Sentyabr 11, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb

İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,22 ABŞ dolları və ya 5,49 faiz artaraq bir barel üçün 119,54 ABŞ dollarına çatıb.

Gundelik.az xəbər verir ki, bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.

Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 5,68 ABŞ dolları və ya 5,17 faiz artaraq 115,55 ABŞ dolları təşkil edib.

“Urals” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,67 ABŞ dolları və ya 6,62 faiz artaraq bir barel üçün 91,27 ABŞ dollarına çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 6,05 ABŞ dolları və ya 5,29 faiz artaraq bir barel üçün 120,31 ABŞ dolları olub.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

“Trading Economics”in məlumatına görə, cümə günü xam neftin qiyməti bir barel üçün 103 dollara yaxınlaşıb və həftə ərzində 12%-dən çox artmağa hazırlaşır. Bildirilib ki, bu, iyulun ortalarından bəri ən böyük həftəlik artım ola bilər. “Buna ABŞ və İran arasında gərginləşən münaqişənin qlobal enerji təchizatında uzunmüddətli fasilələrlə bağlı narahatlıqları artırması səbəb olub.

Məlumata görə, ABŞ-nin yüksək vəzifəli rəsmiləri Prezident Donald Trampa müharibənin onun 2029-cu ilin yanvarında başa çatacaq prezidentlik müddətinin sonuna qədər davam edə biləcəyi barədə xəbərdarlıq ediblər.

Eyni zamanda, İran liderlərinin artan iqtisadi xərclərə baxmayaraq mübarizəni davam etdirməkdə qərarlı olduqları bildirilir. Tehran münaqişəni ölkənin mövcudluğuna təhdid kimi qiymətləndirir. İran rəsmiləri həmçinin bildirirlər ki, Tehran raket imkanlarını bərpa edə bilib və Vaşinqton zərbələrini genişləndirəcəyi təqdirdə ABŞ və Körfəz ölkələrinin obyektlərinə hücumları daha da intensivləşdirə bilər.

Son iki həftə ərzində döyüşlər daha da şiddətlənib. ABŞ İranın neft tankerlərini hədəfə alarkən, İran Fars körfəzində ABŞ hərbi gəmilərinə və tankerlərinə, həmçinin qonşu ölkələrdəki Amerika obyektlərinə raket zərbələri endirib”, – məlumatda qeyd edilib.