Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünuya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.
Heydər Əliyev, Ümummilli lider
9 May tarixi bütün bəşəriyyət tərəfindən faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. Bəşər tarixinin ən qanlı müharibəsi olan İkinci Dünya müharibəsində 50 milyondan çox insan həlak olmuş, milyonlarla insan yaralanmış, şikəst olmuş, itkin düşmüş, əsir düşərgələrində işgəncə və zülmlərə məruz qalmışdır. Minlərlə şəhər, kənd, qəsəbə dağıdılmışdır. 80 il öncə, iyunun 22-də səhər tezdən yayılan acı xəbər hər bir kəsi sarsıtdı. Hitler ordusu hücum etmək barəsindəki müqaviləni xaincəsinə pozaraq, Sovet İttifaqına qarşı qəfil hərbi əməliyyata başladı. Sovet İttifaqına hücum etməsi ilə İkinci dünya müharibəsinin gedişində yeni mərhələ başlandı.
Qələbənin 80 illiyi və tarixi yaddaş. Faşizm üzərində qazanılmış qələbədə Azərbaycan xalqının, Bakı neftinin, igid həmvətənlərimizin böyük xidmətləri olmuşdur. Heydər Əliyev Ümummilli lider 1939-cu il sentyabrın 1-də başlanan İkinci dünya müharibəsi iki imperialist ittifaq arasında aparılsa da, sovet İttifaqına da ciddi təhlükə yarandı. İlk gündən Hitler ordusunun SSRİ sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb etdi. Müharibənin SSRİ-yə qarşı qaçılmaz olduğu barədə fikrini Hitler hələ 1940-cı ilin iyulunda bildirmişdi. O demişdir:
“Rusiya gərək məhv edilsin. Müddəti-1941-ci ilin yazı”. Bundan sonra “Barbarossa” adlanan yeni planda müəyyən düzəlişlər aparıldı. Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı müharibənin iyunun 22-də başlamaq əmrini verdi. Beləliklə, 1941-ci il iyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da Sovet xalqının Böyük Vətən müharibəsi başlandı. Onu da qeyd edək ki, müharibə sovet xalqları tərəfindən xilaskarlıq, ədalətli Vətən müharibəsinə çevrildi. Sovet ittifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı azğınlaşmış Hitler ordusunun qarşısını almaq üçün Vətən uğrunda müharibəyə başladı. Qarşıya çox çətin, ağır bir vəzifə qoyulmuşdu. Faşizm blokuna daxil olan ölkələrin hücumunun qarşısını almaq və dağıdıcı, qaniçən, qəddar Hitler ordusunu darmadağın etmək. Bununla yanaşı, Avropa öklələri faşizm əsarətindən xilas edilməli, dünya svilizasiyası faşizm təhlükəsindən qurturmalı idi. SSRİ-nin müharibəyə qoşulması İkinci dünya müharibəsinin Hitler blokuna qarşı duran qüvvələrin ədalətli, antifaşist və azadlıq müharibəsinə çevrilməsi üçün həlledici amil idi. Qeyd edək ki, faşist Almaniyasının şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, xüsusilə, Bakının işğalı qarşıya qoyulmuş əsas vəzifələrdən biri idi. Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin toplantısında demişdi: “Bakı alındıqdan sonra bura hərbi məntəqəyə çevriləcək”. Hitler bundan xeyli əvvəl “Mənim mübarizəm” adlı kitabında yazmışdı: “Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar”. Qafqazın işğalı üçün tərtib edilmiş “Edelveys” planının həyata keçirilməsi faşistlərin “A” qrupu ordusuna həvalə edilmişdi. Hitlerin müsəlmanlardan qorxması, Bakını təcili işğal etmək istəyi heç də təsadüfi deyildir. Bunu Böyük Vətən müharibəsinin gedişi də təsdiqlədi. Azərbaycan həm iqtisadi, həm də canlı qüvvə sarıdan alman faşistlərinə çox güclü, sarsıdıcı zərbələr vurdu. Hitlerin planına əsasən Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayon idi. “Ost” planına görə Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, hətta Azərbaycanın iri sənayə müəssələrinə də rəhbərlər təyin etmişdilər. Hitler Sovet İttifaqının darmadagın edilməsinə, dünya ağalığını ələ keçirməkdə çox mühüm bir mərhələ kimi baxırdı. SSRİ əleyhinə müharibənin strateji planı olan “Barbarossa” planı Sovet Ordusunun ittifaqın qərbində yerləşən əsas qüvvələrini parçalamaq, hissə-hissə mühasirəyə alıb məhv etmək məqsədi ilə qəflətən bir neçə güclü zərbə endirilməsini, sonra ölkənin içərilərinə sürətlə irəliləməyi və Arxangelsk Həştərxan xəttinə çıxmağı nəzərdə tuturdu. Bu planın reallaşdırılması üçün Hitler komandanlığı müttəfiqlərinin silahlı qüvvələri də daxil olmaqla 190 diviziya, o cümlədən 19 tank və 14 motorlu diviziya ayırmışdı. Digər şəhərlərin də qısa müddət ərzində işğalı üçün böyük döyüş kontigenti ayrılmışdı. Müharibənin ilk günlərində Sovet hökuməti dövlətin bütün ehtiyatlarının səfərbər olunması, ölkə həyatının müharibəyə uyğun tərzdə, əsaslı şəkildə yenidən qurulması üçün bir sıra fövqəladə tədbirlər gördü. 1941-ci il iyunun 29-da SSRİ Xalq Komissarları Sovetinin ÜİK(b) RMK-nın verdiyi direktivdə düşmən hücumunun dəf edilməsinin təşkili proqramı şərh olunmuşdu. Alman-faşist qoşunlarının əldən salınması, zəiflədilməsi və onların darmadağın edilərək Sovet topağından qovulması, həmçinin Avropa xalqlarının faşist zülmündən xilas olmasına kömək göstərilməsi Sovet Ordusu qarşısında bir vəzifə kimi qoyulmuşdu. 1942-ci il yanvarın 1-də 26 dövlət, o cümlədən SSRİ, ABŞ və Böyük Britaniya faşist blokunun darmadağın edilməsi üçün hərbi və iqtisadi ehtiyatların birləşdirilməsi barədə bəyannamə imzaladı. Bununla da antihitler koalisiyası yarandı. Düşmən isə getdikcə, azğınlaşır, işğal etdikləri ərazilərdə yerli sakinlərə qarşı misli görünməmiş vəhşiliklər törədirdi. Müharibənin birinci dövrü Sovet xalqı və onun silahlı qüvvələri üçün son dərəcə çətin olmuşdu. Faşist Almaniyasının qoşunları müharibədən əvvvəl SSRİ əhalisinin təqribən 42 faizinin yaşadığı və ümumi sənaye məhsulunun üçdə bir hissəsinin istehsal olunduğu sovet ərazisini zəbt etmişdilər.Lakin 1943-cü ildən başlayaraq Sovet qoşunlarının əks hücumu alman faşistlərinin hücumunu dayandırdı. Hitler ordusunun işğal etdiyi ərazilər tədricən geri qayrtarıldı. Bu dövr sovet xalqı və ordusunun görkəmli qələbələri və əlamətdar olan əsaslı dönüş dövrü idi. Alman faşistlərinin getdikcə ağır məğlubiyyətə uğramaları beynəlxalq aləmdə hərbi-siyasi şəraiti kəskin şəkildə dəyişdirdi və İkinci dünya müharibəsinin bütün gedişinə həlledici təsir göstərdi. Əsaslı dönüş ili 1943-cü il bütün ölkələrdə antifaşist hərəkatının daha da genişlənməsi ilə əlamətdardır. Sovet Alman cəbhəsində Hitler ordusunun darmadağın edilməsi faşist blokunun daxilində böhranı dərinləşdirdi və antihitler koalisiyasını möhkəmləndirdi.
1943-cü ildə keçirilmiş Tehran konfransında Avropada ikinci cəbhəni 1944-cü ilin mayında açmaq haqqında qəti qərar qəbul edildi. Bundan sonra baş verən hadisələr Hitler ordusunun acınacaqlı məğlubiyyətləri ilə yadda qaldı. 1945-ci il mayın 9-u faşist Almaniyasının, Hitler hegemonluğunun sonu kimi əbədi olaraq tarixə həkk olundu. Bu qələbə ümumdünya tarixi əhəmiyyətə malik idi və bu bəşəriyyətin müharibədən sonrakı inkişafına böyük təsir göstərdi. Dünya mədəniyyəti, eləcə də bəşəriyyət faşist əsarəti təhlükəsindən xilas edildi, Avropanın bir çox xalqları faşist köləliyindən, əsarətindən azad olundu. Dinc alman xalqı da faşist zülmündən, Hitler diktatorluğundan xilas oldu. Mənəvi-siyasi birlik, vətənpərvərlik, çoxmillətli xalqların dostluğunu yaratdı. Böyük Vətən müharibəsi Azərbaycan xalqı üçün də sağalmaz yaralarla başa çatdı. Azərbaycan xalqı SSRİ-nin digər xalqları ilə çiyin-çiyinə alman-faşist işğalçılarına qarşı böyük şücaət, mərdlik, qəhrəmanlıq göstərdi. Müharibənin birinci üç günündə Azərbaycandan 18 minə qədər döyüşçü könüllü olaraq döyüş bölgələrinə yola düşdü. Qısa müddətdə 186 min 704 nəfər xalq qoşunu dəstələrinə yazıldı. Respublikamızın ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edildi. 15 min nəfərlik hava hücumundan müdafiə dəstələri yaradıldı. İlk günlərdən azərbaycanlı döyüşçülər alman-faşist işğalçılarına qarşı vuruşmalarda böyük şücaət göstərdilər. 1941-ci il dekabrın 11-də azərbaycanlılar arasında ilk olaraq İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adı aldı. Azərbaycan xalqının fəxri olan 416, 223 və 77-ci atıcı diviziyalar döyüş sınaqlarından şərəflə çıxdılar. Yüngül toxuculuq və yeyinti sənayesi tamamilə
cəbhə üçün məhsul istehsalına keçdi. Böyük çətinliklərə baxmayaraq, neftçilər fədakarlıqla çalışır, cəbhəni yanacaqla təmin edirdilər. Azərbaycan neftçiləri müharibə illərində ölkəyə 75 milyon tona qədər neft verdilər. Dənizdə, quruda və havada düşmən üzərində Sovet ordusunun üstünlük qazanmasına, sovet zirehli avtomobil və tank qoşunlarının aviasiya birləşmələrinin uğurlu strateji əməliyyatlarında Bakı neftinin, neftçilərinin rolu hədsiz olmuşdur. 1941-1945-ci illərdə respublikamızın 600 mindən çox oğlan və qızları cəbhəyə getdi. Onlardan 10 mindən çoxu qadın idi. Cəbhəyə gedənlərin 250 min nəfəri həlak oldu.
Çoxlu sayda əsgər və zabitlərimiz döyüş ordeni və igidliyə görə medalı ilə təltif olunub, 14 nəfər Şöhrət ordeni kavaleri, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. İkinci dünya müharibəsinin başlanmasından 75 il keçsə də xalqımız hələ də o dəhşətli günləri unutmur. O qanlı-qadalı illərin şahidi olmuş, cəbhələrdə düşmənə qarşı vuruşan veteranlarımıza bu gün dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Vətənini, xalqını, torpağını sevən, bu yolda mərdliklə vuruşanlar həyat durduqca yaşayırlar. Bu müharibə bir daha sübut etdi ki, tarix işğalçı, separatçı və militarist siyasətləri yaşatmır. İstənilən işgalçının taleyinin Hitlerin taleyi kimi olacağı şəksizdir. Biz bu vaxtın şahidi olacağıq. Faşizm üzərində böyük tarixi Qələbədən 80 il keçsə də, nəsillərimiz və tərəqqipərvər bəşəriyyət onu heç vaxt unutmayacaq və ömür xatirələri kimi daim yad edəcək. Sovet xalqı böyük tarixi qələbə qazanaraq bəşəriyyəti qəhvəyi taun xəstəliyindən birdəfəlik xilas etdi və Hitler ordularının məğlubedilməzliyi haqqında geniş yayılmış əfsanəni alt-üst etdi. Lakin bu qələbə heç də asan başa gəlmədi, o, milyon-milyon adamların qanı bahasına, yüz minlərlə şəhid vermiş, döyüşən sovet ordusunu yanacaqla təmin etmiş Azərbaycan xalqının, 130 növ silah ixtira edən Azərbaycan alimlərinin, ön və arxa cəbhələrdə döyüşən və çalışan igid, qəhrəman vətən övladlarının rəşadəti və hünəri bahasına qazanıldı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sözləri ilə desək: “…bumüharibə bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ çıxmağa, misilsiz şücaət və rəşadət nümunələri göstərməyə qadir olan…qəhrəman xalqdır”.
Qələbənin 80 illik yubileyi ilə bağlı bütün dünyada, eləcə də Azərbaycanda hər il olduğu kimi bu il də dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanmışdır. Hər il may ayının 9-da respublikamızın bütün kənd və şəhərlərində, mədəniyyət ocaqlarında, məktəb, muzey və gimnaziyalarda, teatr ocaqlarında, eləcə də kitabxanalarda müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Belə tədbirlərin siyahısı genişdir.
Böyük və uzaqgörən xalqımız, Vətənimiz, dünyanın bütün sülhsevər xalqları, qabaqcıl tərəqqipərvər adamları, demək olar ki, bütün dünyanı dəhşətli fəlakətlərə düçar etmiş faşist Almaniyası üzərində tarixi qələbənin 75 illiyini-9 Mayı böyük və əziz bayram kimi qeyd edirlər. May ayının doqquzu dünya tarixində əlamətdar gündür. Alman-faşist təcavüzkarları tərəfindən törədilən ikinci dünya müharibəsi bütün bəşəriyyət üçün son dərəcə dəhşətli faciə idi. Bu müharibə çox böyük insan kütlələrini amansız silahlı mübarizəyə cəlb etmişdi. Onda 1.700 milyon nəfər əhalisi olan 61 ölkə iştirak edirdi; bu isə Yer kürəsi əhalisinin 80 faizindən çoxunu təşkil edirdi. Altı il davam edən bu müharibə 50 milyon insan həyatının məhvinə səbəb oldu. Tarix heç zaman bu qədər dağıdıcı və ağır müharibə görməmişdi. İkinci dünya müharibəsinin gedişində, 1941-ci il iyunun 22-də Hitler Almaniyasinin Vətənimiz üzərinə qəflətən xaincəsinə basqın etməsi ilə başlanan Böyük Vətən müharibəsi sovet xalqı üçün çox çətin və qanlı, lakin əsl xalq müharibəsi, azadlıq müharibəsi, ən ədalətli müharibə idi. Dünyada elə bir digər ölkə yoxdur ki, o, ümumi qələbə üçün bizim ölkəmiz qədər təlafat və qurbanlar vermiş olsun. Müharibə illərində on milyonlarla sovet adamları həlak oldu. Faşist təcavüzkarlar SSRİ-nin xalq təsərrüfatina çox böyük ziyan vurdular.
Böyük Vətən müharibəsi illərində Sovet Azərbaycanının zəhmətkeşləri də düşmən üzərində qələbəmizi təmin etmək üçün arxada fədakarlıqla çalışdılar, öz namuslu əməkləri ilə Vətənin müdafəsində durdular. Respublikamızın xalq təssərrüfatı müharibə şəraitinə uyğunlaşdırılıb cəbhənin ehtiyacını ödəmək üçün yenidən quruldu. Neft Bakısının bir sıra müəssələri döyüş sursatı, hərbi texnika vasitələri istehsal etməyə başladı. Təkcə 1942- 43-cü illərdə respublikanın zəhmətkeşləri cəbhəyə 220 vaqon hədiyyə, on minlərlə qalın isti geyim şeyləri hazırlayıb göndərdilər. Vətənə kömək məqsədilə Azərbaycanın müdafiə fonduna 200 milyon manatdan çox pul yığıldı. Müharibənin ilk günlərindən respublikamızın on minlərlə vətənpərvər gəncləri əldə silah Vətənin müdafiəsinə gedərək sovet xalqlarının nümayəndələri ilə birlikdə və çiyin-çiyinə qəddar və amansız düşmənə qarşı igidliklə vuruşmağa başladılar. Azərbaycanın igid oğulları, Sovet İttifaqı Qəhrəmanları H.Aslanov, G.Əsədov, M. Hüseynzadə, Q. Məmmədov, İ. Məmmədov, Z. Qəniyeva və başqaları alman-faşist işğalçılarına qarşı vuruşmalarda böyük şöhrət qazandılar, onlar Moskva ətrafındakı vuruşmalarda, Leninqradın müdafiəsində və bir çox qəsəbə, kəndlərdə gedən döyüşlərdə misilsiz qəhrəmanlıq nümunələri göstərdilər.
Yuxarıda qeyd etdiyimiz kimi, Böyük Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının da müstəsna rolu olmuşdur. Böyük Vətən müharibəsinin əfsanəvi qəhrəmanlarından biri də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları genaral-mayoru Həzi Əhəd moğlu Aslanovdur. Həzi Aslanov 1910-cu il yanvar ayının 22-də Lənkəran şəhərində anadan olmuş və gənc yaşlarından o vaxtkı komsomol göndərişi ilə Bakıya gələrək Zaqafqaziya Hərbi Hazırlıq Məktəbində təhsil almışdır. Xarkov, Kiyev hərbi dairələrində xidmət etdiyi ilk illər gənc zabit Həzi Aslanov döyüş və siyasi hazırlığı ilə hamını heyran qoymuş, nümunə göstərmişdir. O vaxtlar “Qafqaz qartalı Həzi Aslanovdan nümunə götürün” sözləri komandirlərin dilindən düşməzdi.
Qeyd etməliyik ki, Azərbaycandan bu müharibədə 122 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycanın hərb tarixi salnaməsinə parlaq səhifələr yazmış Qacarlar sülaləsi, Bakıxanovlar nəsli, Ərəblinskilər, Naxçivanskilər, Mehmandarov və Şıxlinskilər, onlarca digər sərkərdəmiz, hərbi xadimimiz xalqımızın fəxri, şərəfi və ləyaqətidir. Karl Marksın hələ bir əsr bundan əvvəl “Orta əsr Şərqinin ildə bir neçə ölkə fəth edən fatehi” adlandırdığı və artıq 13-14 yaşlarından döyüşlərə qatılan, cəngavərlik edən Şah İsmayıl Xətai bizim hünər rəmzimizdir. Bəli, tarix sübut edir ki, Azərbaycanın mərd ərənlər, böyük sərkərdələr, dünyanı heyrətləndirən cəngavərlər nəsillərini birləşdirən tellər heç vaxt qırılmayıb, zaman-zaman daha da möhkəmlənib, mətinləşib, parlaqlaşıb. Həmin ənənələrə, bu mərdlik və hünər yoluna qadınlarımız da əsrlər boyu sədaqətli olmuşlar. Ulu nənəmiz Tomrisin qəhrəmanlığını davam etdirən təyyarəçi Züleyxa Seyidməmmədova, snayperçi Ziba Qəniyeva, tibb bacısı Səkinə Bayramova, Smolensk-Bryansk ərazilərində fəaliyyət göstərən partizanların sanitar dəstəsinin rəisi Səməd bəy Mehmandarovlar nəslindən olan Aliyə Rüstəmova və onlarca başqaları kimi mərd həcərlərimiz, ərəbzəngilərimiz olmuşdur.
Faşizm insanlığa ölüm gətirən, matəmlər yaradan bir taundur. O, bütün xalqların mədəniyyətini məhv etdiyi kimi, Azərbaycan xalqının da min illik mədəni tarixini məhv etmək istəyindədir. Lakin biz, Nizami Gəncəvi kimi dahi bir şairin sərdabəsini öz köksündə yaşadan ana Vətənimizi faşizm cəlladlarının yanğınlarına verməyəcəyik! Mübarizəmiz çətin və məsuldur. Lakin tarixin mübarizə yolları nə qədər dolaşıq olsa da, bizim gözlərimizə işıq verən azadlıq günəşidir. Bu günəşin şəfəqləri bütün qaranlıqları əridir və bütün qabaqcıl bəşəriyyətə faşizmin pəncəsindən qurtuluş yolu göstərir. Bu böyük müharibədə dünyanın demokratik dövlətləri və qabaqcıl insanları bizim tərəfimizdədirlər. Düşmənin ölüm günləri yaxınlaşır. Qalibiyyət bizimdir, çünki həqiqət bizimdir. Atalarımızın, babalarımızın, əcdadlarımızın qəhrəmanlıq nümunələri hər zaman Azərbaycanımızı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnəkdir.
Rövşən Hüseynov,
Subyekt.az xəbər portalının təsisçi-baş redaktoru
Gundelik.az
