Yay aylarında isti hava səbəbindən ayaq və ayaq biləklərində şişkinlik daha çox müşahidə olunur. Lakin uzun müddət davam edən, hər iki ayaqda yaranan və barmaqla basıldıqda çökəklik əmələ gətirən şişkinliklərə laqeyd yanaşmaq olmaz. Bu cür ödem ürək çatışmazlığı da daxil olmaqla müxtəlif sistemik xəstəliklərin əlamətidir.
Trakya Universiteti Tibb Fakültəsinin Kardiologiya kafedrasının rəhbəri, professor Servet Altay bildirib ki, xüsusilə yay aylarında yaranan ayaq və ayaq biləyi şişkinliklərini yalnız isti hava ilə əlaqələndirib gözardı etmək düzgün deyil.
Onun sözlərinə görə, ürək mənşəli ödem müəyyən xüsusiyyətləri ilə digər şişkinliklərdən fərqlənir. Uzun müddət keçməyən, hər iki ayaqda yaranan və barmaqla basıldıqda çökəklik buraxan ödem ürək çatışmazlığının göstəricisidir. Ürək çatışmazlığı sistemik xəstəlik olduğuna görə, şişkinlik adətən yalnız bir ayaqda deyil, hər iki ayaqda müşahidə olunur. Belə ödəm gün ərzində artır, gecə uzanarkən isə azalır.
Nəfəs darlığı olmadan da ürək çatışmazlığı ola bilər
Mütəxəssis vurğulayıb ki, ürək çatışmazlığı hər zaman nəfəs darlığı ilə özünü göstərmir.
Ürək çatışmazlığı sağ və sol ürək çatışmazlığı olaraq iki əsas qrupa ayrılır. Sol ürək çatışmazlığında daha çox nəfəs darlığı müşahidə edildiyi halda, sağ ürək çatışmazlığında qarında şişkinlik və ayaqlarda ödəm ön plana çıxır. Buna görə də nəfəs darlığı olmayan şəxsdə də ürək çatışmazlığı mümkündür.
Səbəb yalnız ürək xəstəliyi deyil
Ayaq və ayaqlardakı şişkinlik yalnız ürək xəstəlikləri ilə əlaqəli deyil. Böyrək və qaraciyər xəstəlikləri, qalxanabənzər vəzinin funksiyasının pozulması, venoz və limfa dövranı problemləri, zülal itkisinə səbəb olan xəstəliklər, həddindən artıq duz qəbulu və bəzi təzyiq dərmanları da ödəmə səbəb olur.
Bir ayaqda yaranan şişkinliklə hər iki ayaqda yaranan şişkinliyin səbəbləri də fərqli olur. Tək tərəfli ödəm daha çox venoz və limfa dövranı, yaxud arterial damar problemlərini düşündürür. İkitərəfli ödəm isə ürək, böyrək, qaraciyər və hormonal xəstəliklər kimi sistemik problemlərlə əlaqəli olur.
Hansı hallarda həkimə müraciət edilməlidir?
Uzun müddət davam edən və ya təkrarlanan ayaq şişkinliyi mütləq həkim tərəfindən qiymətləndirilməlidir. Müayinədən sonra ehtiyacdan asılı olaraq exokardioqrafiya, qan analizləri, böyrək və qaraciyər funksiyası testləri, hormonal müayinələr və damarların ultrasəs müayinəsi aparılır.
Ayaq şişkinliyi ilə yanaşı nəfəs darlığı, sinə ağrısı, ürəkdöyünmə və ya huşun itməsi müşahidə olunarsa, vaxt itirmədən tibb müəssisəsinə müraciət etmək lazımdır.
Xüsusilə yalnız bir ayaqda yaranan şişkinlik ağrı və qızartı ilə müşayiət olunursa, damarda qan laxtasının yaranması ehtimalı nəzərə alınmalı və təcili tibbi qiymətləndirmə aparılmalıdır.
Mütəxəssislər qısa müddətli şişkinliyin hər zaman ciddi problem olmadığını, lakin uzun müddət davam edən və təkrarlanan ayaq biləyi ödemlərinin mütləq araşdırılmalı olduğunu vurğulayırlar.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
