İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Amerikalılar yay səyahətində planlarını dəyişir: bahalı tətillər yerini daha yaxın və ucuz seçimlərə verir

2026-cı ilin yayı bir çox amerikalı üçün böyük səyahətlər ili olmalı idi. Amma yanacaq qiymətlərinin artması, uzun marşrutlarla bağlı qeyri-müəyyənlik və iqtisadi narahatlıqlar insanların planlarını dəyişməsinə səbəb olur. ABŞ-lı səyahətçilər artıq ya daha yaxın istiqamətlər seçir, ya səfərləri qısaldır, ya da ümumiyyətlə daha ucuz alternativlərə keçir.

Yaxınlaşan yay mövsümü kifayət qədər mürəkkəb görünür: Yaxın Şərq üzərindən uçuş marşrutlarının pozulması, benzin və aviasiya yanacağının bahalaşması, Spirit Airlines aviaşirkətinin fəaliyyətini dayandırması və hətta kruiz gəmisində hantavirus hadisəsi insanların səyahət qərarlarına təsir edir.

US News and World Report-un yeni sorğusuna görə, amerikalıların 65%-i qiymət artımına görə yay planlarını artıq dəyişib. Onların 31%-i isə ya istiqaməti dəyişib, ya da tətilini tamamilə ləğv edib. Bununla belə, insanların təxminən üçdə ikisi yenə də bu yay səyahət etməyi planlaşdırır, amma Ibotta Summer Outlook araşdırması göstərir ki, hər üç nəfərdən biri əvvəlki illərlə müqayisədə daha az səfər edəcək.

Lüks tur operatoru Scott Dunn şirkətinin qlobal idarəedici direktoru Alison Zacher deyir ki, “2026-cı ilin yayı üç əsas anlayış ətrafında formalaşır: güvən, rahatlıq və təhlükəsizlik hissi”. Onun sözlərinə görə, mart ayından bəri turistlər daha təhlükəsiz görünən, çatması asan olan və yerində yaxşı dəstək təklif edən istiqamətlərə üstünlük verir.

Bu dəyişikliklər insanları ciddi seçimlər etməyə vadar edir: Disney World əvəzinə Smoky Mountains, ölkəboyu uçuşlar əvəzinə yaxın şəhərlərə həftəsonu səfərləri, uzun yol macəraları əvəzinə qısa istirahətlər seçilir.

Səyahət məsləhətçisi Jim Augerinos bildirib ki, insanlar hələ də təcrübə yaşamaq istəyirlər, sadəcə buna daha ağıllı yanaşırlar. Onun sözlərinə görə, indi daha çox Montana rançoları, Utah və Wyoming milli parkları kimi daxili istiqamətlərə maraq var. Bahalı beynəlxalq səfərlər isə “vəziyyət sakitləşənə qədər” təxirə salınır.

Çikaqolu Walter Bennett ailəsi ilə birlikdə bu il nəhayət Orlando şəhərindəki Disney World-a getməyi planlaşdırırdı. Amma fevral ayında şirkətində ixtisarlar başlayandan sonra təxminən 9 min dollarlıq səfər ona riskli görünüb. O deyir ki, işini qorusa da, komandasındakı iki nəfərin işdən çıxarılması onu narahat edib.

Nəticədə ailə Tennessee ştatındakı Smoky Mountains bölgəsinə avtomobil səfəri planlaşdırıb. Çikaqodan doqquz saatlıq məsafədə yerləşən Gatlinburg yaxınlığında bir dağ evi kirayələyiblər. Bennett hesab edir ki, bütün səfər maksimum 2500 dollara başa gələcək. Evdə mətbəx olduğuna görə yemək xərclərinə də qənaət edə biləcəklər.

Digər tərəfdən, bəzi insanlar üçün əsas problem təhlükəsizlik və qeyri-müəyyənlikdir. New Mexico State University-də professor olan Jagdish Khubchandani anasının əməliyyatı üçün Dehliyə getməyi planlaşdırırdı. Amma İran ətrafındakı vəziyyət və hava məkanları ilə bağlı xəbərdarlıqlar onu tərəddüdə salıb. O, hazırda Avropa üzərindən alternativ marşrutların yaranmasını gözləyir.

Səyahət şirkəti Intrepid Travel-in rəhbərlərindən Joanna Reeve isə bildirir ki, insanlar səyahətdən tam imtina etmirlər — sadəcə hara, nə vaxt və necə getdiklərini dəyişirlər.

Yanacaq qiymətlərinin kəskin artması klassik Amerika avtomobil səyahətlərinə də təsir edib. Oregon sakini Eric Goranson sevgilisi ilə birlikdə Boston Red Sox və Seattle Mariners oyununu izləmək üçün Boston səfəri planlaşdırmışdı. Amma artan xərclərə görə onlar bu planı ləğv edib Seattle-da keçiriləcək oyunlara getməyə qərar veriblər. Bu seçim həm daha ucuz başa gəlir, həm də onlara Oregon və Washington ştatlarında əlavə kamp səfərləri etməyə imkan yaradır.

Bəzi turistlər isə böhranda fürsət görür. Tez-tez səyahət edən Janice Lintz Yaxın Şərq üzərindən uçuşlardan qaçsa da, turist sayının azalması səbəbilə daha sərfəli olmuş istiqamətlər axtarır. O, yaxın zamanda Seyşel adalarına gedib və bildirib ki, əvvəlki illərlə müqayisədə həm qiymətlər aşağı olub, həm də çimərliklər daha boş idi.

Lintzin sözlərinə görə, “İnstagram dövründə tamamilə boş çimərlik tapmaq artıq nadir haldır.”

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az