Avqust 22, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Ayağa qalxanda göz qaralması nədən yaranır?

Ayağa qalxarkən bir neçə saniyəlik göz qaralması, başgicəllənmə və müvazinət itkisi hissi kifayət qədər yayğındır. Bu hal çox vaxt bədənin qan təzyiqini yenidən tarazlamağa çalışması ilə bağlı olur.

Oturmuş və ya uzanmış vəziyyətdən qəfil ayağa qalxdıqda qan müvəqqəti olaraq ayaq və qarın nahiyəsində toplanır. Nəticədə ürəyə qayıdan və beyinə çatan qanın miqdarı qısa müddətə azalır. Bu da göz qaralması və başgicəllənməyə səbəb olur.

Gözlərdən deyil, qan axınından qaynaqlanır

Beyinə gedən qanın qısa müddətə azalması görüntünün bulanıqlaşmasına, ətrafın bir neçə saniyəlik qaranlıq görünməsinə və ya gözlərin önünə pərdə gəlirmiş kimi hissə səbəb olur.

Susuz qalmaq, uzun müddət hərəkətsiz olmaq, isti hava, ağır fiziki fəaliyyət və aclıq bu şikayəti artırır. Bəzi təzyiq dərmanları, həmçinin qanazlığı, bəzi vitamin çatışmazlıqları, diabetlə bağlı sinir problemləri və hormonal pozğunluqlar da səbəb olur.

10–15 saniyədən uzun çəkirsə, diqqət!

Göz qaralması 10–15 saniyədən uzun çəkirsə, tez-tez təkrarlanırsa və ya bayılmaya səbəb olursa, həkim müayinəsi vacibdir. Xüsusilə sinə ağrısı, nəfəs darlığı, ürəkdöyünmə, bayılma və ya yıxılma da varsa, vəziyyətə laqeyd yanaşmaq olmaz.

Qəfil ayağa qalxmayın

Göz qaralmasını azaltmaq üçün yataqdan və ya stuldan qalxarkən tələsməyin. Əvvəlcə oturun, bir neçə saniyə gözləyin, sonra ayağa qalxın. Ayağa qalxmazdan əvvəl ayaq biləklərini hərəkət etdirmək və baldır əzələlərini işlətmək də qan dövranına kömək edir.

Gün ərzində kifayət qədər su içmək, uzun müddət hərəkətsiz qalmamaq və isti mühitlərdə ehtiyatlı olmaq da şikayətlərin azalmasına kömək edir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az