İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Argentinanın keçmiş prezidentinin həbs cəzası ev dustaqlığı ilə əvəzlənib

Argentinanın federal məhkəməsi korrupsiya işi ilə bağlı 6 il həbs və ömürlük dövlət vəzifəsində işləməyə qadağa qoyulan keçmiş prezident Kristina Fernandes de Kirşnerin cəzasını ev dustaqlığı ilə əvəz edib.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, məhkəmə bu qərarı Kirşnerin yaşı (72) və 2022-ci ildə məruz qaldığı sui-qəsd cəhdi əsasında verib.

Kristina Fernandes de Kirşner evini yalnız məhkəmə icazəsi ilə və ya fövqəladə hallarda tərk edə biləcək.

Qərardan sonra onlarla insan Kirşnerin evinin ətrafına toplaşaraq öz dəstəklərini nümayiş etdiriblər.

2007-2015-ci illərdə ölkəyə rəhbərlik etmiş Kirşner 2022-ci il dekabrın 6-da ona qarşı korrupsiya ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Santa Kruz əyalətində yol tikintisi müqavilələrini biznesmen Lazaro Baezə qanunsuz olaraq verməkdə təqsirli bilinib.

İyunun 10-da Ali Məhkəmənin yekdilliklə təsdiq etdiyi korrupsiya işi üzrə Kirşnerə 6 il həbs cəzası verilib və ömürlük dövlət vəzifəsində işləmək qadağan edilib.

Gundelik.az