Gundelik.az Mədəniyyət və cəmiyyət Metabolizmanın gizli saatı: “Düzgün qidalanıram, bəs niyə arıqlaya bilmirəm?”
Mədəniyyət və cəmiyyət Xəbərlər

Metabolizmanın gizli saatı: “Düzgün qidalanıram, bəs niyə arıqlaya bilmirəm?”

Sağlam qidalanmada yalnız boşqabımıza qoyduqlarımız deyil, onları günün hansı saatında qəbul etdiyimiz də əhəmiyyət daşıyır. Son illərdə diqqət çəkən xronoqidalanma yanaşması qida qəbulu vaxtı ilə orqanizmin bioloji ritmi arasındakı əlaqəni araşdırır. Xüsusilə gec saatlarda yemək və gecə qəlyanaltıları maddələr mübadiləsinə düşündüyümüzdən daha çox təsir göstərir.

Səhər yeməyini ötürmək, naharı gecikdirmək və gün ərzində yaranan aclığı axşam saatlarında bir dəfəyə aradan qaldırmağa çalışmaq bir çox insanın gündəlik vərdişinə çevrilib. Halbuki araşdırmalar göstərir ki, eyni qida günün müxtəlif saatlarında qəbul edildikdə orqanizmdə fərqli metabolik reaksiyalar yaradır.

Məhz bu məqamda xronoqidalanma anlayışı ortaya çıxır və belə bir sual doğurur: Sağlam qidalanmada nə yediyimiz qədər, nə vaxt yediyimiz də önəmlidirmi?

Xronoqidalanma nədir?

Xronoqidalanma qidalanma vaxtı ilə orqanizmin bioloji saatı arasındakı əlaqəni araşdıran elmi istiqamətdir.

Orqanizmimiz düşündüyümüzdən daha nizamlı zaman sistemi ilə işləyir. Yuxu və oyanıqlıq dövründən hormonların ifrazına, bədən temperaturundan qan təzyiqinə, qaraciyərin metabolik fəaliyyətindən insulinə həssaslığa qədər bir çox fizioloji proses təxminən 24 saatlıq sirkadiyalı ritm tərəfindən tənzimlənir.

Bu səbəbdən eyni qidanı günün müxtəlif saatlarında qəbul etmək orqanizmdə eyni reaksiyanı yaratmır.

Məsələn, səhər saatlarında insulinə həssaslıq adətən daha yüksək olur. Gün ərzində bu metabolik reaksiya dəyişir. Gecə isə orqanizm qidanı həzm etməkdən daha çox istirahət və bərpa proseslərinə hazırlaşır.

Beləliklə, xronoqidalanmanın əsas sualı belədir: “Doğru qidanı, doğru miqdarda və doğru zamanda qəbul edirikmi?”

Orqanizmin bioloji saatı var

Beyində, hipotalamusda yerləşən supraxiazmatik nüvə orqanizmin əsas bioloji saatı hesab olunur. Lakin bioloji saat yalnız beyində deyil. Qaraciyər, mədəaltı vəzi, piy toxuması, əzələlər və bağırsaqlar da öz ritmlərinə uyğun fəaliyyət göstərən bioloji saatlara malikdir.

Bu sistemin əsas tənzimləyicilərindən biri işıq və qaranlıq dövrüdür.

Səhər gün işığı almaq, gün ərzində aktiv olmaq və gecə qaranlıqda yatmaq bioloji saatın nizamlı işləməsinə kömək edir.

Qidalanma da bu sistem üçün mühüm zaman siqnallarından biridir. Xüsusilə nizamsız saatlarda yemək, gecə saatlarında enerji qəbul etmək və uzun müddət davam edən gecə qəlyanaltıları metabolik ritmlərin pozulmasına səbəb olur.

Bu baxımdan sağlam qidalanma yalnız nə yediyimizlə deyil, nə vaxt yediyimizlə də bağlı olur.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version