Avqust 28, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Azərbaycanda 1 milyon 100 min pensiyaçı var

2026-cı il iyulun 1-i vəziyyətinə Azərbaycanda 1 milyon 100 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1 milyon 103,3 min) pensiyaçı qeydiyyatda olub.

Gundelik.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.

Məlumata görə, bu, ölkə əhalisinin 10,7 faizini təşkil edib. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594,4 manat təşkil edib və orta aylıq əməkhaqqının 50,6 faizinə bərabər olub.

2026-cı ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 15,9 min ailəyə 16,4 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 4,5 min nəfərə birdəfəlik müavinətlər verilib.

2026-cı il iyulun 1-i vəziyyətinə 78,9 min aztəminatlı ailənin 349,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 97,9 manat təşkil edib.

Müxtəlif kateqoriyadan olan 405,1 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.