İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Avtomobillər artıq qara rəngdən də daha qara ola bilər

Alimlər görünən işığın 99,9 faizindən çoxunu udaraq obyektləri demək olar ki, tam qaranlığa qərq edən və avtomobil sənayesinin standartlarına uyğun yeni ultra-qara örtük texnologiyası hazırlayıblar.

Avtomobil dünyasında lüks və zərifliyin simvolu hesab olunan qara rəng elmi yenilik sayəsində tamamilə yeni səviyyəyə yüksəlib.

Aparılan araşdırmaya görə, tədqiqatçılar işığı udma qabiliyyəti indiyədək hazırlanmış bütün boyaları geridə qoyan yeni örtük üsulu kəşf ediblər.

Mövcud texnologiyalarda qara rəngin dərinliyi əsasən his (karbon) əsaslı piqmentlərin işığı udma gücü ilə məhdudlaşırdı. Yeni üsul isə səthin mikroskopik quruluşunu dəyişdirərək işığı içəridə saxlayan və udan “struktur absorbsiya” texnikasından istifadə edir.

Nəticədə səthə dəyən görünən işıq dalğalarının orta hesabla 99,9 faizi yox olur və demək olar ki, mükəmməl qaranlıq effekti yaranır.

Süni intellekt və karbonun əməkdaşlığı

Kimyaçı tədqiqatçı Zhivei Liu bildirir ki, dərin qara tonlar həmişə lüks avtomobil sahiblərinin ən çox üstünlük verdiyi rənglərdən biri olub.

Liu qeyd edir ki, avtomobil istehsalçıları uzun müddətdir kütləvi istehsala uyğun, son dərəcə qara örtük texnologiyaları üzərində çalışırlar. Onun sözlərinə görə, hazırladıqları yeni formula karbon nanotublarla gücləndirilib.

Bu xüsusi tərkib işığı demək olar ki, tamamilə udaraq avtomobilə çox təsirli vizual görünüş və daha yüksək lüks hissi qazandırır.

Kütləvi istehsal üçün sınaqlar davam edir

Bu texnologiya 2019-cu ildə təqdim edilən və işığın 99 faizini udan xüsusi BMW X6 modelini xatırladır.

Həmin avtomobil yalnız sərgilər üçün hazırlanmışdı və ətraf mühit amillərinin təsiri altında rəngini uzun müddət qoruya bilmirdi. Piqment quruluşu tez bir zamanda pozulurdu.

Yeni hazırlanmış ultra-qara örtük isə mövcud avtomobil standartlarına uyğun şəkildə layihələndirilib.

Bununla belə, texnologiyanın minik avtomobillərində geniş tətbiq olunması üçün onun davamlılığı və tətbiq üsulları ilə bağlı sınaqların bir müddət də davam etdirilməsi tələb olunur.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az