Gundelik.az Mədəniyyət və cəmiyyət İş həyatında daha xoşbəxt olmaq üçün hər saat 5 dəqiqə gəzin
Mədəniyyət və cəmiyyət Xəbərlər

İş həyatında daha xoşbəxt olmaq üçün hər saat 5 dəqiqə gəzin

Ofis işində çalışanlar günün böyük hissəsini elektron məktublara cavab verməkdən onlayn görüşlərə qədər müxtəlif işləri oturaraq keçirirlər. Lakin uzun müddət hərəkətsiz qalmaq artıq çəki, ürək xəstəlikləri və 2-ci tip diabet riskini artırır.

Bəs iş məhsuldarlığını azaltmadan nə qədər və hansı tezlikdə hərəkət etmək lazımdır?

British Journal of Sports Medicine jurnalında dərc olunan və Kolumbiya Universitetinin apardığı araşdırmaya görə, hər saat 5 dəqiqəlik gəzinti fasiləsi həm iş məhsuldarlığını qoruyur, həm də insanın əhval-ruhiyyəsini və ümumi rifahını yaxşılaşdırır.

Əhval-ruhiyyə və diqqət yaxşılaşır

Araşdırmanın rəhbəri Keith Diaz bildirib ki, böyüklər oyaq olduqları vaxtın təxminən dörddə üçünü hərəkətsiz keçirirlər. Onun sözlərinə görə, insanlara daha az oturmaq və daha çox hərəkət etmək tövsiyə olunsa da, bunun nə qədər edilməli olduğu çox vaxt aydın deyil.

Araşdırmada ABŞ-da çalışan 11 mindən çox insan iştirak edib. Onların əksəriyyəti ofis işində çalışır və gündə 8-9 saat işləyirdi.

İştirakçılar əvvəlcə normal iş rejimlərini davam etdirərək yorğunluq, əhval-ruhiyyə və iş performansları ilə bağlı sualları cavablandırıblar. Daha sonra iki həftə ərzində müxtəlif fasilə rejimləri tətbiq olunub: hər 30 dəqiqədən, hər saatdan və hər iki saatdan bir 5 dəqiqəlik gəzinti.

Nəticələr göstərib ki, hər 30 dəqiqədən bir gəzmək əhval-ruhiyyəyə və yorğunluğun azalmasına daha çox kömək etsə də, iş prosesini tez-tez bölür.

Hər iki saatdan bir gəzinti isə heç hərəkət etməməkdən daha yaxşı nəticə verib. Lakin məhsuldarlıq, əhval-ruhiyyə və diqqət baxımından ən optimal və praktik variantın hər saat 5 dəqiqə gəzmək olduğu müəyyənləşdirilib.

Gəzinti iş performansını da artırır

Keith Diaz qeyd edib ki, uzun saatlar oturmaqdan imtina etmək asan deyil. Bir çox işçi fasilə verdikdə rəhbərlərinin və ya həmkarlarının onlar haqqında nə düşünəcəyindən narahat olur.

Lakin hərəkət fasilələri əksinə, iş performansına müsbət təsir göstərir. Gəzinti diqqəti, yaddaşı və digər zehni funksiyaları yaxşılaşdıra, insanın özünü daha rahat və enerjili hiss etməsinə kömək edir.

Bunun üçün mütləq ofisdən çıxmaq da lazım deyil. Ofis daxilində bir neçə dəqiqə gəzmək, telefon danışığı zamanı hərəkət etmək və ya görüşləri gəzərək keçirmək kifayətdir.

İngiltərə Ürək Fondundan Emily McGrath da araşdırmanın nəticələrini müsbət qiymətləndirib. O bildirib ki, gündəlik həyata daha çox hərəkət əlavə etmək ümumi sağlamlığa fayda verir.

Bununla belə, McGrath araşdırmanın iştirakçıların öz məlumatlarına əsaslandığını və qısa müddətli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu cür fasilələrin ürək sağlamlığına uzunmüddətli təsirini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version