Bu gün İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasndakı iqtisadi və siyasi əlaqələrin daha da möhkəmlənməsi üçün əhəmiyyətli bir mərhələdir. Bu səfər regionda strateji əməkdaşlıq və qarşılıqlı inamın daha da gücləndirilməsi, hər iki tərəfin potensialının artırılması üçün böyük bir fürsət təqdim edir.
Bu sözləri Gundelik.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, İran və Azərbaycanın zəngin tarixi və mədəni əlaqələri xalqlarımız arasında dərin etimad və anlayışın formalaşmasına kömək edir: “İkitərəfli ticarət dövriyyəsi sürətlə artmaqdadır. 2023-cü ildə ticarət dövriyyəsi 500 milyon dollar olub və 33 faiz artaraq 2024-cü ildə 650 milyon dollara yaxınlaşıb.
Azərbaycandan İrana neft-kimya məhsulları, kənd təsərrüfatı və plastik məmulatlar, İrandan isə bizə ərzaq məhsulları və tikinti materialları daha çox daşınıb. Lakin, yarım trilyon dollara yaxın ÜDM-ə sahib və 765 km uzunluğunda sərhəd xətti olan bir ölkə ilə bu ticarət dövriyyəsi potensialdan xeyli azdır.
İranın Azərbaycandakı investisiyaları 370 milyon dolları keçib və bu, sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və ticarət sahələrndə mühüm əməkdaşlığı əhatə edir”.
İqtisadçının sözlərinə görə, Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı ilə iki ölkə arasında dialoqların mərkəzində duran məsələlərdən biridir: “2024-cü ildə bu dəhliz üzrə yükdaşıma 28 faiz, tranzit daşıma isə 23 faiz artıb. Ticarət dövriyyəsində olduğu kimi, bu yükdaşıma üzrə də real rəqəmlər potensialdan çox azdır.
Lakin hesab edirəm ki, Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması, Ağbənd – Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılması və digər dəhliz elementləri üzrə görülən işlər bu istiqamətdə effektivliyi artıra bilər.
Həmçinin Araz çayı üzərindəki su ehtiyatlarının birgə idarə olunması, işğaldan azad edilən ərazilərimizdə fəaliyyətə İran sahibkarlarının maraq göstərməsi digər iqtisadi potensialı da üzə çıxara bilər”.
“Bir məqamı xüsusi qeyd edim ki, 2027-ci ildə Xudafərin körpüsünün yubileyi qeyd ediləcək. Bu, həm Azərbaycan, həm də İran üçün tarixi bir hadisə olacaq. Bu minilliyin şərəfinə böyük bir dövlət tədbiri keçirilə bilər, həmçinin bu, həm ikitərəfli əlaqələr, həm də regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edər”, – deyə E. Əmirov vurğulayıb.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 157,2 milyon ABŞ dolları təşkil edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 22,3 milyon ABŞ dolları və ya 16,5% çoxdur.
Hesabat dövründə İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,30%-i həcmində olub.
Cari ilin yanvar-mart aylarında Azərbaycandan İran İslam Respublikasına 4,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyon ABŞ dolları və ya 50,7% çoxdur.
Eyni zamanda, hesabat dövründə İran İslam Respublikasından Azərbaycana 248,8 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,6 milyon ABŞ dolları və ya 15,7% artım deməkdir.
Gundelik.az

