Ağrı hiss etdikdə çoxumuz diqqətimizi başqa istiqamətə yönəltməyə çalışırıq. Lakin yeni araşdırma bunun əksinə olaraq, ağrıyan nahiyəyə diqqət yetirməyin orqanizmin iltihabi reaksiyasını azalda biləcəyini ortaya qoyub. Alimlərin əldə etdiyi nəticələr beyinlə bədən arasındakı əlaqənin düşündüyümüzdən daha güclü ola biləcəyini göstərir.
Canımız ağrıdıqda diqqətimizi yayındırmaq ilk ağla gələn üsullardan biridir. Ancaq yeni araşdırma göstərib ki, ağrıyan nahiyəyə diqqət yetirmək hətta orqanizmin fiziki reaksiyasını belə dəyişir.
Ağrıya diqqət yetirdikdə onu daha şiddətli hiss edə bilərik.
Diqqətimizi başqa bir şeyə yönəltdikdə isə ağrı daha az hiss olunur. Lakin yeni araşdırma göstərib ki, diqqət yalnız ağrını necə hiss etdiyimizə deyil, orqanizmin immun reaksiyasına da təsir göstərir.
Diqqət immun sisteminə təsir edir
Bar-İlan Universitetinin Azrieli Tibb Fakültəsindən doktor Liron Rozenkrantz və həmkarları diqqətin orqanizmin fiziki reaksiyasına təsirini araşdırmaq üçün üç ayrı təcrübə aparıblar.
İştirakçıların qollarına histamin tərkibli kiçik dəri testi tətbiq olunub. Bu prosedur dəridə yüngül və müvəqqəti iltihablanmaya səbəb olub. Daha sonra iştirakçıların bir qrupundan diqqətlərini birbaşa təsirlənmiş nahiyədəki hisslərə yönəltmələri istənilib.
Digər qrup isə video izləyərək və ya müxtəlif tapşırıqları yerinə yetirərək diqqətini yayındırıb. Tədqiqatçılar növbəti 20 dəqiqə ərzində dəridə yaranan qızartı, şişkinlik və fizioloji dəyişiklikləri izləyiblər.
İltihabi reaksiya diqqətlə birlikdə dəyişib
Nature Human Behaviour jurnalında dərc olunan araşdırmaya görə, bədənlərindəki hisslərə diqqət yetirən insanlarda iltihabi reaksiyanın təxminən 1,5 dəfə daha aşağı olduğu müəyyən edilib.
İştirakçıların təxminən 90 faizində isə diqqət başqa istiqamətə yönəldildikdə orqanizmin reaksiyası daha güclü olub. Araşdırmanın diqqətçəkən məqamı dəyişikliklərin yalnız insanların ağrını necə hiss etməsi ilə məhdudlaşmaması olub.
Dəridəki fiziki iltihablanma səviyyəsində də ölçülə bilən fərqlər aşkarlanıb. Doktor Liron Rozenkrantz bildirib ki, diqqətin iltihablı nahiyəyə yönəldilməsi yalnız insanın hiss etdiyi duyğunu deyil, iltihabi reaksiyanın özünü də dəyişdirir.
Bəs bu necə baş verir?
Tədqiqatçılar iki mümkün mexanizm üzərində dayanırlar. Birinci ehtimala görə, diqqət beynin iltihablı nahiyədən gələn siqnalları emal etmə formasını dəyişir.
İkinci ehtimal isə insan bədənindəki hisslərə diqqət yetirdikdə parasempatik sinir sisteminin daha aktiv olmasıdır.
Xüsusilə iltihabın tənzimlənməsində mühüm rol oynayan vagus sinirinin aktivliyinin artdığı bildirilir. Araşdırmanın nəticələri hər iki mexanizmin təsir göstərə biləcəyinə işarə edir.
Beyin və bədən arasındakı əlaqə düşündüyümüzdən daha güclü olur
Tədqiqatın nəzarət olunan laboratoriya şəraitində və qısa müddətli dəri reaksiyası üzərində aparıldığı vurğulanır.
Bu səbəbdən araşdırma yalnız diqqəti müəyyən bir nahiyəyə yönəltməklə xəstəliklərin, xroniki iltihabın və ya digər sağlamlıq problemlərinin müalicə edilə biləcəyi anlamına gəlmir.
Bu cür təsirlərin gündəlik həyatda və daha uzun müddət ərzində də ortaya çıxıb-çıxmadığını müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.
Bununla belə, əldə olunan nəticələr mühüm bir məqama işarə edir: Diqqətimizi hara yönəltdiyimiz yalnız yaşadığımız hisslərə deyil, orqanizmimizdə baş verən bəzi bioloji proseslərə də təsir göstərir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
