapitalı ilə də fəxrlə qeyd oluna bilər. Bu istiqamətlər gələcəyin əsas hədəfləri sırasında dayanmalıdır.
Bu hədəflərin həyata keçirilməsini yalnız dövlət qurumlarından gözləmək nə dərəcədə doğrudur?
– Bu sualın cavabını yalnız dövlət qurumlarında axtarmaq doğru deyil. Burada dövlətlə cəmiyyətin, rəhbərliklə vətəndaşın, bu günlə gələcəyin ortaq məsuliyyəti var.
Cəmiyyətin inkişafı yalnız dövlət siyasəti ilə deyil, həm də vətəndaşların fəallığı, məsuliyyəti, qanunlara hörməti, elmə və təhsilə münasibəti ilə bağlıdır.
Bu baxımdan suverenlik bir dəfə əldə edilən və sonra kənara qoyulan anlayış deyil. Onu hər gün dövlətçiliklə, qanunun aliliyi ilə, iqtisadi inkişafla, ədalətlə, birliklə və vətəndaş məsuliyyəti ilə möhkəmləndirmək lazımdır.
– Demək, 20 sentyabr həm də gələcəyə baxış günü kimi qəbul edilə bilər?
– Əlbəttə. Hesab edirəm ki, Azərbaycan artıq öz tarixinin böyük bir səhifəsini yazıb. İndi isə başqa bir səhifənin yazılması zamanıdır.
Bu səhifə suveren Azərbaycanın daha firavan, daha güclü, daha müasir və vətəndaşının gələcəyinə inandığı bir dövlətə çevrilməsi ilə bağlı olmalıdır.
Bunun üçün hamılıqla Azərbaycanın gələcəyini düşünməli və ona xidmət etməyi özümüzə borc bilməliyik.
20 sentyabr bu baxımdan hər birimiz üçün qürur günü kimi qeyd edilməlidir. Lakin bu qürur yalnız keçmişdə əldə olunmuş nailiyyətlərlə məhdudlaşmamalı, gələcək qarşısında məsuliyyət hissi ilə tamamlanmalıdır.
