İyul 17, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Arıqlama iynələrinin elmi həqiqətləri: Möcüzəvi həll, yoxsa müvəqqəti çıxış yolu?

Son dövrlərin ən çox müzakirə olunan sağlamlıq mövzularından biri arıqlama iynələridir. Bəzi insanlar artıq çəkidən xilas olmaq üçün həkimə müraciət edir, digərləri isə tibbi müayinədən keçmədən yaxınlarının tövsiyəsinə və ya sosial mediada gördüklərinə əsaslanaraq bu müalicəyə başlayırlar. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, bu preparatlar yalnız həkim nəzarəti altında istifadə olunmalıdır.

Daxili xəstəliklər üzrə mütəxəssis, dosent Alpay Medetalibeyoğlu bildirib ki, son vaxtlar qəbuluna gələn xəstələrin ən çox verdiyi suallardan biri məşhur arıqlama iynələri ilə bağlıdır.

Onun sözlərinə görə, arıqlama iynələri piylənmənin müalicəsində ən güclü vasitələrdən biri hesab olunsa da, möcüzəvi həll deyil. Bu preparatlar yalnız düzgün xəstə seçimi, müntəzəm həkim nəzarəti və həyat tərzinin dəyişdirilməsi ilə birlikdə effektiv nəticə verir. Buna görə də, şayiələrə deyil, elmi faktlara əsaslanmaq vacibdir.

Mütəxəssis piylənmənin müalicəsində istifadə olunan arıqlama iynələri barədə bilinməsi vacib olan 10 əsas məqamı açıqlayıb.

Kosmetik məqsəd üçün nəzərdə tutulmayıb

Bu iynələr toy və ya hər hansı tədbirdən əvvəl cəmi bir neçə kiloqram arıqlamaq istəyənlər üçün deyil. Dünya Səhiyyə Təşkilatı piylənməni xroniki xəstəlik kimi qəbul edir. Preparatlar əsasən bədən kütlə indeksi yüksək olan, həmçinin 2-ci tip diabet, hipertoniya kimi piylənmə ilə əlaqəli xəstəlikləri olan şəxslər üçün nəzərdə tutulub.

Piylənmənin ağır fəsadlarının qarşısını alır

Arıqlama iynələrinin əsas üstünlüyü yalnız çəki azaltmaq deyil. Çəkinin azalması infarkt riskini, yuxu apnesini, qaraciyərin piylənməsini, oynaq problemlərini və digər ağırlaşmaları əhəmiyyətli dərəcədə azaldır. Əsas məqsəd insanın ümumi sağlamlığını bərpa etməkdir.

Toxluq hissi yaradaraq təsir göstərir

Preparatlar mədənin boşalma prosesini ləngidir və beyində iştah mərkəzinə toxluq siqnalı göndərir. Nəticədə insan daha az qida qəbul edir və porsiyalara nəzarət etmək asanlaşır.

Müalicə müddəti fərdi müəyyən edilir

Piylənmə xroniki xəstəlik olduğundan, müalicə də uzunmüddətli olur. Preparatın istifadəsi aylarla, bəzən isə illərlə davam edir. Müalicə müddəti xəstənin vəziyyətinə, preparata reaksiyasına və hədəf çəkiyə uyğun olaraq fərdi şəkildə planlaşdırılır.

Preparat dayandırıldıqdan sonra çəki geri qayıdır

Əgər müalicə müddətində sağlam qidalanma və fiziki aktivlik vərdişləri formalaşdırılmayıbsa, preparat dayandırıldıqdan sonra iştah yenidən arta və itirilən çəki geri qayıdır. Mütəxəssis bildirir ki, bu preparatlar insanın yeni və sağlam həyat tərzi qurması üçün bir fürsət yaradır.

Doza tədricən artırılmalıdır

Yan təsirlərin qarşısını almaq üçün müalicəyə aşağı dozadan başlanılır və həftələr ərzində doza mərhələli şəkildə artırılır. Dozanın tələsik artırılması ciddi sağlamlıq problemlərinə səbəb olur.

Ən çox rast gəlinən yan təsirlər

Ən çox müşahidə olunan yan təsirlər həzm sistemi ilə əlaqədardır. Bulantı, qusma, ishal, qəbizlik və mədə spazmları yarana bilər. Bu əlamətlər adətən müalicənin əvvəlində və ya doza artırıldıqda ortaya çıxır, sonradan isə zəifləyir.

Başqasının məsləhəti ilə istifadə etmək təhlükəlidir

Əvvəllər pankreatit keçirmiş şəxslər, öd kisəsində daşı olanlar və ya ailəsində medulyar qalxanabənzər vəzi xərçəngi olan insanlar üçün bu preparatlar risk yaradır. Buna görə də, “başqası istifadə edib, mən də istifadə edim” düşüncəsi ilə bu müalicəyə başlamaq qətiyyən doğru deyil.

Sağlam qidalanma və idman vacibdir

Arıqlama iynələri sağlam qidalanma və fiziki aktivlik olmadan istənilən nəticəni vermir. Əzələ kütləsinin qorunması üçün kifayət qədər zülal qəbulu və güc məşqləri müalicənin ayrılmaz hissəsidir.

Mütləq həkim nəzarəti altında istifadə olunmalıdır

Mütəxəssisin sözlərinə görə, preparata başlamaq, dozanı tənzimləmək, yan təsirləri izləmək və müalicəni dayandırmaq yalnız ixtisaslı həkimin nəzarəti altında həyata keçirilməlidir.

Dosent Alpay Medetalibeyoğlu vurğulayır ki, düzgün seçilmiş xəstələrdə və peşəkar tibbi nəzarət altında bu preparatlar həyat qurtaran nəticələr verir. Lakin uğurun əsas sirri təkcə preparatda deyil, xəstənin sağlam həyat tərzinə sadiq qalmasında və müalicə prosesində həkimlə sıx əməkdaşlıq etməsindədir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az