Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Atlas V” raketi “Amazon” internet peyklərinin ilk qrupunu orbitə çıxarıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, birinci mərhələsi Rusiya istehsalı olan RD-180 mühərrikləri ilə təchiz edilmiş raketin buraxılışı ABŞ Kosmik Qüvvələrinin Florida ştatındakı Kanaveral burnunda yerləşən 41-ci buraxılış kompleksindən həyata keçirilib.
Təxminən 18 dəqiqə sonra peyklər buraxılış aparatının ikinci pilləsindən ayrılaraq təyin olunmuş orbitə daxil olublar.
Kuiper layihəsi çərçivəsində 27 operativ kosmik gəmidən ibarət partiya 590, 610 və 630 km yüksəkliklərdə orbitlərə buraxılıb.
2023-cü ildə şirkətin iki sınaq internet peyki – KuiperSat-1 və KuiperSat-2 orbitə buraxılmışdı.
“Amazon”un tam peyk bürcü qlobal genişzolaqlı internet bağlantısını təmin etmək üçün 2027-2028-ci illərdə 3236 kosmik gəmidən ibarət olacaq.
Kuiper layihəsi artıq orbitdə 7200-dən çox peyki olan SpaceX Starlink peyk bürcünün birbaşa rəqibi hesab olunur.
“Amazon”un məlumatına görə, layihənin ümumi dəyəri 10 milyard dolları ötür. 2026-cı ilin ortalarına qədər Kuiper layihəsi çərçivəsində peyk bürcünün yarısının artıq orbitdə olması planlaşdırılır.
Gundelik.az

