İyul 8, 2026
Baku
Dünya Xəbərlər

“Amazon” bu ölkəyə 4,4 milyard dollar sərmayə yatıracaq

“Amazon.com Inc.” Yeni Zelandiyada bulud infrastrukturunun inkişafına 7,5 milyard Yeni Zelandiya dolları (təxminən 4,4 milyard ABŞ dolları) həcmində sərmayə qoyacaq.

Gundelik.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, uzunmüddətli investisiya ölkədə məlumatların emalı mərkəzlərinin (MƏM) tikintisi və dəstəklənməsinə yönəldiləcək.

“Amazon”un Yeni Zelandiyadakı bulud əməliyyatlarının genişləndirilməsi nəticəsində ölkənin ümumi daxili məhsuluna (ÜDM) təxminən 10,8 milyard Yeni Zelandiya dolları əlavə olunacaq, hər il orta hesabla 1000-dən çox yeni iş yeri yaradılacaq.

“Yeni Zelandiyada “Amazon Web Services” (AWS) əməliyyatlarının işə düşməsi ölkə daxilində bulud xidmətlərinə artan tələbatı qarşılamağa və müxtəlif ölçülü təşkilatlara rəqəmsal transformasiyanı sürətləndirmək imkanı verəcək”, – deyə məlumatda qeyd olunub.

“Amazon” həmçinin məlumat mərkəzlərində işləmək üçün yerli mütəxəssisləri işə götürməyi və onları hazırlamağı planlaşdırır. Şirkət bununla yanaşı, Çili, Səudiyyə Ərəbistanı və Avropada da AWS əməliyyatlarını genişləndirməyi nəzərdə tutur.

Gundelik.az