Avqust 23, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Arıqlamağı çətinləşdirən saat detalı: Gecə etdiyiniz bu vərdiş bədənin tarazlığını pozur

Gec saatlarda yemək yalnız çəkiyə deyil, qan şəkərinə, maddələr mübadiləsinə və yuxu rejiminə də təsir göstərir. Xüsusilə şəkərli, karbohidrat və yağ baxımından zəngin qidaların gecə saatlarında qəbul edilməsi orqanizmin bioloji ritmi ilə uyğunlaşmır.

Endokrinologiya və Metabolik Xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Serap Baydur Şahinin sözlərinə görə, orqanizmin bir çox funksiyası sirkadiyen ritmlə tənzimlənir. Gec və nizamsız qidalanma aclıq və toxluq siqnallarını pozur, həddindən artıq yeməyə meyli artırır.

Gecə yemək çəkiyə necə təsir edir?

Gün ərzində qəbul edilən enerjinin nə qədər olduğu qədər, onun hansı saatda qəbul edilməsi də önəmlidir. Gec saatlarda müntəzəm yemək uzunmüddətli dövrdə çəkiyə nəzarəti çətinləşdirə və xüsusilə qarın nahiyəsində piylənməni asanlaşdırır.

Mütəxəssis qeyd edir ki, insulinə həssaslıq adətən səhər saatlarında daha yüksək olur. Buna görə eyni miqdarda şəkərli və ya karbohidratlı qida gecə qəbul edildikdə, yeməkdən sonra qan şəkəri və insulin səviyyəsi gündüzə nisbətən daha çox artır.

Diabet riskinə də təsir göstərir

Gecə yemək təkbaşına diabetə səbəb olmur. Ümumi qidalanma, qəbul edilən kalori, fiziki aktivlik, yuxu rejimi və genetik meyillilik də mühüm rol oynayır. Lakin gec saatlarda müntəzəm qidalanma çəki artımını və insulin həssaslığının azalmasını asanlaşdırır.

Yatmazdan əvvəl yemək reflünü artırır

Xüsusilə yatmazdan az əvvəl böyük, yağlı və ya ədviyyatlı yeməklər qəbul etmək reflü və həzmsizlik şikayətlərini artırır. Yeməkdən dərhal sonra uzanmaq mədə möhtəviyyatının qida borusuna geri qayıtmasını asanlaşdırır.

Yuxu keyfiyyəti də pisləşir

Ağır və yağlı yeməklərin həzmi uzun çəkdiyi üçün yuxuya getmək çətinləşir, gecə ərzində oyanmalar artır. Yuxusuzluq isə iştahı tənzimləyən hormonlara təsir edərək yüksək kalorili qidalara meyli artırır.

Axşam yeməyi nə vaxt bitməlidir?

Mütəxəssis ümumiyyətlə axşam yeməyinin yatmazdan ən azı 4-5 saat əvvəl tamamlanmasını tövsiyə edir. Gecə acdıqda isə tamamilə ac qalmaq əvəzinə kiçik porsiyada yoqurt, bir qədər çərəz və ya zülal və liflə zəngin yüngül qidalar seçilməlidir.

Gün ərzində kifayət qədər və balanslı qidalanmaq da vacibdir. Yemək ötürmək və gün ərzində çox az qidalanmaq axşam saatlarında həddindən artıq aclığa və nəzarətsiz qəlyanaltılara səbəb olur.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az