“Amazon” ABŞ Federal Ticarət Komissiyası (FTC) ilə iki illik məhkəmə çəkişməsindən sonra 2,5 milyard dollar ödəməyə razılaşıb. İttihamlara görə, şirkət milyonlarla müştərini aldataraq Prime üzvlüyünə yazdırıb və ləğv prosesini çətinləşdirib.
Gundelik.az xəbər verir ki, FTC-nin məlumatına əsasən, müqavilə çərçivəsində “Amazon” 1 milyard dollar inzibati cərimə ödəyəcək. Bundan əlavə, 35 milyon müştəriyə ümumilikdə 1,5 milyard dollar geri qaytarılacaq. Bu qərar FTC tarixində bir qayda pozuntusuna görə tətbiq edilən ən böyük maliyyə sanksiyası və agentliyin ikinci ən iri kompensasiya məbləği kimi qeydə alınıb.
Şirkət ittihamları qəbul etməyib. Amazon sözçüsü Mark Blafkin açıqlamasında bildirib: “Biz müştərilərimizə həm üzvlüklərini başlamaq, həm də ləğv etmək üçün aydın və sadə seçimlər təqdim edirik. Bu razılaşma bizə müştərilər üçün innovasiyalara diqqət yetirməyə imkan verəcək.”
Müqaviləyə əsasən, “Amazon” artıq qeydiyyat ekranlarında “Xeyr, pulsuz göndərmə istəmirəm” kimi seçimlər təqdim etməyəcək. Həmçinin Prime üzvlük şərtləri daha aydın izah olunacaq və ləğv prosesi sadələşdiriləcək.
Hazırda Prime üzvlüyü ayda 14,99 dollar və ya ildə 139 dollara başa gəlir. Xidmət sürətli çatdırılmadan onlayn məzmuna qədər geniş imkanlar təklif edir. 2024-cü ildə Prime 44 milyard dollar gəlir əldə edib. Müstəqil təhlillərə görə, 2025-ci ilin mart ayına qədər ABŞ-da təxminən 197 milyon Prime abunəçisi olub.
Ekspertlər hesab edirlər ki, 2,5 milyard dollarlıq təzminat Prime-nin ləğv prosesini daha şəffaf edə bilər, lakin xidmətin bazardakı dominant mövqeyinə ciddi təsir göstərməyəcək. Keçmiş FTC sədri Lina Khan isə bildirib ki, Amazon bu razılaşma ilə potensial məhkəmə məhkumluğundan yayınsa da, şirkətin miqyası nəzərə alınarsa, cərimə “nisbətən kiçik məbləğ” hesab olunur.
Gundelik.az
