Dekabrın 17-də Bakıda Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq Görüşünün 17-ci iclasına start verilib. Görüşdə iki ölkənin müdafiə sahəsində yüksək rütbəli nümayəndələri iştirak edərək ikitərəfli hərbi əməkdaşlığın mövcud vəziyyətini müzakirə edib və onun daha da genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Müdafiə Nazirliyinin məlumatına görə, görüş çərçivəsində Azərbaycanın müdafiə nazirinin müavini və baş direktor Aqil Qurbanov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin ikinci müavini, ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə danışıqlar aparıb.
Aqil Qurbanov Azərbaycan və Türkiyə arasında münasibətlərin bütün sahələrdə, o cümlədən müdafiə sahəsində yüksək səviyyədə olduğunu vurğulayaraq, hərbi əməkdaşlığın daha da dərinləşdirilməsinin hər iki ölkə üçün strateji əhəmiyyət daşıdığını bildirib. Ordu generalı Levent Ergün isə ikitərəfli görüşlərin və birgə fəaliyyətlərin intensivləşdiriləcəyini qeyd edib, təcrübə mübadiləsinin hər iki ölkənin silahlı qüvvələri üçün faydalı olacağını diqqətə çatdırıb.
Müzakirələr zamanı hərbi əməkdaşlığın mövcud mexanizmləri nəzərdən keçirilib, cari təcrübələr qiymətləndirilib və gələcək inkişaf istiqamətləri müəyyən edilib. Dialoqun növbəti mərhələsində alt-işçi qrupları ikitərəfli hərbi münasibətlərin vəziyyətini təhlil edərək, qarşıdakı dövr üçün prioritet vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq Görüşünün 17-ci iclası dekabrın 19-dək davam edəcək. Bu müddət ərzində Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində və Milli Müdafiə Universitetində alt-işçi qruplarının əlavə iclaslarının keçirilməsi nəzərdə tutulur.
Hazırladı: Fəridə Sadıqzadə
Mənbə: Caliber.az
