Almaniya dron insidenti fonunda Polşa ilə sərhədə iki çoxməqsədli “Eurofighter” qırıcısı göndərməyə hazırlaşır.
Gundelik.az xəbər verir ki, bu barədə “Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Sentyabrın 10-na keçən gecə Polşa öz ərazisində ən azı 23 pilotsuz uçan aparat (PUA) vurub. Baş nazir Donald Tusk insidentdə Rusiya tərəfini günahlandırıb və NATO Nizamnaməsinin 4-cü maddəsinə uyğun olaraq müttəfiqlərlə məsləhətləşmələr tələb edib.
Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas və Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiya tərəfindən Polşaya PUA-ların göndərildiyini bildiriblər. Belarus tərəfi isə PUA-ların elektron müharibə nəticəsində itdiyini iddia edib və bu məlumatı dərhal Varşavaya çatdırıb.
Qərb ölkələri və Ukrayna anti-Rusiya sanksiyalarının artırılmasını tələb edib, Polşa isə müttəfiqlərindən əlavə hava hücumundan müdafiə sistemləri və PUA texnologiyaları istəyib.
Daha əvvəl Avropa rəhbərliyi Trampın Polşadakı PUA insidentinə reaksiyasından narahatlığını ifadə etmişdi.
Gundelik.az
