8 Noyabr — Zəfər Günü, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış möhtəşəm bir gündür. Bu gün təkcə torpaqların azadlığı deyil, həm də xalqın birliyinin, ruhunun və inamının təntənəsidir. Bu münasibətlə biz mediasiya üzrə tanınmış moderator Aqil Əsgərovla söhbətləşdik. O, Zəfər Gününün milli həmrəyliyə və barış mədəniyyətinə təsirindən danışdı.
Müsahibəni təqdim edirik:
Aqil müəllim, Zəfər Gününün Azərbaycan cəmiyyətində yaratdığı milli birlik mediasiya institutunun inkişafına necə təsir göstərir?
Zəfər Günü xalqımızın bir yumruq kimi birləşdiyi, həmrəyliyin ən ali təzahür etdiyi gündür. Bu birlik hissi insan münasibətlərinə də sirayət etdi. Mediasiya da elə bu birliyin davamıdır – o, qarşıdurmanı deyil, barışı seçir. Biz savaş meydanında qələbə qazandıq, indi isə həyatın hər sahəsində sülhü qorumaq mərhələsindəyik. Mediasiya bu yolun ən humanist vasitəsidir.
Vətən müharibəsi qaziləri və şəhid ailələri ilə bağlı mübahisələrdə mediasiya hansı həssas yanaşmanı tələb edir?
Bu mövzu çox incədir. Qazilər və şəhid ailələri bizim qürurumuzdur. Onlarla bağlı məsələlərdə mediatorun rolu təkcə hüquqi deyil, həm də mənəvi xarakter daşıyır. Mediator həmin insanların ağrısını, qürurunu, yaşadığı emosional yükü anlamalıdır. Bu zaman empatiya əsas silahdır. Bəzən bir isti söz, bir anlayışlı baxış, bir səssiz dinləmə belə mübahisəni aradan qaldıra bilər.
– Qarabağdan olan insanların emosional vəziyyəti mediasiya prosesində necə nəzərə alınmalıdır?
Qarabağ insanı uzun illər itki, köçkünlük və müharibə travması yaşayıb. Onların içində sönməyən bir yanğı, amma eyni zamanda böyük bir dözüm var. Mediasiyada bu emosional vəziyyəti nəzərə almaq vacibdir.Biz bu insanlara yalnız “haqqınızı tapın” deməməliyik, həm də “sakitliyinizi qoruyun” deməliyik. Mediasiya bəzən məhkəmədən daha dərin müalicə effekti yaradır, çünki o, həm qanunu, həm vicdanı işə salır.
Zəfər Günündən sonra mediasiya institutunun qarşısında hansı hədəflər dayanır?
Qələbədən sonra Azərbaycan üçün yeni dövr – quruculuq və barış dövrü başladı. Bu dövrdə mediasiya cəmiyyətin mədəni yaddaşına çevrilməlidir. Qarabağda yenidən qurulan məktəblərdə, müəssisələrdə, icmalarda mediasiya mədəniyyəti öyrədilməlidir. Uşaqlar, gənclər anlamalıdır ki, qalib olmaq bəzən bağışlamaqla da mümkündür. Barışa yönəlmiş düşüncə gələcəyin ən böyük zəfəridir.
Sizcə, cəmiyyətimizdə “qalib olmaq yox, barışmaq” düşüncəsi kifayət qədər formalaşıbmı?
Biz bu düşüncənin astanasındayıq. Zəfər bizə göstərdi ki, insan yalnız qələbə ilə deyil, anlaşmaqla da ucalır. Bəzən bir addım geri atmaq, bir sözü susmaq, bir ürəyi incitməmək ən böyük qələbədir. Zəfər Günü həm qürurun, həm də barışın bayramıdır. Həqiqi zəfər savaşdan sonra deyil, insanların bir-birinə ədalətlə və mərhəmətlə yanaşdığı andan başlayır.
Aqil müəllim, bəs bir mediator və bir ata kimi – Arizin qəhrəmanlığında hansı mənəvi dəyərləri görürsünüz? Bu haqda Gundelik.az oxucularına nə deyə bilərsiniz?
Qürurum — oğlum, Müharibə Veteranı Əsgərov Ariz Aqil oğlu… Bir ata üçün dünyada ən böyük qürur, Vətənə xidmət edən, torpaq uğrunda vuruşan bir övlad yetişdirməkdir. Mən 44 günlük Vətən müharibəsinin iştirakçısı, Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmanlıq göstərmiş, müharibə veteranı, medallarla təltif olunmuş oğlum Ariz Əsgərov ilə fəxr edirəm. Ariz — cəsarətin, mərdliyin və Vətən sevgisinin canlı nümunəsidir. O, düşmənlə üz-üzə gələndə qorxmadı, çəkinmədi, yalnız bir söz düşündü — “Vətən!” Bu inamla döyüşdü, bu inamla qalib ordunun bir parçası oldu.
Bu gün onun sinəsində parlayan medallar təkcə metal deyil — onlar qəhrəmanlıq, vətənpərvərlik və fədakarlığın simvoludur. Hər medal bir döyüşün, bir xatirənin, bir fədakarlığın nişanəsidir. Sonda onu qeyd edim ki, bir ata kimi fəxr edirəm ki, oğlum bu torpaqların azadlığı uğrunda canını və gücünü əsirgəmədi. O, Vətəninə, bayrağına və xalqına sədaqət andını ləyaqətlə yerinə yetirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və müharibə iştirakçılıarına can sağlığı arzu edirəm.
Sonda Zəfər Günü münasibətilə xalqımıza nə demək istərdiniz?
Qələbə təkcə meydanda deyil, münasibətlərdə də qazanılır. Aramızda ədalət, anlayış və dinləmə mədəniyyəti bərqərar olsa, bu, əsl Zəfər ruhunun davamıdır. Biz torpaqlarımızı azad etdik, indi isə ürəklərimizdə barışı azad etməyin vaxtıdır.
Gundelik.az olaraq aktual mövzulara toxunduğu üçün peşəkar hüquqşünas–mediator Aqil Əsgərova təşəkkürümüzü bildiririk.

Gundelik.az
