Antarktidada yerləşən və dünyanın ən cənubdakı aktiv vulkanı olan Erebus dağı hər gün atmosferə mikroskopik ölçülü saf qızıl kristalları buraxaraq alimlərin diqqətini çəkməyə davam edir.
Lava, kül və dağıntılar adətən vulkanlarla əlaqələndirilir. Lakin Antarktidanın Ross adası üzərində ucalan Erebus vulkanı bu təsəvvürü dəyişdirir. O, Cənub qütbündən təxminən 1350 kilometr məsafədə yerləşir və daxilində daim qaynayan lava gölü ilə tanınır.
Alimlər müəyyən ediblər ki, vulkandan yüksələn qazların tərkibində mikroskopik ölçülü elementar qızıl kristalları mövcuddur.
Hər gün təxminən 80 qram qızıl tozu
Araşdırmalara görə, Erebus vulkanı hər gün təxminən 80 qram saf qızıl tozunu atmosferə buraxır. Bu hissəciklər küləklə 1000 kilometrə qədər, bəzən daha uzaq məsafələrə daşına bilir.
Digər vulkanlarda, məsələn, Kīlauea və Etna vulkanlarında da qızıl izləri aşkarlanıb. Lakin Erebusu fərqləndirən cəhət qızılın demək olar ki, mükəmməl kristallar şəklində atmosferə yayılmasıdır.
Sirli kristallar necə yaranır?
Vulkanların dərinliklərində mis, gümüş, civə və qızıl kimi müxtəlif elementlər ərimiş halda olur. Qızıl yüksək qaynama temperaturuna malik olduğundan buxarlanmır. Bunun əvəzinə, xlor və ya kükürd tərkibli vulkanik qazlarla birləşərək yuxarı daşınır.
Tədqiqatçılar krater ətrafındakı qardan, qaz buludlarından və hətta vulkandan 1000 kilometr uzaqlıqdakı atmosfer qatından nümunələr götürüblər.
Elektron mikroskopu altında aparılan analizlər göstərib ki, qızıl hissəcikləri təxminən 60 mikrometr ölçüsündədir və qeyri-müntəzəm deyil, demək olar ki, mükəmməl həndəsi formaya malik kristallar şəklindədir.
Alimlər hələ də cavab axtarırlar
Qızılın qazlardan ayrılaraq bu cür mükəmməl kristallara necə çevrildiyi hələ də tam izah olunmayıb.
Əsas ehtimallardan biri odur ki, qızıl xlorlu qazlarla birlikdə yüksəlir, qazlar sürətlə soyuduqda isə kristallaşaraq Antarktida buzlarının üzərinə çökür.
Başqa bir nəzəriyyəyə görə isə kristallar əvvəlcə lava gölünün səthində əmələ gəlir, daha sonra yüksələn qazların təsiri ilə havaya qalxır.
Bu hadisə 30 ildən çox əvvəl kəşf olunsa da, Erebus vulkanının bu unikal xüsusiyyətinin dəqiq səbəbi hələ də elm üçün tam aydın deyil.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
