Amerikalı müğənni Keti Perri tamamilə qadınlardan ibarət komanda ilə “Blue Origin” raketi vasitəsilə bu gün ABŞ-nin Texas ştatından kosmosa səyahət edəcək.
Gundelik.az xarici KİV-lərə istinadən xəbər verir ki, məşhur müğənnini “Amazon”un qurucusu Cef Bezosun nişanlısı Lauren Sançes də daxil olmaqla daha beş qadın müşayiət edəcək.
Perri uçuşdan əvvəl “Elle” nəşrinə deyib: “Mən bu səfəri qızım Deyzi üçün edirəm. Onu xəyallarına məhdudiyyət qoymamaqda ruhlandırmaq istəyirəm”.
“Mən onun məktəbə getdiyini və “anam kosmosa getdi” dediyini təsəvvür edirəm. Onun gözlərindəki işığı görəndə həyəcanlanıram”, – müğənni bildirib.
Təxminən 10 dəqiqə davam edəcək uçuş zamanı ekipaj beynəlxalq səviyyədə kosmos sərhədi kimi qəbul edilən Karman xəttindən kənara çıxacaq. Onlar qısa müddət ərzində yerlərini tərk edərək sıfır cazibə mühitində sərbəst hərəkət edə biləcəklər.
Məlumata görə, bu missiya 1963-cü ildə rusiyalı kosmonavt Valentina Tereşkovanın tarixi uçuşundan sonra tamamilə qadınlardan ibarət ilk kosmik ekipajdır.
Gundelik.az
