Yeni araşdırmaya görə, aşağı karbohidratlı pəhrizdən sonra karbohidrat qəbulunun artırılması, xüsusilə onların hansı mənbələrdən alınmasından asılı olaraq, orqanizmdə müxtəlif dəyişikliklərə səbəb olur və immun sisteminə təsir göstərir.
Nyu-York Universitetinin Langone Sağlamlıq Mərkəzinin rəhbərliyi ilə aparılan araşdırmada 18-50 yaş aralığında olan 54 böyüyün iştirak etdiyi nəzarətli qidalanma proqramının nəticələri təhlil edilib.
İştirakçılar 10 həftə izlənilib
Artıq çəkisi və ya piylənməsi olan iştirakçılar əvvəlcə aşağı karbohidratlı pəhriz saxlayıb və təxminən 15 faiz çəki itiriblər. Daha sonra onlar müxtəlif qidalanma qruplarına bölünüb.
Bir qrup aşağı karbohidratlı qidalanmanı davam etdirib, digər qruplar isə yüksək karbohidratlı pəhrizə keçib. Qruplardan birində qəbul edilən karbohidratların əsas hissəsini rafinə edilmiş nişasta təşkil edib.
Rafinə edilmiş nişastaya ağ çörək, ağ düyü, ağ undan hazırlanan məhsullar və emal zamanı lif və bəzi qida maddələri azaldılmış digər taxıl məhsulları daxildir.
Rafinə edilmiş karbohidratlar immun reaksiyanı gücləndirib
Tədqiqatçılar yüksək karbohidratlı qidalanan qrupları müqayisə etdikdə, rafinə edilmiş nişasta qəbul edən qrupda bəzi immun hüceyrələrinin daha aktiv olduğunu müəyyənləşdiriblər.
Həmin qrupda iltihablanma prosesləri ilə əlaqəli bəzi bioloji mexanizmlərin də daha aktiv olduğu müşahidə edilib.
Alimlər bunun rafinə edilmiş karbohidratların qanda şəkərin səviyyəsini daha sürətlə yüksəltməsi ilə əlaqəli ola biləcəyini düşünürlər. Qan şəkərinin sürətli yüksəlməsi immun sisteminin müəyyən hissələrini aktivləşdirərək iltihablanmaya səbəb olur.
Bütün karbohidratlar eyni deyil
Araşdırma “bütün karbohidratlar zərərlidir” nəticəsini ortaya qoymur. Əksinə, nəticələr karbohidratların miqdarı ilə yanaşı, onların hansı qidalardan əldə edilməsinin də əhəmiyyətli olduğunu göstərir.
Tədqiqatçılar yüksək şəkər qəbul edən qrupda bəzi immun reaksiyalarının daha zəif olduğunu da müəyyən ediblər. Lakin bu, şəkərin daha sağlam olduğu anlamına gəlmir. İmmun reaksiyalarının azalması da orqanizm üçün arzuolunmaz nəticələr yaradır.
Alimlər araşdırmanın iştirakçı sayının az və müddətinin cəmi 10 həftə olması səbəbindən daha geniş və uzunmüddətli tədqiqatlara ehtiyac olduğunu bildiriblər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

