Ağrı bədənin ən mühüm xəbərdarlıq siqnallarından biri hesab olunur. Hər ağrı sadə səbəblərlə əlaqəli olmaya bilər və bəzi hallarda ciddi xəstəliklərin ilk əlaməti ola bilər. Mütəxəssislər ağrının müddətinin və şiddətinin mütləq nəzərə alınmalı olduğunu vurğulayırlar.
Ağrı çox vaxt müvəqqəti və zərərsiz səbəblərdən yaransa da, bəzi hallarda ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Xüsusilə qəfil başlayan, çox şiddətli və uzun müddət davam edən ağrılar orqanizmin verdiyi kritik xəbərdarlıq kimi qiymətləndirilir. Buna görə də ağrının növünü düzgün anlamaq və vaxtında tədbir görmək böyük əhəmiyyət daşıyır.
Anesteziologiya və Reanimatologiya üzrə mütəxəssis dosent Savaş Çömlekin sözlərinə görə, ağrı əksər hallarda gizli qalan bir problemin erkən xəbərçisi ola bilər:
“Erkən diaqnoz xüsusilə xərçəng, damar və sinir sistemi xəstəliklərində həyat qurtarır. Ağrı düşmən deyil, bir mesajdır. Əsas məsələ bu mesajı vaxtında və düzgün oxumaqdır.”
Hansı ağrılar ciddi qəbul edilməlidir?
Aşağıdakı hallarda ağrıya laqeyd yanaşmaq olmaz və dərhal həkimə müraciət etmək lazımdır:
Qəfil başlayan və çox şiddətli ağrılar
Ağrı ilə yanaşı hərarət və ya səbəbi bilinməyən çəki itkisi varsa
Nəfəs darlığı müşahidə olunursa
Qol və ya ayaqlarda keyimə, güc itkisi yaranırsa
Şüur bulanıqlığı baş verirsə
Gecə yuxudan oyadan və keçməyən ağrılar varsa
Bu əlamətlər bədənin ciddi bir xəbərdarlığı ola bilər.
3 ay qaydası nədir?
3 aydan artıq davam edən ağrılar xroniki ağrı kimi qiymətləndirilir. Bunun səbəbi sinir zədələnməsi, uzunmüddətli iltihab prosesləri və ya müxtəlif psixoloji və sosial amillər ola bilər.
Əgər ağrı 1–2 həftə ərzində keçmirsə, getdikcə artırsa və gündəlik həyatınıza mənfi təsir göstərirsə, həkimə müraciəti gecikdirmək olmaz.
Müalicədə yeni üsullar
Xroniki ağrıların müalicəsində artıq müxtəlif müasir üsullardan istifadə olunur. PRP və kök hüceyrə tətbiqləri toxumaların bərpasını dəstəkləyə bilir.
Bəzi hallarda isə sinir blokadaları və radiotezlik ablasiya üsulları ilə ağrı siqnallarının ötürülməsi azaldılır.
Lakin ən vacib yanaşma xəstəyə uyğun, fərdi və çoxşaxəli müalicə planının hazırlanmasıdır.
Ağrının qarşısını almaq üçün nə etmək lazımdır?
Ağrını azaltmaq və qarşısını almaqda gündəlik vərdişlər mühüm rol oynayır:
Həftədə bir neçə gün piyada gəzmək, üzmək, pilates və ya dartınma hərəkətləri etmək
Düzgün duruşu qorumaq, masa arxasında düzgün oturmaq və uzun müddət eyni vəziyyətdə qalmamaq
Tərəvəz, meyvə, tam taxıllar, zülal və kalsiumla zəngin qidalanmaq
Gündə orta hesabla 7–8 saat yatmaq
Stressi idarə etmək və müntəzəm fiziki aktivliyi qorumaq
Qısası, ağrı çox vaxt bədənin sizə verdiyi “dayan və diqqət et” mesajıdır. Vacib olan bu siqnalı vaxtında və düzgün qiymətləndirməkdir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

