Amerikanın “Amazon.com Inc.” şirkətinin bulud hesablama bölməsi olan “Amazon Web Services” (AWS) növbəti altı il ərzində Cənubi Koreyaya 7 trilyon von (təxminən 4,89 milyard dollar) məbləğində əlavə sərmayə yatırmağı planlaşdırır.
Gundelik.az xəbər verir ki, bu barədə məlumatı AWS yayıb.
Yeni sərmayə 2025–2031-ci illəri əhatə edəcək və ölkənin süni intellekt infrastrukturunun genişləndirilməsinə yönəldiləcək. Qeyd edək ki, AWS bundan əvvəl də Cənubi Koreyaya 5,6 trilyon von dəyərində investisiya yatırıb.
Şirkət yerli SK Group ilə əməkdaşlıq çərçivəsində Ulsan şəhərində (ölkənin cənub-şərqində) ölkənin ən böyük məlumat mərkəzinin tikintisini həyata keçirəcək. Tikintinin 2027-ci ilə qədər başa çatdırılması planlaşdırılır.
Cənubi Koreya hökuməti dünyanın aparıcı üç süni intellekt mərkəzindən birinə çevrilməyi hədəfləyir və süni intellekti iqtisadi inkişafın əsas mühərriklərindən biri kimi görür.
AWS daha əvvəl Yaponiya, Avstraliya, Yeni Zelandiya və Sinqapurda da oxşar investisiya planlarını elan edib.
Gundelik.az
