Sızdırılmış daxili sənədlər “Amazon” şirkətinin ABŞ-da 600 mindən çox iş yerini yaxın illərdə avtomatlaşdırma ilə əvəz etməyi planlaşdırdığını üzə çıxarıb.
Gundelik.az xəbər verir ki, “The New York Times” tərəfindən əldə edilən məlumatlara əsasən, “Amazon” 2033-cü ilə qədər əməliyyatlarının 75 faizini robotlar vasitəsilə idarə etməyi hədəfləyir. Planın ilkin mərhələsində — 2027-ci ilə qədər — təxminən 160 min vəzifənin ləğv olunacağı qeyd edilir.
Hesabatda bildirilir ki, bu avtomatlaşdırma prosesi şirkətə 2025–2027-ci illər arasında 12,6 milyard dollarlıq qənaət təmin edə bilər. Bu, hər bir məhsul göndərişinə görə təxminən 30 sent xərclərin azalması deməkdir.
Amazon hazırda dünya üzrə 1 milyondan çox robota malikdir və “Digit” adlı ikiayaqlı insanabənzər robotları sınaqdan keçirir.
Şirkət daxilində sızan sənədlərdə həmçinin qeyd olunur ki, ictimai reaksiyanı minimuma endirmək üçün “avtomatlaşdırma” və “süni intellekt” kimi terminlər əvəzinə, “qabaqcıl texnologiya” və ya “kobot” (insanla birgə işləyən robot) ifadələrindən istifadə təklif edilir.
“Amazon” sözçüsü Kelli Nantel məsələ ilə bağlı açıqlamasında bildirib ki, sızan sənədlər şirkətin rəsmi işəgötürmə strategiyasını deyil, yalnız bir komandanın daxili baxışını əks etdirir: “Bu sənədlər həmişə natamam bir mənzərə yaradır. ABŞ üzrə aktiv işə qəbul prosesi davam edir və ilin sonunadək 250 min mövsümi iş yeri açılacaq”.
Nobel mükafatlı iqtisadçı Daron Acemoğlu isə xəbərdarlıq edib ki, “Amazon” bu planlarını həyata keçirsə, ABŞ-nin ən böyük işəgötürənlərindən biri artıq iş yaradan deyil, iş yerlərini aradan qaldıran şirkətə çevriləcək.
Gundelik.az

