İyul 8, 2026
Baku
Ədəbiyyat Tarixdə bu gün

 Azərbaycan mətbuatının məşəli- Zərdabi

      Hər hansı ölkə ilə işgüzar, iqtisadi münasibətlər qurmazdan əvvəl onun hansı dəyərlərə sahib olduğunu anlamağa çalışırsan. Maddi dəyərlərini araşdırmazdan əvvəl həmin ölkənin milli-mənəvi dəyərlərini qiymətləndirirsən. Hər dəfə də əmin olursan ki, maddi dəyərlər yalnız tutarlı, zəngin ənənəli milli-mənəvi dəyərlər mövcud olduğu halda mümkündür. Əsrlər boyunca Azərbaycanın müdrik oğulları qeyri-maddi, mənəvi dəyərlərin yaradılması üçün yorulmadan, əzmlə çalışıb. Bu gün müasir cəmiyyəti mətbuatsız, mədəniyyətsiz, təhsilsiz, iqtisadi və siyasi nailiyyətlər olmadan təsəvvür etmirik. İstər mədəni, istər işgüzar münasibətlərin qurulmasında biz o ənənələrə söykənirik. Arxalandığımız bu kimi keyfiyyətləri qorumaq, onların təbliğ olunmasını, unudulmamasını təmin etmək bizim vətəndaş borcumuzdur. Vaxtılə milli dəyərlər yaradanlar indi artıq özləri Azərbaycanın milli dəyərinə çevrilib. Hesab edirəm ki, ölkənin maddi dəyərlərinin yaradılmasında iştirak edənlər hər şeydən əvvəl milli dəyərləri yaradan insanları xatırlamalı, onların tanıdılmasına və təbliğ olunmasına dəstək göstərməlidir. Onlar sübut etdi ki, maddi dəyərlər tükənə bilər, mənəvi dəyərlər isə əsla! Xoşbəxtlikdən bu tendensiya ölkə rəhbərliyi tərəfindən hər zaman önə çəkilir və aşılanır. Dahi şəxsiyyət Həsən bəy Zərdabi Azərbaycan xalqının ilk ali təhsilli müəllimi, milli teatrın və milli mətbuatın qurucusu, xeyriyyə cəmiyyətinin banisi, millətin mənəvi atası, ensiklopedik biliyə malik, müsəlman dünyasının ilk təbiətşünas alimi kimi yaddaşlarda həkk olacaq.

       Həsən bəy Zərdabi (Məlikov) 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, sonra Şamaxı şəhər məktəbində oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır. 1861-ci ildə Moskva Universitetinə imtahansız daxil olmuş, dörd il sonra həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılması qərarı qəbul edilmişdir. Lakin vətəninə olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu onu Azərbaycana çəkib gətirmişdir. Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləmiş, daha sonra 1869-cu ildə Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başlamışdır. Mütərəqqi fikirlərinə görə dəfələrlə təqib edildiyindən müəllimlikdən əl çəkmiş, xalqı üçün geniş mədəni tədbirlər həyata keçirmək uğrunda fəaliyyətə başlamışdır. Vaxtilə evlərində keçirilən şeir və musiqi həvəskarlarının məclisləri onda dərin iz buraxmışdır. Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramaturqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M.F.Axundovun “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyaları tamaşaya qoyulmuşdur. O, zəhmətkeş kütlələrin xoşbəxtlik və tərəqqisini elmdə görmüş, elmin, təhsilin həyatla əlaqəsinə böyük əhəmiyyət vermişdir. Həsən bəy Zərdabi geniş ictimai fəaliyyət göstərmiş, N.Nərimanov ilə birlikdə 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilmiş birinci qurultayının işində yaxından iştirak etmişdir. Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət vermiş, 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərmişdir. Gündəlik həyatında və işində xalqla sıx bağlı olmuş, asudə vaxtlarını xalq arasında keçirmiş, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirmişdir. Apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdır. Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatın yaranması zərurətini doğurmuşdur. Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etmişdir. Bununla əlaqədar o İstanbuldan hürufat gətirtdirmiş və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olmuşdur. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. “Əkinçi” qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunmuşdur. Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdur. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra bilirdilər. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikirlərin səslənməsi Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi. İlk mətbu orqan kimi “Əkinçi” öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şerlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi. Təbii ki, bu cür demokratik məqalələrindən sonra çarizmin diqtəsi ilə özlərini “ziyalı” sayan bəzi üzdəniraq insanlar yerbəyerdən “Əkinçi” nin üzərinə hucuma keçdilər. 1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan “Əkinçi” realist Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi. 1880-ci ildən etibarən Həsən bəy Zərdabi doğma kəndi Zərdabda yaşamışdır. O, kənd təsərrüfatı sahəsində kəndlilərə məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq, o yenə də mətbuatda fəal iştirak edirdi. 1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.

      Həsən bəy Zərdabi 1875-ci ildə “Əkinçi” qəzetinin 1,4,8-ci, 1876-cı ildə 26-cı saylarında və 1899-cu il “Kaspi” qəzetinin 172-ci sayında tоrpaqşünaslığın əsas müddəaları və əkinçilik mədəniyyəti haqqında ətraflı məlumatlar vermişdir, tоrpağın xışla deyil, kоtanla şumlanmasını təklif etmişdir. Həyatının son illərində Həsən bəy Zərdabi Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq etmişdir. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də o olmuşdur. Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic olmuş və 1907-ci il noyabr ayının 28-də vəfat etmişdir. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılmış, mərhumun sümükləri bir neçə il evdə ailəsinin yanında qalmışdır. 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunmuşdur. Azərbaycan Təbiət Tarixi Muzeyi Həsən bəy Zərdabinin adını daşıyır.

       Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdur. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra bilirdilər. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikirlərin səslənməsi Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi. İlk mətbu orqan kimi “Əkinçi” öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şeirlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi. Müasirləri böyük Azərbaycan ziyalısı və müəllimi, milli mətbuat və teatrımızın banisi, vətənimizdə qadın təhsilinin ilk carçılarından biri olan Həsən bəy Zərdabinin (1842-1907) millət yolundakı tarixi xidmətlərini yüksək qiymətləndirərək onu “Qafqaz müsəlmanlarının atası”, “Zaqafqaziya müsəlman ziyalılarının müəllimi və mənəvi atası”, “Zaqafqaziya müsəlmanlarının milli oyanışının ilk bələdçisi”, “Müsəlmanlar arasında Avropa təhsili alan ilk azərbaycanlı” kimi epitetlərlə təqdir etmişdilər. Bu, səbəbsiz deyildi. Çünki bu böyük insan şüurlu həyatının 40 ildən çoxunu dayanmadan, usanmadan, yorulmadan doğma xalqının maariflənməsi, mədəni xalqlar səviyyəsinə yüksəlməsi, ana dilində çağdaş dünyəvi təhsil ocaqlarının yaradılması, milli ziyalıların yetişdirilməsi işinə həsr etmişdi. “Maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur” deyən böyük maarifçi inkişaf etmiş millətlər arasında doğma millətinin də imzasını görmək arzusu ilə ürəyini məşəl edib, xalqının elm, maarif, təhsil yolunu işıqlandırmışdı. Yandırdığı maarif məşəlini ömrünün sonunadək əlindən yerə qoymamışdı. Qəlbinin hərarətini, gözünün nurunu bu müqəddəs amalın gerçəkləşməsinə həsr etmiş, bu yolda ömrünü şam kimi əritməkdən çəkinməmişdi. Hələ sağlığında özünün maarifçilik ideyalarının gerçəkləşməsinin simvolu olan Azərbaycan ziyalılarının böyük ordusunu görmək sevincini də yaşamaq qismətinə nail olmuşdu. Ömrünün son günlərində-dili söz, əli qələm tutmayan anlarında belə uğrunda çalışdığı müqəddəs amalı-millətinin maariflənməsi işini öz şəxsi həyatından uca tutaraq belə bir vəsiyyət etmişdi: “Sizdən xahiş edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar (azərbaycanlılar) arasında savad yayan cəmiyyətə verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olardı…”

    Azərbaycan xalqının mədəniyyət tarixinə görkəmli şəxsiyyət kimi daxil olan Həsən bəy Zərdabi 40 ildən artıq bir dövr ərzində öz xalqının səadəti və tərəqqisi uğrunda yorulmaq bilmədən əzmlə mübarizə aparmışdır. Həyatının mənasını xalqın səadəti uğrunda mübarizədə görən Zərdabi zəngin və çoxcəhətli həyat yolu keçmişdir. Bu böyük mübariz elm fədaisi öz qarşısında Azərbaycan xalqını cəhalət və avamlıqdan xilas etmək kimi nəcib bir məqsəd qoymuşdu və bunun üçün maarifi əsas vasitə seçmişdi. Mövhumat və orta əsr geriliyinin hökm sürdüyü, xalqımızın çəhalət və zülmət içərisində boğulduğu bir dövrdə Zərdabi ilk maarif məşəlini yandıranlardan biri olmuş və ömrünün axırınadək bu məşəli əlindən yerə qoymamışdır.  “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”-deyən Zərdabinin bütün həyatı xalqın maariflənməsi işi ilə bağlı olmuşdur. O, haqlı olaraq, Azərbaycanda ana dilində təhsilin, qadın təhsilinin Azərbaycan teatrı və mətbuatının banisi hesab edilir. Həsən bəy Zərdabinin 1875-1877-ci illərdə olmazın çətinliklər bahasına nəşr etdiyi  “Əkinçi” qəzetinin  xalqımızın həyatında oynadığı bu rolu, keçən əsrin 50-60-cı illərində “Kolokol” qəzeti və “Sovremennik” məcmuəsinin rus həyatında oynadığı mütərəqqi rolla müqayisə etmək  olar. “Əkinçi” qəzetinin   nəşri xalqımızın mədəni tərəqqisində irəliyə doğru atılan mühüm bir addım idi. Həsən bəy Zərdabi qəzetin vəzifələrindən bəhs edərək, onun ilk nömrələrində yazmışdır: “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Yəni o vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə onların hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan, xalqı aynada görən kimi görsün.” “Əkinçi” qəzeti öz nəşri illərində bu vəzifələri layiqincə yerinə yetirmişdir. Az bir vaxtda o, Azərbaycanda qabaqcıl ideyaların carçısına çevrilmişdir. “Əkinçi” qəzeti ətrafına toplanmış mütərəqqi ziyalılar-maarifpərvər şair Seyid Əzim Şirvani, dramaturq Nəcəf Bəy Vəzirov, Əhsənül-Qəvvaid,  Əsgər ağa Görani və başqaları mürtəce qüvvələrə qarşı cəhalət və zülmətə qarşı, avamlıq, gerilik, mühafizəkarlığa qarşı kəskin mübarizə aparmışlar. “Əkinçi” qəzeti yerli feodalların təhriki və müstəmləkəçi çar məmurlarının təkidi ilə bağlandığından sonra da Həsən bəy Zərdabi öz qızğın maarifçilik fəaliyyətini davam etdirmişdir. O, “Ziya”, (“Ziyayi-Qafqaz”), Tiflisdə çıxan “Qafqaz”,  “Novoye obozreniye”, Bakıda nəşr olunan “Kaspi” və başqa qəzetlərə müntəzəm surətdə məqalələr yazaraq, bir tərəfdən kəndliləri “zəli kimi soran” qolçomaqları, kəndxudaları, kəndlilərin avamlığından istifadə edib onları aldadan və amansız surətdə istismar edən mollaları, müridləri, şeyxləri, rüşvətxor çar məmurlarını və başqa çəhalətpərəstləri özünə məxsus bir cəsarətlə ifşa etmiş, digər tərəfdən kəndlilərə öz hüquqlarını başa düşməyə, hər cür zülmə müti qul kimi dözməməyə, istismarçılığa qarşı müqavimət göstərməyə çağırmışdır.

        Həsən bəy Zərdabinin dünyagörüşünün xarakteri, onun ideya irsi, içtimai fikir, təbiətşünaslıq sahəsindəki xidmətləri, çoxcəhətli əməli fəaliyyəti haqqında geniş danışmaq mümkündür. Lakin mən onun bu gün belə öz təravətini itirməyən vətənpərvərlik ideyaları barədə bir neçə söz demək istərdim. Həsən bəy Zərdabi öz vətənini, öz xalqını tükənməz bir məhəbbətlə sevən içtimai xadim idi. O, bütün ziyalıların, həqiqi vətənpərvərlərin əsas vəzifəsini xalqı qəflət yuxusundan oyatmaqda, elmi, maarifi xalq arasında geniş yaymaqda görürdü. O, gənclərə müraciət edərək onları vətəninin, xalqın səadəti və maariflənməsi uğrunda mübarizə aparmağa və bu işdə heç kəsdən qorxmamağa, hər cür çətinliyə sinə gərməyə çağırırdı. Vətənpərvərlik ideyaları Zərdabinin əsərlərinin ana xəttini təşkil edir. O, xalqın, vətənin səadəti uğrunda mübarizəni ən yüksək əxlaqi vəzifə səviyyəsinə qaldırmış və onu əxlaqi hərəkətinin meyarı kimi qiymətləndirmişdir. Onun nəzərində vətənini, xalqını, ürəkdən sevməyən, vətənin tərəqqisi ilə maraqlanmayan adamları, sözün əsil mənasında insan hesab etmək olmaz. Eyni zamanda Zərdabinin əsərlərində vətənpərvərlik sadəcə olaraq vətəni və xalqı sevməklə məhdud edilmir. Zərdabinin vətənpərvərliyi mücərrəd vətənpərvərlik olmayıb, əməli fəaliyyətlə bilavasitə bağlı olan vətənpərvərlikdir. Zərdabi həqiqi vətənpərliyi saxta, yalançı vətənpərvərlikdən ayırmağı təkidlə tələb etmişdir. Onun nəzərincə vətənpərvərlik yalnız “boğazdan yuxarı” dildə vətəni sevməkdən ibarət olmayıb, insana daxilən xas olan həqiqi vətənpərvərlik olmalıdır. Zərdabinin şərhində vətənə məhəbbət, onun tərəqqisi uğrunda mübarizə təmənnasız olmamalıdır. Sözdə vətənpərvərlikdən, milləti, xalqı sevmədən dəm vurub, lazım gələndə öz şəxsi mənfəəti üçün xalqın mənafeyini qurban verənləri Zərdabi ən alçaq xainlər adlandırmışdır. Həsən bəy Zərdabi qəti surətdə əmin idi ki, xalq heç  bir zaman öz ləyaqətli oğul və qızlarını unutmur və xalıqın səadəti uğrunda sərf olunan əmək heç bir zaman hədər getmir. Həsən bəy Zərdabi ilk növbədə xalq maarifi kimi ciddi bir problemin şərh olunmasında dövrünün qabaqcıl ziyalılardan istifadə etməli idi. Təsadüfü deyil ki, o, yenə də qəzetin birinci ilində çıxan 8-ci nömrəsində Rusiyada, həmçinin Bakıda açılan təzə məktəblər, oxumaq istəyənlərin sayca çoxalması və təhsil alanların milliyətcə qeyri-müsənasibliyindən danışan məqaləsinin bir yerində yazırdı:  “Ey müsəlmanlar, mürvətdirmi ki, tamam dünya bizim qonşularımız ilə belə təhsil etməyə belə səy etsinlər ki, zindəganlıq cəngində düşmənə fayiq gəlsinlər, amma bizlər: allahdan buyruq, ağzıma quyruq”- deyib duraq! Ey müsəlmanların millət təəccübü çəkən kəsləri! Bir açız gözünüzü, dünyaya tamaşa edin…”  Qəzetdə bir xalqın başqa xalqlar arasında nüfuz və hörmət qazanması üçün elm və təhsilin həlledici əhəmiyyəti izah edilir. Maraqlıdır ki, qəzetin həmin nömrəsində yeni üsulu məktəb əleyhdarlarını rüsvay edən Nəcəf Bəy Vəzirovun məqaləsi, Seyid Əzim Şirvaninin şeiri də çıxmışdır. Seyid Əzimin şeirində deyilirdi:

                             Vermədi yazdığı pulu

                                                     hüzzar,

                              Hamı iqrarın etdilər inkar.

                              Dedilər: “neylirik biz

                                                     uşqolanı,

                              Hər nə tövr ilə olsa el dolanı.

                              Nə üçün biz verək  bu barədə

                                                      pul,

                           Bizə bundan nə xeyir olur məhsul …”.

      Həsən bəy Zərdabi alovlu bir  maarifpərvər kimi Azərbaycan dilinə xor baxanlara, “mənim müsəlman savadım yoxdur” – deyə sadə xalq danışıq dilini məsxərəyə qoyanlara qarşı öz qınından çıxıb, qınını bəyənməyən ibarəbazlar əleyhinə ciddi mübarizə aparırdı. Doğma ana dilinə dərin məhəbbət bəsləyən və onun təmizliyini qoruyub müdafiə edən H. Zərdabi xalqın başa düşəcəyi bir dildə, sadə ana dilində yazırdı. Beləliklə, “Əkinçi” qaldırdığı bütün məsələlərə, o cümlədən xalq maarifi məsələlərinə geniş zəhmətkeş kütlələrin mənafeyi baxımından yanaşmışdır. “Əkinçi” mövhumat və fanatizm hökmranlığı üzərində şimşək kimi parladı, amma tez söndü. Lakin qəzetin səpdiyi maarif toxumları  sonralar, XX əsrinin əvvəllərindən sürətlə çücərib boy atdı. “Əkinçi” nin xələfləri qəzetin xalq maarifi və s. sahələrindəki ənənələri öz mübarizələrində davam və inkişaf etdirdilər. Həsən bəy Zərdabi xalq sənəti, xalq yaradıcılığı, onun bədii, estetik, məfkurəvi əhəmiyyəti haqqında çox qiymətli fikirlər söyləmişdir. Müəyyən bir sistem təşkil edən bu fikirlərin azəri folklorşünaslığı elminin tarixində mühüm yeri və mövqeyi vardır. Həsən bəy Zərdabi bizim üçün kimdir?.. XIX əsrin böyük azərbaycanlısı. “Əkinçi” qəzetinin adı təsadüfi seçilməmişdi. Bu adın yalnız qəzetin aqrar istiqamətini müəyyənləşdirdiyini düşünmək sadəlövhlük olardı. “Əkinçi” sözünün altında böyük rəmzi məna, geniş və əhatəli fəaliyyət proqramı gizlənirdi. Təkçə Azərbaycan kəndlisini daha yaxşı, daha səmərəli işləməyə öyrətmək yox, həm də onun ürəyinə, şüuruna  maarif toxumu səpmək lazım idi. Təkcə “süddən yağ qayırmağı” öyrətmək yox, həm də bir millət kimi birləşə bilmək təcrübəsini aşılamaq lazım idi.  Bir sözlə, maarif, mədəniyyət əkinçisi üçün ən böyük meydan şüurunu fanatizm, cəhalət və laqeyidliyin alaq otları basmış geniş kütlə idi. Zərdabi özü Azərbaycan mədəniyyəti tarixində belə bir Əkinçi oldu. Onun 1875-ci ildən başlayaraq səpdiyi maarif toxumları çüçərərək “Kəşkül” ü və “Şərqi-rus” u yaratdı, qanlı-qadalı 1905-ci ildə xalq üçün “Həyat” a və “İrşad”a çevrildi. “Molla Nəsrəddin” i ərsəyə gətirdi. “Füyuzat” oldu. Böyük əkinçi-Zərdabi hələ öz sağlığında yorulmaz fəaliyyətinin ilk bəhrələrini gördü. Onun fikirlərinin davamçısı olan azyaşlı, lakin cəsur, iradəli maarifpərvərlər ordusunun bir zamanlar təkbaşına başladığı işi necə əzəmətlə davam etdirdiyinin şahidi oldu. Həsən bəy Zərdabi bütün həyatı və əməlləri ilə sübut etdi ki, tək əldən də səs çıxar, təki bu əl xalqa doğru uzanmış olsun!

1875-ci ilin iyul ayının 22-də  “Əkinci” qəzeti nəşrə başladı. Təbiətşünas alim, yorulmaz maarifpərvər Həsən bəy Zərdabi həmin qəzeti nəşr etdirməklə Azərbaycan  demokratik mətbuatının bünövrəsini qoydu və “Əkinci” Azərbaycanda içtimai fikrin canlanmasına təkan verdi. H.Zərdabi nəşr etdirdiyi qəzetin adını “Əkinci” qoysa da, orada qabaqcıl mütərəqqi ideyalar təbliğ olunurdu. Azərbaycan xalqının ana dilində oxuması çox əlamətdar bir hadisə idi. “Əkinci” də öz növbəsində ana dilinin saflığı, zənginləşməsi uğrunda mübarizə aparırdı. Həsən bəy Zərdabi öz həyatı boyu, eləcə də qəzetin səhifələrindəki yazı ilə xalqa fayda verən işlərlə məşğul olmağı əsas vəzifə hesab edir, Azərbaycanda peşəkar teatrın bünövrəsini qoymaq, xeyriyyə cəmiyyətini açmaq Bakı Realnı Məktəbində müəllimlik  və maarifçiliyi inkişaf etdirmək, rus məktəbində əməkdaşlıq etmək və s. ilə məşğul olurdu. O, əməkçi xalqa, onun tərəqqisinə və mübarizəsinə xidmət edən, zülmə, haqsızlığa, rəzalətə qarşı və ümumiyyətlə, xalqı cəhalətdə saxlayan, onun inkişafına maneəçilik törədən hər bir şeyə qarşı mübarizə aparan mətbuatın tərəfdarı idi. XIX əsr  Azərbaycan içtimai fikri, mətbuatı, ədəbiyyatı və dilinin, həmçinin təbiətşünaslıq elminin tarixini öyrənmək üçün “Əkinci” çox böyük və mühüm bir mənbə idi. Qəzetin “Daxiliyyə”, “Elm xəbərləri”, “Mətbuat”, “Əkin və  ziraət  xəbərləri” və “Əfhali-əhli-dehat” bölmələrində faktlara əsaslanan çox qiymətli yazılar dərc olunurdu. Həsən bəy müxtəlif rublikalar altında verilən qəzet materiallarında özünün və əqidə dostlarının S.Ə.Şirvani, Əliməmməd Abdulzadə, Əhsənül Qəvaid, Məhbus Dərbəndi, Məmnun Əlgədarı, N.B.Vəzirov, Əsgər Gorani və başqalarının mütərəqqi fikirlərini yayır və məqsədinə nail olmaq üçün müxtəlif formalardan bacarıqla istifadə edirdi. Hər bir sahədən oxuculara bilik və məlumat verməyə, həmvətənlərində savad ehtiyatı yaratmağa səy göstərirdi. “Əkinci” yə nəzər salarkən onun içtimai, iqtisadi, elmi, mədəni işi sırf əməli və maarifləndirici işlə bir yerdə paralel surətdə aparılmasının canlı şahidi oluruq. Qəzetin səhifələrində dərc olunan yazıların əksəriyyətində yeni tipli mədəniyyət yaradılması məsələləri – qədim ədəbiyyat, incəsənət, dil, pedaqogika, dərslik, tərcümə, kitab nəşri, kitabxana, məktəb və s. əsas yerlərdən birini tutur. Eyni zamanda kiçikyaşlı məktəb uşaqlarına dərslik əvəzinə “Leyli və Məcnun”, “Min bir gecə”, “Pişik və siçan” kimi əsərlərlə onların mütailə dairəsinin məhdudlaşdırılması məzəmmət və tənqid edilirdi. Qəzet-pedoqoji meyllərin təbliği ilə yanaşı məktəb, təlim-tərbiyə məsəlləri ətrafında mübahisə və müzakirələrindən də çəkinmirdi. H.Zərdabi 1876-cı ildə dərc etdirdiyi bir məqaləsində Bakıda klub açmaq, qiraət üçün kitab və qəzet gətirmək, Azərbaycan dilində  elmi kitablar hazırlayıb çap etmək məqsədi ilə xüsusi bir cəmiyyət düzəldilməsi məsələsini irəli sürürdü. “Elmi xəbərlər” bölməsində dərc olunan yazılar, əsasən maarifləndirici məqsəd daşıyırdı. O zaman Bakıya gəlmiş bir fransız jurnalisti H. Zərdabi ilə söhbətində  belə demişdi:  “Doğrusu siz əsl qəhrəmansınız! Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən adam tapmaq olmazdı. Sizin qüvvətinizə heyran edirəm. Belə məlum olur ki, siz öz xalqınızı çox istəyirsiniz. Zərdabi “Əkinci” vasitəsilə  Azərbaycan ellərinə maarif işığı saçacağı günləri düşünür və bu məqsədlə yorulmadan çalışırdı. Bununla bağlı suallara isə “at ölüncə otlar” deyə cavab verirdi. Qəzetin 1875-ci ilin 6-cı nömrəsində S.Ə.Şirvaninin imzasız dərc edilmiş bir qəzəlində Həsən bəy Zərdabinin zəkalı bir şəxs olaraq zəmanəsində meydana çıxması və xalqı bu zəlalətdən qurtarmağa çalışmasından bəhs edilirdi:

           Həzəran, şükr kim, bir

                    şəxsi-aliqədr hümmətdən

           Qəzet bünyadıma Rusiyyədə

                     izn adlı dövlətdən

             Məlikzadə Həsən bəy

                    arifi-dünya  Zərdabi

             Götürdü əhli-islami bu

                     gün xaki-məzəllətdən

             Zəbani-türk ilə ağah

                      eylər əhli-Qafqazi

             Gəhi tazə xəbərlərdən,

                       gəh asari-hökümətdən

             Olub sövdagəri-xeyir ol

                       mükərrəm əhli-islami

             Xəbərdar eylədi hər nəfü

                       hər kəsbü ticarətdən…

“Əkinci”nin ilk nömrələrindən Həsən bəy Zərdabi dad-fəryad edirdi ki, milləti-islami qəflət yuxusundan oyatsın və ayılanlıar da qeyrilərini qəflət yuxusundan ayıltsınlar. Bu yol, bu qayə “Əkinci”nin əsas amalı olmuşdur.  “Əkinci” Həsən bəy Zərdabinin ümidi, ən çox sevdiyi “övladı” idi. O, bu qəzeti uzun müddət yaşatmağa və orada ən vacib məqalələrini dərc etməyə ümid bəsləyirdi. Lakin irtica onun arzusunu ürəyində qoydu. Son dərəcə ağır məşəqqətlər üzündən 1877-ci il sentyabrın 29-da “Əkinci” qəzeti öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan əbədiyyatı və mətbuatının bütün qabaqcıl xadimləri “Əkinci” qəzetinin bağlanmasından xeyli sonra da onun aktuallığını itirməyən demokratik-maarifçi ideyalarına yiyələnməyi və onları yaşadıb inkişaf etdirməyi özlərinə borc bilirdilər. Bunun ən parlaq nümunəsi məşhur “Molla Nəsrəddin” jurnalının və molla nəsrəddinçilərin “Əkinci” qəzeti və həmin qəzetin əsas müəllifləri ilə ideya-varislik əlaqəsidir. Həsən bəy Zərdabi qəzetin bağlanması ərəfəsində haray çəkərək “Əkinci” işığının sönməkdə olduğunu bildirir və onun xilası üçün xalqdan imdad diləyirdi. Bu Həsən bəyin “Əkinci” qəzeti ilə bağlı son fəryadı idi.

Diqqəti cəlb edən cəhətlərdən biri qəzetin səhifələrində şöbələrin yerinin sabit və ardıcıl olması idi. “Əkinçi” nin nəşri boyu şöbələr aşağıdakı ardıcıllıqla verilmişdir:

  1. Daxiliyyə.
  2. Əkin və ziraət xəbərləri (sonralar “Əfali-əhli-dəhat”).
  3. Məktub.
  4. Elm xəbərləri.
  5. Təzə xəbərlər.

             Həsən bəy Məlikov hər zaman elmə, təhsilə xüsusi bağlılığı ilə hər zaman fərqlənmişdir. Bu məhəbbət ona göstərilən ətraf təzyiqlərə baxmayaraq, təhsilini davam etdirməkdə müsbət təsir göstərmişdir. Onun elmi əsərləri sırasında təbiətlə, təbiətşünaslıqla bağlı təbiət və harmoniyasını təcəssüm etdirən “Torpaq, su və hava”, “Qan nə dövr bədəndə dövr edir?”, “İnsanın bədəninin hissələri”, “Xörək yemək, su içmək” və b. əsərləri öz zamanına görə təbiətşünaslıq elminə  görə, xüsusilə Azərbaycan təbiətşünaslığına mühüm töhfə olmuşdur. Ona görə də Azərbaycan alimləri, tədqiqatçıları Heydər Hüseynov, Ziyəddin Göyüşov, Mirəli Axundov, Məhəmmədəmin Əfəndiyev, İzzət Rüstəmov onun yaradıcılığını monoqrafiyalar səviyyəsində tədqiq etmişlər. Azərbaycanın məşhur simaları Mirzə İbrahimov, Feyzulla Qasımzadə, Kamal Talıbzadə, Abbas Zamanov tərəfindən Zərdabinin həyat və yaradıcılığına  qiymətli əsərlər həsr olunmuş, o, həm görkəmli tədqiqatçı alim, həm də maarifpərvər xadim kimi tədqiq edilmişdir. Tədqiqatlardan öyrənirik ki, “Əkinçi” qəzetinin dövriyəyə buraxıldığı ideyalar milləti oyadır, çalxalayır, qütübləşmədə elmi üstünlüklərinə rəvac verirdi. Həsən bəyin “Torpaq, su və hava” əsəri bu cəhətdən mühüm təsir bağışlayır. Xalqı cəhalətdən qoparmaq, onu təbiətşünaslıq elminin ixtiyarına vermək çox müşkül məsələ idi. Həsən bəy belə bir zamanda 1905-ci ildə “Həyat” qəzetində “Torpaq, su və hava” əsərini, digər elmi-təbiətşünaslıq məqalələrini çap etdirdi. O, torpağın, Yer kürəsinin yaranmasının təbii şəraitlə bağlı elmi, təkamül nəzəriyyəsindən yararlanaraq, Yerin, cansızların, canlıların yaranmasının elmi-tarixi izahını verir, təkamül amilini önə çəkərkən həm dünya, həm rus elminin nailiyyətlərindən bəhrələnirdi. Bununla yanaşı, Həsən bəy təbiət elminin böyük alimlərinin əsərlərindən irəli gələn nəticələri və özünün elmi baxışlarını sadə və məntiqi dillə inandırıcı şəkildə oxuculara çatdırırdı. Suyun əmələ gəlməsi, qitələrin, torpağın yaranması, dəryalar, cəzirələr (adalar) haqqında müfəssəl məlumat verirdi. Dalğaların əmələ gəlməsi, zəlzələlər və vulkanlar, uçqunlar və daşqınlar haqqında maraqlı araşdırmalar aparırdı. Təbətşünas alim Həsən bəy Zərdabi “Zaqafqaziya çöllərində meşə salınması” məqaləsində yaşıllığın artmasının iqlimə, havaya müsbət təsirini əsaslandırır və qeyd edirdi ki, Yerin iqliminin dəyişməsi müxtəlif səbəblərdən asılıdır, burada mühüm  rolu bitki örtüyü oynayır. Həsən bəy sanki iki yüz il bundan əvvəl ekologiyamızda bugünkü vəziyyəti  görür, insanların təbiətdən harmonik və ölçü-biçili istifadəsinin istiqamətlərini müəyyənləşdirirdi. Həsən bəyin bu və digər təbiət hadisələri ilə bağlı narahatlığını təbiətin böyük dostu fədakar alim, akademik Həsən Əliyev qələmi və əməli ilə bölüşmüşdür. İki böyük mütəfəkkir, iki yorulmaz alim, iki Həsən-biri keçən əsrin əvvəlində, digəri sonunda-təbiətimizin, ekalogiyamızın mübariz qoruyucuları və tədqiqatçıları olmuşdur. “Əkinçi” dən başlayan “Ziya”, “Kəşkül”, “Həyat”, “Kaspi”,  “Novoye obozreniya”,  “Dəbistan”, “Məktəb”, kimi qəzet, və jurnallar vasitəsilə mübarizə aparan bu dahi insanın ruhu Azərbaycan təbiətinin canlanması, qorunması, zənginləşməsi ilə rahatlıq tapacaq.

      1875-ci il iyul ayının 22-də “Əkinçi”nin 1-ci sayı çap olunduqdan sonra H.Zərdabi mətbuatımızın banisi kimi tarixə düşdü. Amma onu da qeyd etməliyik ki, o, mətbuatımızın, teatrımızın, ilk xeyriyyəçilik hərakatımızın banisi olmaqla yanaşı, etnoqrafiya mədəniyyətimizin də aparıcı şəxsiyyəti idi. Həsən bəy Zərdabinin ailəsi Zərdaba köçdükdən sonra xalqla daha yaxın olmuş, etnoqrafiya ilə əlaqədar bir çox yazılarla çıxış etmişdir. 1896-cı ilədək Zərdabda yaşayan bu böyük şəxsiyyət praktiki olaraq etnoqrafiya ilə məşğul olmuşdur. Zərdabi bir etnoqraf kimi göstərirdi ki, gilli yerdə əkilən bitki gec məhsul verir. Əgər torpağın əhəngi, gili və qumu bərabər olsa, ona mergel deyirlər. Bu çox gözəl olur. Göründüyü kimi, bu dahi insan öz fikrini xalqa xalq etnoqrafı kimi asanlıqla çatdıra bilir. Zərdabi əkin sahələrinin etnoqrafik elmi əsasını da vermişdir. O, taxılçılq sahəsində biliklərin alınması üzərində çalışmış və buna nail olmuşdur. 1889-cu ildə Tiflisdə təşkil olunmuş Kənd Təsərrüfatı və və Sənaye sərgisində Zərdabi yeni buğda, arpa və suluf (ağ darı) növləri nümayiş etdirmiş və kənd təsərrüfatı etnoqrafı kimi medal və diploma layiq görülmüşdür. Etnoqraflıq baxımından bu da maraqlıdır ki, Zərdabi calaq usulu ilə daha çox məhsul sahəsində də çalışmışdır. Şum prosesində kənd təsərrüfatı alətlərindən istifadəyə dair də elmi yazıları çap olunmuşdur. “Roman və onun hissələri” adlı yazısı sözün əsl mənasında etnoqrafik bir elmi əsərdir. 1885-ci il oktyabrın 4-də Kürdəmirdə keçirilən əkinçilik alətlərinin sınağında Zərdabi şəxsən iştirak etmiş və diploma layiq görülmüşdür. Həsən bəy eyni zamanda mahnının, zərb məsəllərin, tapmacaların, nağılların, dastanların, uşaq oyunlarının etnoqrafiyamızda əhəmiyyətindən geniş söhbət açmışdır. Vaxt, zaman keçsə də, Həsən bəy Zərdabi etnoqrafiyamızın aparıcı simalarından biri olaraq qalır. Xalqın səadəti, maariflənməsi yolunda çalışıb mübarizə aparanlar heç vaxt unudulmur. Zərdabi belə bir mübarizlərdən idi… Mətbuat xalqın  ucadanışanıdır. Nəsillərə örnək olan qələm sahibi, böyük mütəfəkkir Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının banisidir. Onun həyat və mübarizəsi mənsub olduğu xalqa təmənnasız xidmət baxımından çağdaş nəsillər üçün də əsl örnəkdir. “Əkinçi”!.. Bu sözü həyəcansız, ürək çırpıntısı keçirmədən tələffüz etmək qeyri-mümkündür. Bu sözdə hər bir Azərbaycan vətəndaşı üçün nə qədər böyük müqəddəslik və doğmalıq var!.. “Əkinçi” müstəqil Azərbaycanın, onun dilinin, xalq nəğmələrinin poeziyanın, ədəbiyyatının, tarixinin ən gözəl emblemidir. O bütün Azərbaycan xalqının əksidir, təyinatıdır, azad əməyə sevgisidir, enerjisidir, ideyaları və ideyallarıdır!.. “Əkinçi” və Həsən bəy Zərdabi xalq yaddaşında və tarixdə elə çulğaşıb ki, onları bir-birindən ayırmaq mümkün deyil. Onlar birlikdə və ayrılmaz formada Azərbaycanın və bütün Qafqazın mədəniyyətinin və maarifinin, iqtisadiyyatının inkişafı tarixində, siyasi həyatında şərəfli yerlərdən birini tutur. H.Zərdabi özünəməxsus enerji və cəsarətlə doğma dili müdafiə etdi. “Əkinçi”nin   təkcə forması, dili deyil, məzmunu da diqqəti özünə çəkirdi. Qəzet Rusiya, Qafqaz və xarici ölkələrlə bağlı bütün xarici və daxili məsələlərə öz səhifəsində yer verirdi…Tələbəlik illərində o, şərq-islam tarixi üzrə dərin biliyi ilə tarixçi rektor Sergey Mixayloviç Solovyovun diqqətini cəlb edir, bu sahə üzrə onun məsləhətçisinə, dostuna çevrilir. Nəticədə ailə ilə daha da yaxınlaşan Həsən bəy rektorun qızına vurulur. Onunla evlənmək qərarına gəlir. Moskvada qalıb işləmək təklifi alır. Lakin Həsən bəyin Vətən sevgisi şəxsi məhəbbətinə üstün gəlir. Xalqı qarşısında xristian qızına evləndiyinə görə müsəlman mühafizəkarlarının tənələrindən qorunmaq üçün ilk məhəbbətindən imtina edir. Böyük arzularla Vətənə dönən Həsən bəy bir müddət Tiflisdə torpaq palatası, Bakıda quberniya idarəsi və Qubada məhkəmədə çalışsa da, ciddi çətinliklərlə, hətta həyatına sui-qəsdlə üzləşir, yenidən Bakıya dönür. Həsən bəyin həyatında onun gələcək ömür yolunu müəyyən edən tarixi hadisə baş verir. Belə ki, 1869-cu ildə böyük çətinliklə Bakı realni gimnaziyasına təbiət tarixi müəllimi təyin olunur. Bununla da onun həyatında yeni dövr-maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayır. Lakin problemin çətinliyi onda idi ki, Həsən bəy Qafqazda o zaman fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində ali təhsilli yeganə azərbaycanlı idi. Azərbaycanlı şagirdlər də yox dərəcəsində idi. Həsən bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmaqdan yorulmazdı. Günlərin birində bir dəmirçi uşağını məktəbə verməyə razı salan Həsən bəy onu gimnaziyaya düzəldir. Lakin uşağa dəftər-qələm almaqda çətinlik çəkən həmin dəmirçi Həsən bəyə şikayət edib bu işə görə onu tənbeh edir. O, dəmirçiyə məsləhət verərək “Çəkic-zindanını, palaz-paltarını sat, amma oğlunu oxut” demişdi. Əslində o, bununla azərbaycanlılara övladının təhsili üçün pul xərcləməyi öyrətmək istəyirdi… Həsən bəy uzun ayrılıqdan sonra Bakıya dönəndə həmin dəmirçinin oğlu ali təhsilli məhşur həkim olmuşdu. Fərhad Ağazadə 1925-ci ildə H.Zərdabi haqda yazdığı xatirələrində həmin həkimin ahıl yaşlarında olduğunu yazırdı… Digər bir oxşar maraqlı əhvalatı Həsən bəyin qızı Qəribsoltanın xatirələrindən öyrənirik. Belə ki, bir gün Qubadan Seyidov soyadlı bir oğlan uşağı “Kaspi” redaksiyasına Həsən bəyin yanına gələrək oxumaqda ona yardımçı olmasını xahiş edir. Uşaqla söhbət edən Həsən bəy zarafatla onu “Azərbaycanın Lomonosovu” adlandırır və evinə gətirir. 10 ildən artıq Həsən bəyin evində yaşayan və məktəbdə təhsil alan həmin uşaq sonralar ali təhsilli tanınmış hüquqşünas kimi yetişir…Belə faktlar yüzlərlədir. Ümumiyyətlə, Həsən bəyi yoxsul və kimsəsiz uşaqların təhsilə cəlb olunması, onların təhsilinə yardım göstərilməsi məsələsi hər zaman narahat edirdi. O, bu məqsədlə müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda “Cəmiyyət-xeyriyyə” də yaratmışdı. Həmin ilin bütün yayını Həsən bəy Zərdabi gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolanaraq rəsmi dəftərə “Cəmiyyət-xeyriyyə” yə üzv yazdırmaqla məşğul olmuşdu. Səfər zamanı toplanan 1600 manat banka yatırılır və onun gəliri ilə 2 yoxsul və kimsəsiz şagirdin təhsil haqqının ödənilməsi təmin edilmişdi. Həmin dövrdə subay olan Həsən bəy evində cəmiyyətin pansionunu təşkil edir. Lakin yoxsul və kimsəsiz uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün savadlı türk (azərbaycanlı) qadın müəllim tapmaq zərurəti yaranır… Həsən bəy Zərdabi 1872-ci ildə “Qafqaz” qəzetində Tiflis “Müqəddəs Nina” Qadın gimnaziyasını bitirən qızların siyahısında Hənifə Aslan bəy qızı Abayeva adlı müsəlman qızının adını oxuyur. Həmin qızla tanış olmaq məqsədilə təcili Tiflisə yollanır. Həsən bəy qızı tapır, bəyənir və ona evlənmək təklif edir. Şimali Qafqazda yaşayan türk xalqlarından olan balkar qızı Hənifə xanım onun xoşniyyətli təklifini qəbul edir. Məktəbə dəvət olunan molla tərəfindən kəbin kəsilir. Bununla da Həsən bəy müsəlmanlar arasında ilk olaraq valideynlərin razılığı olmadan gənclərin müstəqil evlənmə, ailə qurmaq ənənəsinin əsasını qoyur…Təhsilli gənc xanımla Bakıya dönən Həsən bəy öz mənzilində 2 kimsəsiz və yoxsul uşağın tərbiyəsi və məktəbə hazırlığı işini Hənifə xanıma həvalə edir. Tezliklə uşaqların sayı 10-a çatdırılır. Lakin ianə verənlərin sayının get-gedə azalması səbəbindən “Cəmiyyəti-xeyriyyə” 2 ildən sonra bağlanmalı olur. Həsən bəy gimnaziyada təhsil alan yoxsul uşaqların təhsilinə kömək məqsədilə yollar arayır və nəhayət onlardan birini tapır… Hələ Tiflisdə işlədiyi zaman “Rusiyada iki böyük türkçüdən biri” Mirzə Fətəli Axundzadə komediyalar kitabından birini Həsən bəyə hədiyyə etmişdi. Həsən bəyin rəhbərlik və təşkilatçılığı ilə “Hacı Qara” əsərini 1873-cü ildə gimnaziyanın salonunda öz şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Goraninin köməyi ilə (hər iki gimnazist sonralar Moskva Kənd Təsərrüfatı Akademyasını bitirdi) tamaşaya qoyulur. Tamaşadan toplanan vəsait yoxsul şagirdlərin təhsil xərclərinə yönəldilir. Bununla da Həsən bəy Zərdabi Azərbaycan mədəniyyəti tarixinin şanlı bir səhifəsinə-ilk peşəkar milli Azərbaycan teatrının yaradılmasına öz əbədi imzasını atmış oldu. Lakin müsəlmanların teatra həvəslə gəlməmələri Həsən bəyi başqa vasitələrlə yoxsul və kimsəsizlərin təhsilinə yardım üçün vəsait axtarışına məcbur edir. Nəticədə ana dilində mətbuat orqanı – qəzet açmaq ideyası baş qaldırır. Həsən bəy Zərdabi özünün “Həyat” qəzetində çap olunmuş “Rusiyada əvvəlinci türk qəzetəsi” adlı məqaləsində “Əkinçi” qəzetinin yaranması səbəblərini belə izah edirdi: “Dünyada ittifaq olmasa, heç bir cəmiyyət işi bina tutmaz. Bizim sabiq cəmiyyəti-xeyriyyə bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus, bizim yerlərdə ki, qonşularımız elm təhsil edib günü-gündən irəli gedir, bizim əlimizdə olan mülkü-malımıza sahib olurlar… Beləcə böyük amallar-millətin maariflənməsi üçün anadilli qəzetin dəyərini dərindən dərk edən Həsən bəy Zərdabi gərgin mübarizələr və çoxsaylı yazışmalardan sonra qəzetin çapına razılıq alır. 1875-ci il iyulun 22-də Bakıda ana dilində ilk Azərbaycan qəzeti “Əkinçi” nin birinci nömrəsi Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı, rus ordusunun general-mayoru Abdulla bəy Bakıxanovun maliyyə yardımı ilə çapdan çıxır. Bununla da Həsən bəy növbəti “ilk” lərdən birinə — milli mətbuatın təməlinin qoyulması şərəfinə nail olur.

“Əkinçi” nin məram və məqsədləri qəzetdə bu cür təqdim olunurdu:

“Əkinçi”–tərbiyəçi olub xalqın xoşbəxtliyi haqqında düşünür, xalqın maariflənməsinə çalışır;

“Əkinçi”–bələdçi olub dünyəvi elmlərin öyrənilməsinə və insanları işığa, yaxşılığa səsləyir;

“Əkinçi”-bir ayna kimi bütün əyrilikləri göstərir, təmizliyin, səadətin, xoşbəxtliyin yoluna işıq tutur;

“Əkinçi”-bir həkim kimi insanları acı dərmanlarla nadanlıq xəstəliyindən müalicə edir ki, bizdən sonra gələnlər nadanlıq mərəzinə tutulmasınlar…

      Bəli, “Əkinçi” qəzeti fəaliyyət göstərdiyi (1875-1877) illərdə özünün müqəddəs amalına-xalqın maariflənməsinə ləyaqətlə xidmət etdi. O, tezliklə xalq maarifi və mədəniyyətinin, ana dili məktəblərinin böyük çarçısı oldu. Lakin bu sevincli günlər uzun sürmədi. Bu işdə də erməni xəyanəti öz işini gördü. “Əkinçi”  nin mürəttibi Minasovun donosları nəticəsində “Əkinçi” qapandı. “Əkinçi” bağlansa da, onun əkdiyi maarif, elm və mədəniyyət toxumları tezliklə öz bəhrələrini verdi: yeni-yeni məktəblər açıldı, qəzetlər yarandı… “Əkinçi” nin davamçısı türk dilində ikinci qəzet olan “Tərcüman” (1883-1919) Həsən bəyin dostu böyük türkçü İsmayıl bəy Qaspıralının redaktorluğu ilə nəşrə başladı. Bu qəzetin nəşrini Həsən bəy türkçülüyün bayramı kimi qarşıladı… Həsən bəyin qara günləri başlandı. Düşmənləri onu təqib etməyə başladılar. Günlərin birində Həsən bəyə məlumat verildi ki, sərdarın əmri ilə Yekaterinodara (Stavropola) gimnaziyaya müəllim göndərilirsiniz. Lakin H.Zərdabi “Mən Bakıdan çıxıb müsəlman işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirəm”,-deyərək ərizə verib müəllimlikdən istefa verdi… (Çox qəribədir. Tarxin ironiyasına baxın. Stavropola getməkdən imtina edən Həsən bəyin oğlu Midhət bəy Məlikovun ailəsi keçən əsrin 30-cu illərində “qırmızı terrora” məruz qaldı. Özü güllələndi. Ailə üzvləri-həyat yoldaşı Lidiya xanım və qızı Fatma Məlikova Stavropola köçüb orada məskunlaşmaq zorunda qalmışdılar. Həsən bəyin kötücəsi Hacağa Stavropolda tibb təhsili almışdı…) Bir müddət işsiz qalan Həsən bəy 1880-ci ildən doğulduğu Zərdab kəndində 16 illik sürgün həyatı yaşamalı olur. Böyük ömrün bu illəri də doğma xalqa xidmətdə keçir. Mühafizəkarların fitnə-fəsadlarına, acı tənələrinə mərdliklə dözən Həsən bəy burada da maarifçilik əməllərini davam etdirir, müxtəlif qəzetlərə məqalələr yazıb göndərir, “Dildə, fikirdə, əməldə birlik” ideyasını, təhsildə yenilikçiliyi təbliğ edən İsmayıl bəy Qaspıralının “Tərcüman” qəzetindəki fikirlərin əhali arasında yayılmasını təşkil edir. Lakin düşmənləri onu “şapkalı urus”, “sünni Həsən bəy” adlandırıb nüfuzdan salmaq istəyirdilər… Yeri gəlmişkən deməliyik ki, Həsən bəy hökumət idarələrində uzunmüddətli xidmətinə görə “Müqəddəs Anna” qızıl medalı ilə təltif olunmuşdu. Lakin onu heç zaman yaxasına taxmamışdı. Hətta Qafqazın sərdarı Bakıya gələndə xaç şəkilli medalı döşünə taxmamaq üçün özünü xəstəliyə vurmuşdu… Bəli, Həsən bəy rus təhsilli olsa da, milli ruhlu, vətənpərvər ziyalı idi, əsil müsəlman təəssübkeşi idi… Uzun ayrılıqdan sonra Həsən bəy 1896-cı ildə uşaqlarının təhsilini davam etdirmələri səbəbindən Bakıya köçür. Əvvəl “Kaspi” qəzetində işləməyə başlayır. Çox keçmir ki, Bakı şəhər Dumasına qlasnı (deputat) seçilir, maarif komissiyasının üzvü olur. O, hər zaman Dumanın iclaslarında şəhərin uzaq məhəllələrində məktəb və xəstəxana açılması məsələsini qaldırır, çox hallarda onun müsbət həllinə nail olurdı. Təsadüfi deyil ki, onun deputatlıq vaxtında “Rus-tatar (Azərbaycan)” məktəblərinin sayı üçdən on altıya yüksəlmişdi. Həsən bəy həmin məktəblərdə ana dili tədrisinin həcmini artırmaq uğrunda daim mübarizə aparırdı. Bakıdakı xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak edirdi. XIX əsrin sonu-XX əsrin əvvəllərində Bakıda milli ziyalıların bir araya gəlməsində, vahid milli Azərbaycan ideyası ətrafında birləşməsində H.Zərdabinin müstəsna rolu olmuşdu. Bu dövrdə onun qadın təhsili ilə bağlı ideyalarının gerçəkləşməsi istiqamətində mühüm hadisələr baş verdi. Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi və H.Zərdabinin yaxından məsləhəti ilə 1901-ci ildə Bakıda Aleksandra Fyodorovna adına rus-müsəlman Qadın Məktəbi (Tağıyev Qız Məktəbi) açıldı. Bununla böyük maarifçi H.Zərdabinin uğrunda illərlə mübarizə apardığı azərbaycanlı qızlar üçün təhsil müəssisəsi yaratmaq ideyası reallaşdı. Bu məktəbin açılmasında müstəsna rol oynamış H.Zərdabi həmin məktəbin nizamnaməsini də özü yazmış, məktəbin qəyyumlar şurasının üzvü seçilmişdi. Məktəbin ilk müdiri Həsən bəyin ömür-gün yoldaşı və silahdaşı Hənifə xanım Məlikova -Abayeva təyin edilmişdi… H.Zərdabinin təşəbbüsü ilə Bakıda müəllimlərin II qurultayı çağırılmış, 1906-cı ildə keçirilən I qurultay onun sədrliyi ilə baş tutmuş, ciddi qərarlar qəbul edilmişdi. II qurultayda Həsən bəy xəstə olduğu üçün iclaslarda iştirak etməsə də, qurultaya təbrik göndərməyi unutmamışdı… Həsən bəy xəstə olduğu dövrlərdə də xalqın maarif və mədəniyyəti naminə məsləhətlərini əsirgəməmişdi. Fərhad Ağazadənin xatirələrinə görə, bir gün Üzeyir bəy Hacıbəyov xəstə Həsən bəyi ziyarət edir. Həsən bəy əl işarələri ilə ondan bir opera yazmasını xahiş edir. Təklif məmnuniyyətlə qəbul edilir. 1908-ci ildə “Leyli və Məcnun” operası beləcə yaranır… Azərbaycan maarifçilik hərəkatının korifeylərindən olan Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də dünyasını dəyişdi. Ertəsi gün böyük izdiham və təntənə ilə Bakıda Bibiheybət qəbiristanlığında dəfn olundu. Azərbaycanın XX əsr tarixində o zaman üçün görünməmiş qələbəliklə keçən dəfn mərasimində böyük maarifçinin cənazəsini çiyinlərində daşıyan insan axını üç yerdə-Bakının məşhur Qasımbəy məscidinin həyətində, “Kaspi” qəzetinin redaksiyasının (redaksiya indiki Sabir bağında yerləşirdi. 1918-ci il mart hadisələrində ermənilər tərəfindən yandırılmışdı) və Bakı şəhəri Dumasının qarşısında dayanmış, Həsən bəyin xidmətləri haqda nitqlər söylənmişdi. Dəfn mərasimində məşhur ziyalılardan Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Qara bəy Qarabəyov, Məmmədhəsən Əfəndiyev, İsgəndərbəy Məlikov, Haşım bəy Vəzirov, İsa bəy Aşurbəyov və başqaları nitq söyləmişdilər. Həsən bəy bütün işlərdə olduğu kimi, ölümü ilə də ilkinliyini qorumağı bacardı… Bakı şəhər duması Həsən bəyin xatirəsini əbədiləşdirmək üçün şəhər məktəblərindən birinə adının verilməsi, abidəsinin qoyulması və Moskva Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələrə vermək üçün “Həsən bəy Zərdabi təqaüdü” təsis edilməsi haqqında qərar qəbul etmişdi. Bunlardan yalnız sonuncusu yerinə yetirildi. Belə ki, Moskva Dövlət Universitetinin tələbələri olmuş Mustafa bəy Vəkilov, Tağı bəy Qəniyev, eləcə də Riqa Politexnik İnstitutunda bir müddət təhsil almış Səffət bəy Məlikov həmin təqaüdü almışdır…Bir neçə kəlmə də Həsən bəyin ailə üzvləri haqda. Həsən bəyin həyat yoldaşı Hənifə xanım 1856-cı ildə Nalçikdə anadan olmuş, 1929-cu ildə Bakıda dünyasını dəyişmişdir. Görkəmli maarif xadimi kimi tariximizə imza atmış Hənifə xanım H.Z.Tağıyevin “Qız məktəbi” ndə, Bakı I rus-Azərbaycan məktəbində, Xalq Cümhuriyyəti dövründə I Qadın türk məktəbində müdir, sovet dövründə Bakı şəhər I pillə məktəbində müəllim işləmişdir. 1925-ci ildə “Əkinçi” qəzetinin 50 illiyi ilə əlaqədar Həsən bəy Zərdabinin bioqrafiyasını qələmə almışdır…

Həsən bəyin dörd övladı-iki oğlu, iki qızı olmuşdu. Böyük qızı Pəri xanımın təhsili barədə məlumatımız yoxdur. O, görkəmli siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı olub. İki övladı (Ələkbər bəy və Rəşid bəy) vardı. Fransada yaşayıb və orda vəfat edib. İkinci qızı Qəribsoltan xanım 1889-cu ildə Zərdabda anadan olub, 1967-ci ildə Bakıda rəhmətə gedib. Övladı olmayıb. Görkəmli bəstəkar Rauf Hacıyev və bacısı Adilə xanımın təlim-tərbiyəsində xüsusi xidmətləri olub. Tağıyevin Qız məktəbinin məzunu kimi uzun illər müəllimliklə məşğul olub. Böyük oğlu Mudhət bəy Moskvada ali texniki təhsil alıb. Ötən əsrin mənfur 30-cu illər repressiyasının qurbanı olub. Onun yeganə övladı 1925-ci ildə anadan olmuş Fatma xanım repressiya illərində Stavropolda yaşamış, sonralar Bakıya qayıtmış və ali təhsil almışdı. Fatma xanımın oğlu Məmmədəli və nəvəsi Hacağa Bakıda yaşayırlar…Həsən bəyin kiçik oğlu Səffət bəyin doğum və ölüm tarixləri məlum deyil. O, 1914-17-ci illərdə Riqa Politexnik İnstitutunda oxumuş, Rusiyadakı çevriliş səbəbindən təhsilini tamamlaya bilməmişdi. Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə xaricə ali təhsil almağa göndərilən 100 tələbədən biri kimi Almaniyada ali təhsilini 1922-ci ildə tamamlamışdı. Sovet rejimindən qorxaraq vətənə dönə bilməmişdi. Bir müddət Parisdə bacısıgildə yaşamış, sonra İstanbula köçərək, orada da ömrünü başa vurmuşdu. Azərbaycan sovet hökuməti onun “varlı ailədən olduğunu və Ə.Topçubaşovun qohumu” olduğunu əsas gətirərək dövlət təqaüdündən məhrum etmişdi. Hənifə xanım Xalq Komissarlar Soveti və Maarif Komissarlığına müraciət edərək Səffətə təqaüd verilməsini çətinliklə bərpa etdirə bilmişdir… Ümumiyyətlə, sovet dövründə H.Zərdabinin ailəsi də bu və başqa şəkildə repressiyalara məruz qalmış, adı ilə bağlı hər şey on illər boyu yasaqlanmışdı. Bu böyük maarif fədaisinin təmiz adı və ölməz əməlləri yalnız 1956-cı ildə sovet rejimi yumşalandan sonra özünə qaytarıldı və bəraət aldı… Əsərləri çap olundu, haqqında dəyərli əsərlər yazıldı…. Həsən bəy şəhərdə ehtiyacı olan şagirdlərə kömək etmək üçün Xeyriyyə Cəmiyyəti yaradır. Bütün gücünü cəmiyyətə daha çox üzv cəlb etməyə yönəldir. Çünki cəmiyyət o üzvlərin hesabına yaşamalı idi. Qızı Qəribsultan xanım yazır ki, atam bir qəbul otağından o birinə, bir təmtəraqlı salondan o biri zəngin salona, bir fərasətli işbazın yanından o biri harınlamış mesenatın qəbuluna gedirmiş. Bu iş Həsən bəyə ağır gəlsə də, onun qəlbini əzsə də, geri çəkilmirmiş. Uğursuz günlərin birində hər yerdən əli üzülən Həsən bəy əldən düşmüş halda Bakı küçələrində çarəsiz gəzirmiş. Rədd cavabları gah soyuq nəzakətlə, gah həyasızcasına, gah da istehzalı gülüşlə olurmuş. Bəziləri xahişə gələn ziyalını inandırmağa çalışırmış ki, onun xahişi tamam mənasızdır… Bəli, zavallı Həsən bəy  “bu qızıl yuvalarından” çıxıb küləkli Bakı küçələrində  “xeyirxahların” ona münasibətini düşünə-düşünə dolaşırmış. Birdən… Həsən bəy kiminsə onun qoluna toxunduğunu hiss edir. Başını qaldıranda, qarşısında bir hambalın durduğunu görür. Hambalın 40-a yaxın yaşı olarmış. Günəşdən yanan üzü bürünc rəngdəymiş. Kürəyində palan, ayağında çarıq varmış. Hambal Həsən bəyə sevgi ilə baxırmış. Üzündə də utancaq, çəkingən bir təbəssüm varmış.

    -Eşitmişəm, bizim uşaqları oxutmaq üçün pul yığırsan. Mən bir az qazanmışam. Budur, götür. Bilirəm, azdı, amma ürəkdəndi.

Həsən bəy təəccübdən donub qalır. Bir xeyli danışa bilmir. Nəhayət, hambalın əlini sıxıb deyir:

    -Çox sağ ol, dostum! Sən mənə o qədər pul verdin ki, onu mən həyatımda heç bir kimsədən almamışam. Çünki sən nəyin varsa, hamısını verdin!

   Zərdabi qonaq qəbul etməyi çox sevərmiş. 1897-ci ildə şəhərdə 6 otaqdan ibarət mənzil tutub ailəsi ilə yaşayırmış. Bu otaqlar hər vaxt kənar adamlarla dolu olarmış. Qonaqlar və ya öz işi ilə bağlı Həsən bəyin yanına gələn kəndlilər orada yeyib yatarlarmış. Bundan əlavə, həmin mənzildə 10 kasıb oğlan uşağı yaşayırmış. Həsən bəyin xanımı Hənifə xanım onları məktəbə hazırlayırmış. Belə bir zamanda “Kaspi” qəzetində çalışan Həsən bəy kuryeri evə göndərib Hənifə xanıma bildirir ki, onun yanına- redaksiyaya Rusiyadan əziz qonaqlar gəlib, onları yüksək ehtiramla qarşılamaq lazımdır. Hənifə xanım bu xəbəri evdəkilərə də yetirir. Hazırlıqlar başlayır. Hamı əyninə təzə paltar geyinir. Axşam qonaqlar Həsən bəylə birlikdə evə təşrif buyurur. Hənifə xanım onları eyvanda qarşılayır. Ev sahibəsinin rus dilində mükəmməl bilməsi gələnləri heyran edir. Qonaqlar otururlar, yeyib-içirlər, gecədən xeyli keçənə qədər söhbətləşirlər. Gələnlərdən biri hətta yaxşı oxuyurmuş. Qonaqlar ölkədə Çar Rusiyası və müstəmləkə altına saldığı xalqlar fəhlələrin ağır, acınacaqlı vəziyyətindən danışanda ciddiləşirlər. Gecə Hənifə xanım qonaqlara yataq hazırlayır, ancaq onlar təşəkkür edib mehmanxanadakı nömrələrinə qayıdırlar. Uzun sürən qonaqlıqdan sonra Zərdabilər ailəsi yatır. Ancaq səhər yuxudan oyanan Həsən bəy evdəkilərə deyir ki, gələn qonaqların biri yazıçı Maksim Qorki, o birisi isə müğənni Fyodor Şalyapin idi…Bakıda su qıtlığı varmış. Şəhərə suyu iri çənlərdə gətirirlərmiş. Su kəməri çəkmək məsələsi gündəmdə imiş.Həsən bəy bu məqsədlə Dumanın iclaslarında təmiz dağ suyundan istifadə etmək lazım olduğunu deyirmiş. Şəhər Dumasındakı bir başqa deputat-Ambarsum Məlikov isə şəhərə suyun onun Zuğulbada olan malikanəsindəki çeşmədən çəkilməsini istəyirmiş. Bu, ona böyük gəlir gətirə bilərmiş. Qızı Qəribsoltan xanım bir dəfə atasının dostları ilə bir söhbətinin şahidi olub. Həsən bəy həyəcanla deyirmiş: “Bu dələduz şəhərə özü ilə bərabər qızdırma gətirən su çəkdirmək istəyir. Buna yol vermək olmaz!..“Dumada Zərdabinin müqavimətindən qorxan Ambarsum Məlikov onun üstünə o vaxt üçün böyük məbləğ sayılan bir neçə min rubl rüşvət göndərir. Qəribsoltan xanım yazır ki, mən evimizdə hələ buna oxşar fırtına görməmişdim: “Həmişə özünü təmkinli və nəzakətli aparan atam bu dəfə təsvirəgəlməz hiddətlə püskürən vulkana dönmüşdü”. Həsən bəy hiddətlənərək: “O məni satın almaq istəyir!” Hənifə xanım var gücü ilə Həsən bəyi sakitləşdirməyə çalışır, amma nail olmur. Əsl mərəkə isə Dumanın iclasında baş verir. Həsən bəy Ambarsum Məlikovu “yaramaz” adlandırır. Ambarsum bərk hirslənib onu duelə çağırır…

Həsən bəy:

– Nə?! Sizinlə duel?! Siz, sadəcə axmaqsınız!

Özündən çıxan Həsən bəy bu sözləri deyərək Dumanın iclas zalını tərk edir. Evə gələndə Hənifə xanım onu yatağa uzadır.

– Mən bacarmadım!.. Başa düşürsən?! Adamı dəhşətə gətirən odur ki, bütöv bir xalqın sağlamlığı məsələsi həll olunarkən, o dələduz utanmadan alicənablıq məzhəkəsi oynadı və ləyaqətsizliklə üstün gəldi.

Həsən bəy bu sözləri aramsız təkrar edirmiş…

Qəribsoltan xanım yazır ki, belə ağır mübarizələrdə qalib gəlmək get-gedə çətinləşirdi və atamın səhhəti günbəgün pisləşirdi…

Qubernator Həsən bəy Zərdabiyə:

-Axı, sənin bu savadsız, xeyir-şərini qanmayan vəhşi camaatın arasında nə işin var? Yaxşı olmazmı ki, gedib Rusiyanın mərkəzi şəhərlərindən birində yaşayıb işləyəsən?

Söz Zərdabiyə bərk toxunduğundan soruşur:

– Mən necə adamam?

Qubernator tərəddüd etmədən deyir:

– Sən son dərəcə savadlı, dünyagörmüş, dərrakəli bir insansan.

Həsən bəy acı-acı gülümsünüb cavab verir:

– Mən də o vəhşi hesab elədiyin adamların arasından çıxmışam. Onlar da oxusalar, təhsil görsələr mənim kimi elmli, bilikli olacaqlar. 1907-ci il noyabrın 28-də Həsən bəy iflic xəstəliyindən vəfat etdi. Onun ölümü o dövr Azərbaycan ziyalılarını hədsiz dərəcədə kədərləndirmişdi. “Tazə həyat” qəzetinin Zərdabinin ölümünə həsr edilmiş bir nömrəsində qeyd edildiyi kimi, onun dəfn mərasimi, hələ Bakının tarixində görünməmiş bir hüznlə keçmişdir. O zaman Qafqazda çıxan qəzet və jurnalların çoxunda onun vəfatı və dəfn haqqında məlumat, nekroloq, məqalə və məktublar çap edilmişdi. “Əkinçi” H. Zərdabinin coşğun və çoxsahəli fəaliyyətində ən parlaq və qiymətli səhifədir. O, yaşadığı müddətcə rahatlıq bilməyib, qızğın fəaliyyət göstərmişdir. Belə ki, o, maarifi təbliğ etmiş, ana dilinin saflığı uğrunda mübarizə aparmaqla yanaşı din və xurafat məddahlarına qarşı amansız mübarizə aparmış, yerli əhalinin hər cür qayğısına qalmışdır.

                        Biri vacib bizə bilmək vətəndə söylənən dildir,

                       Gərəkdir, mətləbə biz biz eyləyək türki ilə ünvanı.

                                                                                         S.Ə.Şirvani

        Tədbirimizin sonunda demək istərdik ki, qısa ömür yaşamış “Əkinçi” Azərbaycanın, xalqımızın içtimai-siyasi həyatında, milli oyanış tarixində, mənəvi tərəqqisində parlaq, silinməz iz qoyub getdi. “Əkinçi” sadəcə bir qəzet deyildi. O dövrkü Azərbaycan mühitinin, baş verən içtimai-siyasi proseslərin salnaməsi idi. “Əkinci” nəinki XIX əsrin yarısında Azərbaycanın mütərəqqi ziyalılarını, o cümlədən gənclərini öz ətrafında birləşdirən mərkəz, eyni zamanda onların güvənc yeri idi… Zaman keçdikcə, bizi Zərdabidən ayıran vaxt artdıqca, bu böyük vətənpərvərin əzəməti daha aydın görünür. Böyük iftixar hissi ilə qeyd edə bilərəm ki, bu böyük maarif carçısının bütün arzu və idealları indi bizim ölkəmizdə yerinə yetirilmişdir. Onun milli mədəniyyətimizin xəzinəsinə dəyərli hədiyyə olan ideya irsi bu gün belə öz təravətini itirməmişdir. Azərbaycan müstəqillik qazanandan sonra, suverenliyini əldə etdikdən sonra xalqı Həsən bəy Zərdabinin dahiliyini, böyüklüyünü və xidmətlərini daha dərindən anladı. Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycanın möhtərəm prezidentinin Azərbaycan mətbuatına olan dərin diqqət və səyi böyük əhəmiyyət kəsb edir. Bununla diqqətimiz bir daha ona yönəlir ki, biz mütərəqqi tarixi keçmişimizi, elmi-fəlsəfi, ədəbi-bədii, mətbu dəyərlərimizi unutmuruq. Biz mənəvi inkişafımızın beşiyi başında durmuş maarifçi və elm adamlarını, eləcə də, Həsən bəy Zərdabi kimi dahi mütəfəkkirlərimizi, maarifçilik hərəkatımızın bu cəsur “memarlarını” sevirik, onlarla fəxr edirik. Bir daha Ruhun şad olsun, ey millətin fədaisi, mənəvi atası, dahi Həsən bəy!

AYNUR TURAN 

Gundeiik.az