Gundelik.az Dünya Beynin gizli xəritəsi aşkarlandı: Bu xəstəlik artıq simptomlar başlamadan 20 il əvvəl görünə bilir
Dünya Xəbərlər

Beynin gizli xəritəsi aşkarlandı: Bu xəstəlik artıq simptomlar başlamadan 20 il əvvəl görünə bilir

Alzheimer xəstəliyində diaqnoz prosesi köklü şəkildə dəyişir. Artıq xəstəlik simptomlar ortaya çıxmadan illər əvvəl biomarkerlər vasitəsilə aşkar edilə bilir. Bu inkişaf nevrologiyada “erkən müdaxilə” dövrünü başladır.

Alzheimer artıq yalnız yaddaş zəifliyi başlayanda fərq edilən bir xəstəlik olmaqdan çıxır. Qan testləri və yeni biomarkerlər sayəsində risk klinik əlamətlər ortaya çıxmadan 10–20 il əvvəl müəyyən edilə bilir. Elmi dünya bununla birlikdə müalicədən çox xəstəliyi əvvəlcədən proqnozlaşdırmağa yönələn yeni bir mərhələyə daxil olur. Prof. Dr. Osman Müftüoğlu Alzheimer xəstəliyi ilə bağlı son yenilikləri “Sabah”dakı köşə yazısında qeyd edib.

Uzun illər boyu Alzheimer xəstəliyini yalnız yaddaş itkisi başladıqdan sonra diaqnoz edə bilirdik. Halbuki bu gün elm tam fərqli nöqtəyə gəlib. Artıq Alzheimer yalnız klassik yaddaş testləri ilə deyil, beynin biologiyasını göstərən biomarkerlərlə də müəyyən edilir.

Dünyanın aparıcı Alzheimer mütəxəssislərindən Dr. Ronald Petersen-in də vurğuladığı kimi, xəstəliyin beyindəki ilk dəyişiklikləri klinik əlamətlərdən 10–20 il əvvəl başlaya bilər. Amiloid lövhələri, tau zülal yığılması və neyrodegenerasiya əlamətləri insan hələ heç bir yaddaş problemi yaşamadan ortaya çıxa bilər. Buna görə də Alzheimerdə yeni hədəf xəstəlik yarandıqdan sonra müdaxilə etmək deyil, riski mümkün qədər erkən mərhələdə müəyyənləşdirməkdir.

Xüsusilə son illərdə inkişaf etdirilən pTau217, pTau181, GFAP və NfL kimi qan biomarkerləri bu sahədə böyük ümid yaradır. Çünki bu testlər PET görüntüləmə və ya onurğa beyni mayesi analizlərinə nisbətən daha sadə, daha ucuz və daha geniş tətbiq oluna bilən üsullar təqdim edir. Bu gün gəldiyimiz nöqtədə Alzheimerin gələcəyi yalnız nevroloji klinikalarda deyil, profilaktik səhiyyə və uzunömürlülük (longevity) təbabətində formalaşır. Necə ki, infarkt keçirmədən əvvəl xolesterol, damar sağlamlığı və təzyiqə baxılırsa, gələcəkdə də beyin sağlamlığı illər öncədən qiymətləndirilə biləcək.

Əlbəttə, biomarkerlər təkbaşına kifayət deyil. Müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu, Aralıq dənizi tipli qidalanma, sosial əlaqələrin qorunması, təzyiq və qan şəkərinin nəzarətdə saxlanılması hələ də beyni qoruyan ən güclü üsullar arasındadır. Qısası, Alzheimer mübarizəsində yeni dövr başlayıb. Artıq məqsəd yaddaş itkisini gözləmək deyil; riskləri erkən aşkar etmək, beyni daha uzun müddət sağlam saxlamaq və həyat keyfiyyətini qorumaqdır.

Qırmızıkök: Təzyiqi aşağı salan , beyini cavan saxlayan super qida

Qırmızıkök son illərdə super qida kimi ön plana çıxır. Bunun əsas səbəbi tərkibində olan təbii nitratlardır. Bu maddələr orqanizmdə nitrik oksidə çevrilərək damarların genişlənməsinə, qan axınının artmasına və təzyiqin düşməsinə kömək edə bilər.

Xüsusilə idmançılarda performans və dözümlülüyün artması da bu mexanizmlə izah olunur. Qırmızıkök həm də güclü antioksidant olan betalain piqmentləri ilə zəngindir. Qırmızıkökə tünd qırmızı rəng verən bu maddələr oksidativ streslə mübarizəyə kömək edir.

Qaraciyər piylənməsinə qarşı qoruyucu təsir göstərən betain maddəsi ilə yanaşı, qırmızıkök fol turşusu, kalium, maqnezium və lif baxımından da zəngin bir mənbədir. Eyni zamanda nitrik oksid istehsalını artıraraq yaşlanma ilə birlikdə azalan beyin qan dövranını dəstəkləyir və beyin üçün faydalı qidalar arasında yer alır.

Sosial mediada şişirdilən detoks iddiaları doğru olmasa da, qaraciyər və böyrək kimi orqanların fəaliyyətini dəstəklədiyi bir həqiqətdir. Nəticə olaraq, damarlarınızın ən yaxın dostu nitrik oksiddirsə, pancar da ona çalışan ən güclü köməkçidir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version