İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Avropa Birliyi nüvə texnologiyalarının inkişafı üçün 330 milyon avro vəsait ayıracaq

Avropa Komissiyası 2026–2027-ci illəri əhatə edən Euratom Araşdırma və Təhsil Proqramını qəbul edib.

Açıqlamada qeyd olunub ki, proqram nüvə tədqiqatı və innovasiyanı dəstəkləməklə Aİ-nin enerji müstəqilliyini, rəqabət qabiliyyətini və texnoloji liderliyini artırmağı hədəfləyir. Bildirilir ki, bu proqram Aİ-nin 2050-ci ilə qədər karbon neytral olma məqsədinə uyğun hazırlanıb və təmiz enerji texnologiyalarının inkişafına töhfə verəcək.

Proqram çərçivəsində füzyon enerjisinin laboratoriya mərhələsindən elektrik şəbəkəsinə keçirilməsi üçün 222 milyon avro investisiya ayrılacaq. Bu istiqamətdə kommersiya baxımından tətbiq oluna bilən füzyon texnologiyalarının inkişafı və Avropada güclü təchizat zəncirinin yaradılması məqsədilə yeni dövlət-özəl tərəfdaşlığı qurulacaq.

Bundan əlavə, nüvə sahəsində digər tədqiqatlar üçün 108 milyon avro vəsait ayrılacaq. Bu maliyyə radioaktiv tullantıların təhlükəsiz idarə olunması, radiasiyadan qorunma, nüvə materialları üzrə innovasiyalar və mövcud nüvə stansiyalarının uzunmüddətli təhlükəsiz istismarı kimi sahələri əhatə edəcək.

Açıqlamada həmçinin kiçik modul reaktorlar (SMR), qabaqcıl reaktor texnologiyaları və nüvə yanacağı üzrə işlərin də proqramın əsas prioritetləri arasında olduğu bildirilib.

Bundan başqa, nüvə sahəsində ixtisaslı kadrların artırılması da məqsədlərdən biridir. Bu çərçivədə təqaüdlər və digər mexanizmlər vasitəsilə yeni mütəxəssislərə dəstək veriləcək.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az