İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

Almaniyanın iqtisadi artım proqnozu açıqlanıb

Almaniyada iqtisadi gözləntilər dörd ay sonra ilk dəfə azalaraq avqust ayında kəskin düşüb. ZEW Tədqiqat İnstitutu tərəfindən hazırlanmış investor və analitiklərin növbəti altı ay üçün iqtisadi gözləntilər indeksi iyulda 2022-ci ildən bəri maksimum olan 52,7 bənddən avqustda 34,7 bəndə enib. Bu, son dörd ayda ilk geriləmədir.

Gundelik.az-ın “Trading Economics”ə istinadən məlumatına görə, analitiklər göstəricinin orta hesabla 40 bəndə düşəcəyini proqnozlaşdırırdılar.

ZEW prezidenti Axim Vambax bildirib ki, maliyyə bazarı ekspertləri elan olunmuş Aİ–ABŞ ticarət razılaşmasından məyus olublar. Onun sözlərinə görə, 2025-ci ilin ikinci rübündə Almaniya iqtisadiyyatının zəif nəticələri göstəriciyə mənfi təsir göstərib. Xüsusilə kimya və əczaçılıq sənayesi üzrə proqnozlar pisləşib, maşınqayırma, metal və avtomobil sənayesi də ciddi zərbə alıb.

Mövcud vəziyyətə dair indeks isə iyuldakı mənfi 59,5 bənddən mənfi 68,6 bəndə düşüb.

Avrozonada iqtisadi gözləntilər indeksi avqustda 11 bənd azalaraq 25,1 bəndə enib. Ekspertlər bu göstəricinin 28,1 bənd olacağını gözləyirdilər.

Valyuta blokunda mövcud iqtisadi vəziyyətin qiymətləndirilməsi indeksi də 7 bənd azalaraq mənfi 31,2 bənd təşkil edib.

Gundelik.az