İyul 29, 2026
Baku
Elm və təhsil Ədəbiyyat Mədəniyyət və cəmiyyət Xəbərlər

Bir ilkə imza atıldı: Azərbaycan Dövlət Pedaqoji Kollecindən ABŞ-a uzanan uğur yolu

Sərhədlər xəritələrdədir, biliyin isə sərhədi yoxdu

 İnsan ömrünün əsl dəyəri təkcə qazandığı uğurlarla deyil, yetişməsinə şərait yaratdığı insanların taleyində qoyduğu izlə ölçülür. Cəmiyyətə xidmət etməyin ən ali forması isə gənclərə yol göstərmək, onların bilik, bacarıq və dünyagörüşünün inkişafına töhfə verməkdir.

  Mən də 34 illik peşə fəaliyyətim ərzində, xüsusilə son səkkiz  ildən artıq müddətdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial Məsələlər və İctimaiyyətlə Əlaqələr üzrə direktor müavini kimi məhz bu amal uğrunda çalışmışam. Xalqıma, dövlətimə və çalışdığım təhsil ocağına faydalı olacaq gənclərin yetişməsi naminə bütün imkanları səfərbər etmiş, hər bir tələbənin inkişafı üçün əlimdən gələni əsirgəməmişəm. Çalışmışam ki, tələbələrimiz yalnız Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da öz layiqli yerlərini tutsun, bilik və bacarıqları ilə ölkəmizi ləyaqətlə təmsil etsinlər.

    Son səkkiz ildən artıq müddətdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərərək tələbələrin inkişafına yeni imkanlar qazandırmağı, onların gələcəyinə işıq salacaq layihələrin həyata keçirilməsini özümə mənəvi borc hesab etmişəm. Mənim üçün uğur yalnız şəxsi nailiyyət deyil, çalışdığım Kollecin inkişafına töhfə vermək, onun nüfuzunu daha da yüksəltmək və tələbələrimiz üçün yeni üfüqlər açmaqdır.

     Məhz bu məqsədlə “Humayun” Sosial Problemlərin Həllinə Kömək İctimai Birliyi ilə mütəmadi və səmərəli əməkdaşlıq qurmuşam. Eyni zamanda həmin ictimai birlikdə tələbə gənclərlə iş üzrə koordinator kimi fəaliyyət göstərirəm. Təşkilatın təsisçiləri ilə apardığımız müzakirələr və ortaq baxışlarımız nəticəsində belə qənaətə gəldik ki, kollecdə təhsil alan gənclərin beynəlxalq təcrübə qazanması üçün yeni imkanların yaradılması zəruridir.

  Bu təşəbbüs çərçivəsində kollecdə “İnklüziv təhsil”, “Ailə və ev təhsili”, “Məktəbəqədər təhsil” və digər ixtisaslar üzrə təhsil alan tələbələrin beynəlxalq təlim proqramlarına cəlb olunması nəzərdə tutuldu. Məqsədimiz onların üç aylıq peşəkar hazırlıq proqramı vasitəsilə müasir bilik və bacarıqlara yiyələnmələri, beynəlxalq təcrübə qazanmaları, daha sonra isə Vətənə qayıdaraq əldə etdikləri bilik və bacarıqları ölkəmizdə tətbiq etmələri, xalqımıza və dövlətimizə layiqli mütəxəssislər kimi xidmət göstərmələri idi.

    İnanıram ki, gənclərə yaradılan hər bir imkan gələcəyə qoyulan ən qiymətli sərmayədir. Çünki bu gün onların qazandığı bilik və təcrübə sabah ölkəmizin inkişafına xidmət edəcək, Azərbaycanı beynəlxalq müstəvidə daha layiqincə təmsil edən peşəkar mütəxəssislərin yetişməsinə mühüm töhfə verəcəkdir.

Azərbaycan gənclərinin beynəlxalq təhsil məkanında qazandıqları uğurlar ölkəmizdə həyata keçirilən məqsədyönlü təhsil islahatlarının və beynəlxalq əməkdaşlığın real nəticəsidir. Xarici ölkələrdə təcrübə proqramlarında iştirak edən tələbələr yalnız peşəkar bilik və bacarıqlarını inkişaf etdirmir, eyni zamanda, Azərbaycanı beynəlxalq mühitdə layiqincə təmsil edirlər. Bu baxımdan ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin əldə etdiyi son nailiyyət xüsusi diqqətə layiqdir.

       Belə ki, Azərbaycan Dövlət Pedaqoji Kolleci tarixində ilk dəfə tələbələrin ABŞ-da keçirilən beynəlxalq inklüziv təcrübə proqramına qəbul olunması təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atdığı məqsədyönlü addımların məntiqi nəticəsidir. Uzun illər aparılan sistemli hazırlıq, könüllülük fəaliyyətinə verilən önəm və müxtəlif qeyri-hökumət təşkilatları ilə qurulan səmərəli əməkdaşlıq bu uğurun əsasını təşkil etmişdir.

      Müasir təhsil yalnız auditoriyada verilən nəzəri biliklərlə məhdudlaşmamalıdır. Tələbələr beynəlxalq mühitdə fəaliyyət göstərməli, müxtəlif ölkələrin təcrübəsini öyrənməli və əldə etdikləri bilikləri məhz öz Vətənlərində gələcək peşə fəaliyyətlərində tətbiq etməlidirlər. Məhz bu məqsədlə kollec uzun illərdir müxtəlif beynəlxalq təşkilatlar və qeyri-hökumət qurumları ilə səmərəli əməkdaşlıq əlaqələri qurur və bu  ardıcıl şəkildə genişləndirir.

   Xüsusilə qeyd etmək istəyirəm ki, kollecin tarixində ilk dəfə həyata keçirilən bu beynəlxalq uğurun əldə olunmasında mənim də əməyim və təşəbbüsümün olması qürurvericidir. Bu təşəbbüs mənim üçün böyük fəxarət, kollecin gələcək beynəlxalq inkişafı üçün isə yeni və işıqlı yolun başlanğıcıdır.

   Bu əməkdaşlığın ən mühüm nəticələrindən biri tələbələrimizin ABŞ-da fəaliyyət göstərən Camphill Village USA beynəlxalq proqramına qəbul olunmasıdır. İlk dəfə olaraq kollecin tələbələri bu nüfuzlu proqram çərçivəsində üç aylıq beynəlxalq peşəkar təcrübə keçmək imkanı əldə ediblər.

   Bu uğura aparan yol isə könüllülük fəaliyyətindən başlayıb. Cari tədris ili ərzində kollecin “İnklüziv təhsil”, “Məktəbəqədər təhsil”, eləcə də “Ailə və ev təhsili” ixtisaslarında təhsil alan tələbələr “Humayun” Sosial Problemlərin Həllinə Kömək İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Yurdum” Sosial Eko-Kənd layihəsində könüllü kimi fəaliyyət göstəriblər. Xüsusi qayğıya ehtiyacı olan insanlarla çalışan tələbələr bu müddətdə həm peşə bacarıqlarını inkişaf etdirib, həm də sosial məsuliyyət, empatiya və humanist dəyərlər baxımından zəngin təcrübə qazanıblar.

    Könüllülük fəaliyyətində fərqlənən “İnklüziv təhsil” ixtisasının III kurs tələbələri Firuza Bayramova və Aida Hüseynova beynəlxalq seçim mərhələlərini uğurla keçərək ABŞ-da keçirilən proqramda iştirak etmək hüququ qazanıblar. Onlar artıq viza prosedurlarını tamamlayaraq ABŞ-a yola düşüblər.

   Proqram çərçivəsində tələbələr ABŞ-ın Nyu-York ştatında yerləşən Camphill Village USA icmasında yaşayır və fəaliyyət göstərirlər. Burada onlar Daun sindromlu, autizm spektr pozuntusu olan, serebral iflicli və digər inkişaf fərqlilikləri yaşayan şəxslərlə birlikdə çalışır, onların sosial adaptasiyasına, gündəlik həyat fəaliyyətinə və əmək bacarıqlarının inkişafına dəstək göstərirlər. Bununla yanaşı, inklüziv təhsil, sosial pedaqogika və sosial iş sahəsində dünyanın qabaqcıl təcrübəsini öyrənərək gələcək peşə fəaliyyətləri üçün mühüm bilik və bacarıqlar qazanırlar.

    Layihənin uğurla həyata keçirilməsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, AmCham-ın (Amerika Ticarət Palatası) və “Humayun” Sosial Problemlərin Həllinə Kömək İctimai Birliyinin mühüm dəstəyi nəticəsində tələbələrin ABŞ-a səfəri üçün aviabiletlər təmin edilmiş, proqram müddətində onların sosial təminatı yaradılmış, hər ay təxminən Camphill Village USA tərəfindən  180 ABŞ dolları məbləğində təqaüd ayrılaraq gənclərin bütün diqqətlərini peşəkar inkişaflarına yönəltmələri üçün əlverişli şərait formalaşdırılmışdır.

        Düşünürəm ki, əldə olunan nəticə təkcə iki tələbənin uğuru deyil, bütövlükdə Kollecin, Azərbaycan təhsilinin, dövlətimizin gənclər siyasətinin və eləcə də fəxarətlə deyə bilərəm ki, mənim 34 illik  pedaqoji fəliyətimin uğurudur. Əsas məqsəd isə gələcəkdə daha çox tələbənin beynəlxalq proqramlarda iştirakını təmin etmək, yeni tərəfdaşlıqlar qurmaq və gənclərimizin xarici ölkələrdə peşəkar təcrübə qazanmaları üçün daha geniş imkanlar yaratmaqdır.

   Bu ilk uğur bir daha sübut edir ki, təhsil, könüllülük fəaliyyəti və beynəlxalq əməkdaşlıq bir-birini tamamlayan mühüm amillərdir. Dünyanın inkişaf etmiş ölkələrində qazanılan bilik və təcrübə gələcəkdə Azərbaycanın inklüziv təhsil sisteminin inkişafına, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və peşəkar kadr potensialının gücləndirilməsinə mühüm töhfə verəcəkdir.

  İyun ayının 3-dən etibarən ABŞ-ın Nyu-York ştatında yerləşən Camphill Village USA icmasında fəaliyyət göstərən tələbələrimiz üç aylıq proqramı uğurla davam etdirir, peşəkar bacarıqlarını daha da təkmilləşdirir və zəngin beynəlxalq təcrübə qazanırlar.

    Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələrinin ABŞ-a uzanan bu uğur yolu gənclər üçün yeni perspektivlər açmaqla yanaşı, bir daha nümayiş etdirir ki, əzm, məqsədyönlü fəaliyyət və düzgün qurulmuş beynəlxalq əməkdaşlıq böyük nailiyyətlərin əsasını təşkil edir. Bu uğur həm təhsil müəssisəsi, həm də Azərbaycan gəncliyi üçün qürurverici hadisə olmaqla yanaşı, gələcək beynəlxalq layihələrin həyata keçirilməsi üçün də mühüm stimul yaradır.

                                

 Sevda Axundova

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini

Gundelik.az