Oktyabr 1, 2026
Baku
İqtisadiyyat Xəbərlər

“Bank BTB”nin çevrildiyi BOKT də bağlandı

“Bank BTB” ASC-nin təşkilati-hüquqi formasını və adını dəyişdirərək çevrildiyi “T-Kredit” MMC Bank Olmayan Kredit Təşkilatının (BOKT) lisenziyası ləğv edilib.

Bank olmayan kredit təşkilatları haqqında” qanunun 25-ci maddəsinə müvafiq olaraq, “T-Kredit” MMC BOKT-un təqdim etdiyi ərizədən irəli gələrək, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 29 sentyabr 2026-cı il tarixli qərarı ilə, onun 28 iyul 2026-cı il tarixli, BKT-51 nömrəli lisenziya ləğv edilib.

Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda bildirilir.

Qanuna əsasən, BOKT lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.

Xatırladaq ki, “Bank BTB” bu ilin iyun ayında öz təşkilati-hüquqi formasını və adını dəyişdirərək “T-Kredit” BOKT-yə çevrildiyini elan edib. Bundan əvvəl AMB İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarına əsasən, mövcud qanunvericiliyə uyğun şəkildə bankın müraciəti nəzərə alınaraq onun bank olmayan kredit təşkilatı formasında yenidən təşkil edilməsinə razılıq verilib. Bankın aktivləri və öhdəlikləri Azərbaycan Beynəlxalq Bankına ötürülüb.

Çevrilmədən sonra BOKT-yə Vüqar Rəfiyev rəhbər təyin edilib. O, bu təyinatadək bankın Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.

Qeyd ki, “Bank BTB” 2010-cu ildə təsis edilib. Onun nizamnamə kapitalı 71,45 milyon manat olub. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Müşahidə Şurasının sədri Rza Sadiqə, 5,58 %-i isə Tükəzban Mahmudovaya aid olub.