Texnologiya nəhəngi “Apple” bazar dəyərini 4 trilyon dollar həddindən yuxarı qaldıraraq, bu səviyyəyə çatan nadir ictimai şirkətlərdən biri olub. Beləliklə, “Apple” bazar dəyəri bu göstəriciyə daha əvvəl çatmış “Nvidia” və “Microsoft” kimi nəhənglərin sırasına qoşulub.
Gundelik.az xəbər verir ki, çərşənbə axşamı günü şirkətin səhmləri 0,1 faiz artaraq yüksəlişini davam etdirib. Bu artımda xüsusilə iPhone 17 modelinin ABŞ kimi əvvəllər çətinlik yaşanan bazarlarda güclü satış göstəriciləri mühüm rol oynayıb.
İlin əvvəlində Donald Tramp administrasiyasının tətbiq etdiyi gömrük tarifləri, süni intellekt məhsullarındakı gecikmələr və yerli istehsala təzyiqlər səbəbindən “Apple”in dəyəri xeyli azalmış, şirkət yalnız bir ticarət günündə 310 milyard dollar itirmişdi. Lakin son həftələrdəki canlanma investorların markaya inamının qorunduğunu göstərir.
“AAppl”ın bu yeni rekordu, süni intellekt texnologiyalarının “Wall Street”də texnoloji səhmləri rekord səviyyələrə daşıdığı bir dövrdə əldə edilib. “NNvidi”nın süni intellekt çiplərində liderliyi və “Microsoft”un bulud texnologiyalarındakı gücü “Apple”ın bu yarışda geri qalmasına baxmayaraq, bazarda güclü mövqeyini qorumağa imkan verib.
Mütəxəssislərin fikrincə, süni intellekt bu gün Wall Street üçün smartfon və ya internet qədər transformativ bir texnologiyaya çevrilib.
“Apple”ın dəyəri 2018-ci ilin avqustunda ilk dəfə 1 trilyon dollar, 2020-ci ildə 2 trilyon dollar, 2022-ci ildə isə 3 trilyon dolları keçmişdi. 2023-cü ilin iyununda şirkət bu səviyyəni möhkəmləndirib.
“Wedbush Securities” analitiki Den Aives bildirib: “Tim Kuk və komandası nəhayət iPhone 17 ilə istədikləri uğura çatdılar. İndi bazar şirkətin süni intellekt üzrə geniş strateji yol xəritəsini səbirsizliklə gözləyir”.
Gundelik.az
