Cəmiyyətin aktual mövzularından olan ögey ana anlayışı və onun övlad üzərindəki haqları, hüquqlarıdır. İnsanlar tərəfindən fərqli şəkildə dəyərləndirilərək, münasibət bildirilən bu məsələyə hüquqi yollarla aydınlıq gətirməyə çalışdıq. Əlbəttə, ən doğru yanaşma mütəxəsis yanaşmasıdır.Müsahibimiz hüquqşunas Elmar İbrahimovdur.
Elmar müəllim, sözügedən mövzuya aydınlıq gətirə bilərsinizmi?
— Əlbəttə! “Ana — həyatın ilk nəfəsi, ilk sevgisi və ilk dayaq nöqtəsidir. Onun qayğısı, şəfqəti və fədakarlığı insan ömrünün ən müqəddəs dayaqlarındandır. Ana yalnız doğan deyil, həm də ruhu isidən, sevgini öyrədən və həyata istiqamət verən ilahi bir varlıqdır.” Ana insan həyatının ilk və ən vacib sosial institutudur. Fərdin şəxsiyyət kimi formalaşması, əxlaqi dəyərləri mənimsəməsi və cəmiyyətə yararlı bir üzv kimi yetişməsi məhz ananın tərbiyyəsi ilə ailədə başlayır. Ailə dəyərləri — hörmət, sevgi, etibar, qarşılıqlı məsuliyyət və anlayış kimi prinsiplərə əsaslanır. Bu dəyərlər nəsildən-nəsilə ötürülərək cəmiyyətin möhkəmlənməsinə və davamlı inkişafına xidmət edir. Sağlam ailə mühiti yalnız qanuni öhdəliklərlə deyil, eyni zamanda mənəvi borc və məsuliyyət hissi ilə də formalaşır. Belə bir mühitdə bioloji ana da, ögey ana da ailə dəyərlərinin yaşadılması və uşaqların mənəvi cəhətdən sağlam yetişməsi üçün birlikdə çalışmalıdır. Ailə hüququnun əsas institutlarından biri də valideynlik münasibətləridir. Bu münasibətlərdə “bioloji ana” və “ögey ana” anlayışlarının hüquqi statusu fərqlidir. Hüquqi baxımdan uşağın bioloji anası doğum faktı ilə müəyyən edilir. Ögey ana isə uşağın qanuni anası deyil və yalnız müəyyən şərtlərlə valideynlik hüquqlarına sahib ola bilər.
Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulmuşdur. Bu Konvensiya uşağın ailə mühitində yaşamaq və valideynləri tərəfindən qayğı görmək hüququnu qoruyur.
Sual: Uşağın anasının müəyyən edilməsi üçün hansı hüquqi sübutlar əsas götürülür?
Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsinə əsasən Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
Deyə bilərsinizmi, bioloji ana öz vəzifələrini layiqincə yerinə yetirmədikdə bununla əlaqədar qanunvericilikdə hansı tədbirlər nəzərdə tutulmuşdur ?
— Bildirirəm ki, Azərbaycan Respublikası Ailə Məcəlləsində həm valideyinlik hüququqlarından məhrum etmə , həm də valideyinlik hüquqularınının məhdudlaşdırılması nəzərdə tutulmuşdur . Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideyinlər və ya onlardan biri öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə, xroniki alkoqol və narkomaniya xəstəsidirsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə məhkəmə qaydasında valideyinlik hüquqlarından mərhum edilir. Məhkəmə valideynlik hüquqlarından məhrum etmədən uşağın mənafeyini nəzərə almaqla, anadan (valideyinlərdən)) uşağın alınması barədə qətnamə qəbul edə bilər. Belə ki, Uşağın ana ilə (valideyinlərdən biri ili) qalması onlardan asılı olmayan hallarda, məsələn psixi pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s. uşağın həyatı üçün təhlükə yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir.
Sual: Valideyinlik hüquqlarından mərhum edilmənin hüquqi nəticələri nədən ibarətdir?
Cavab: Ailə Məcəlləsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş biloji ana uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər.
Elmar müəllim, ögey ananın hansı hüquqları vardır ?
— Əvvəl “ögey ana kimdir” buna aydınlıq gətirmək lazımdır. Ögey ana Ögey ana, uşağın bioloji anası olmayan, lakin uşağın atası ilə nikahda olan qadındır. Hüquqi nöqteyi nəzərdən ögey ana uşağın rəsmi valideyni hesab edilmir.
Elə isə ögey ana hansı halda uşağın öz anası kimi tanına bilər. Qanunla bu mümkündürmü ?
— Bildirirəm ki, ögey ana Ailə Məcəlləsinin 117-ci maddəsinə uyğun olaraq ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər. Bu halda ögey ana uşağın doğma anası statusunu əldə etmiş olur.
Maraqlı müsahibə üçün Elmar müəllim İbrahimova təşəkkür edirik.
Gundelik.az

