İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət

Azərbaycan və Vyetnam arasında qarşılıqlı dəstək modeli

6 may 2025-ci il tarixində Prezident İlham Əliyevin Vyetnamın rəsmi informasiya agentliyi olan “Vietnam News Agency”yə verdiyi geniş müsahibə iki ölkə arasında uzunmüddətli dostluq və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinin əyani sübutudur. Bu müsahibə təkcə diplomatik nəzakət çərçivəsində deyil, həm də beynəlxalq əlaqələrin dərinləşdirilməsi baxımından əhəmiyyətli mesajlar daşıyır.
Dövlət rəhbəri İlham Əliyev çıxışında Azərbaycan və Vyetnam arasında tarixi dostluq münasibətlərinə toxunaraq, 1959-cu ildə Vyetnamın lideri Ho Şi Minin Azərbaycana, 1983-cü ildə isə Ulu Öndər Heydər Əliyevin Vyetnama səfərlərini xüsusi qeyd etdi. Bu tarixi zəmin, iki xalq arasında qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələrin əsası kimi qiymətləndirilir.
Bundan əlavə, müsahibədə iqtisadi-ticarət əməkdaşlığı məsələlərinə də geniş yer verildi. Prezident 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 223.93 milyon ABŞ dollarına çatdığını bildirərək bu göstəricinin artırılması üçün geniş potensialın mövcud olduğunu vurğuladı. Neft sektoru, nəqliyyat, energetika və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı üçün konkret addımların atıldığı da qeyd olundu.
Mədəni-humanitar əlaqələrə xüsusi diqqət yetirən Prezident, Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələri – həmçinin məktəb tikintisi və mədəni tədbirləri – xalqlar arasında mənəvi yaxınlığın göstəricisi kimi təqdim etdi. Bakıda keçirilən “Vyetnam günləri” və vyetnam filminin nümayişi bu sahədə atılan uğurlu addımlardan biridir.
Prezident İlham Əliyev müsahibəsində beynəlxalq təşkilatlar çərçivəsində – xüsusilə Qoşulmama Hərəkatı və BMT-də – Azərbaycan və Vyetnamın bir-birini dəstəkləməsinin iki ölkə arasında siyasi həmrəyliyin göstəricisi olduğunu da bildirdi.
Sonda Prezident Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın 7-8 may 2025-ci il tarixlərində Azərbaycana gözlənilən dövlət səfərinin ikitərəfli münasibətlərin yeni mərhələyə keçidində mühüm rol oynayacağını bildirdi.
Qeyd edək ki, bu müsahibə bir daha sübut etdi ki, Azərbaycan və Vyetnam dostluğu təkcə keçmişə söykənmir, eyni zamanda gələcəyə yönəlmiş real və strateji əməkdaşlığa əsaslanır.
Fərid Mustafayev 
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Gundelik.az