Azərbaycanda investisiya mühitinin inkişafı, real sektorun maliyyə mənbələrinə çıxışının genişləndirilməsi və digər vacib məqsədlər üçün “Kapital bazarları” haqqında qanunun qəbul edilməsinə ehtiyac olduğunu həm yazılarımda, həm də müsahibələrimdə dəfələrlə qeyd etmişdim. Bu gün AMB 2025-ci ilin sonunadək “Kapital bazarları” haqqında qanun layihəsinin hökumətə təqdim ediləcəyini açıqlayıb. Hələlik qanun layihəsinin əhatə dairəsi və effektivliyi ilə bağlı konkret fikir bildirmək tezdir. Amma bir məsələ aydındır ki, heç olmayan qanundansa, təkmilləşməyə ehtiyacı olan bir qanun daha yaxşıdır.
Gundelik.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Eldəniz Əmirov öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, təcrübələr istənilən sahədə, hətta ən yaxşı hesab olunan qanunvericilik aktları belə zamanla dəyişən tələblərə uyğun olaraq yenilənməyə, təkmilləşdirilməyə ehtiyac duyulduğunu göstərir: “Ümid edirəm ki, bu qanun layihəsi ölkəmizin maliyyə bazarlarını daha dinamik, rəqabətli və investorlar üçün daha cəlbedici hala gətirəcək. Çünki, bu qanunun şəffaf tətbiq edildiyi ölkələrdə kapital bazarları alternativ maliyyələşmə imkanlarını genişləndirir, real sektor üçün yeni investisiya mənbələri yaradır və iqtisadi artımı stimullaşdırır”.
“Həmçinin bu qanun səffaflıq və hesabatlılığı gücləndirərsə, beynəlxalq iqtisadi inteqrasiyanı sürətlədirər. Nəticədə əsas məqsədə – BXİ cəlbediciliyinin yüksəlişinə nail olunar”, – deyə o qeyd edib.
Gundelik.az
