İyul 8, 2026
Baku
Dünya Xəbərlər

BƏƏ : İran ölkəyə 4 raket atdı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ ) ölkədəki hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən atılan 4 raket səbəbilə işə düşdüyünü açıqlayıb.

Milli Fövqəladə Hallar və Böhran İdarəetmə Qurumu “X” hesabında yayımladığı məlumatda “Hava hücumundan müdafiə sistemləri hazırda raket təhlükəsinə qarşı fəaliyyət göstərir” deyə bildirib.

Vətəndaşlara təhlükəsiz yerlərdə qalmaq və rəsmi qurumların göstərişlərini izləmək tövsiyə olunub.

BƏƏ Müdafiə Nazirliyinin açıqlamasına görə, ölkəyə doğru hərəkət edən 4 qanadlı raket müəyyən edilib. Onlardan 3-ü ölkə ərazisinə çatmadan məhv edilib, 1-i isə dənizə düşüb.

Açıqlamada müxtəlif bölgələrdə eşidilən partlayış səslərinin bu müdaxilələr nəticəsində olduğu bildirilib. Vətəndaşlardan yalnız rəsmi mənbələrə güvənmək və təhlükəsizlik qaydalarına əməl etmək xahiş olunub.

Daxili İşlər Nazirliyi də əvvəlcədən mümkün raket təhlükələrinə görə əhaliyə SMS xəbərdarlıqları göndərib.

Neft obyektində yanğın

Fuceyra Media Ofisinin məlumatına görə, Fuceyra Neft Sənaye Bölgəsi İran mənşəli pilotsuz uçuş aparatı ilə hədəf alınıb və nəticədə yanğın baş verib. Yanğının genişlənməsinin qarşısını almaq üçün mülki müdafiə qüvvələri iş aparır.

Universitetlər distant təhsilə keçdi

Ali Təhsil və Elmi Tədqiqat Nazirliyi ölkədə bütün ali təhsil müəssisələrində dərslərin 5–8 may tarixlərində müvəqqəti olaraq onlayn keçiriləcəyini açıqlayıb.

Hava məkanı qismən bağlandı

Hava aviasiya orqanları tərəfindən yayılan NOTAM bildirişinə əsasən, uçuş məlumat bölgəsi 4–11 may tarixlərində qismən bağlanıb. Uçuşlar yalnız xüsusi marşrutlar və dar hava dəhlizləri ilə həyata keçiriləcək.

Qeyd olunub ki, məhdudiyyətlərə baxmayaraq ABŞ-nin istifadə etdiyi Dafra Hava Bazası fəaliyyətini davam etdirəcək, lakin uçuşlar nəzarətli şəkildə həyata keçiriləcək.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az