Almaniya kansleri Fridrix Merts Almaniya şirkətlərinin böyük ticarət balanssızlığı barədə xəbərdarlıq etdiyi bir vaxtda Çinə səfər edib. Federal statistika məlumatlarına görə, ötən il Almaniyanın Çindən idxalı Çinə ixracdan iki dəfədən çox olub.
Merts Pekinə yola düşməzdən əvvəl bildirib ki, Almaniya Çinlə “balanslı, etibarlı, tənzimlənmiş və ədalətli tərəfdaşlıq” istəyir. O, həmçinin Ukrayna müharibəsinin bitməsi üçün Çinin Moskvaya təsir göstərməsini istəməyi planlaşdırır, lakin böyük ticarət kəsiri danışıqlara kölgə salır.
2025-ci ildə Çin ABŞ-ı geridə qoyaraq Almaniyanın ən böyük ticarət tərəfdaşı olub. Həmin il Almaniya Çindən 170,6 milyard avro dəyərində mal idxal edib, Çinə ixrac isə 81,3 milyard avroya düşüb.
Alman İqtisadi İnstitutunun ekspertləri bildirir ki, Çinlə ticarət xüsusilə avtomobil, maşınqayırma və kimya sektorlarını zəiflədir və bunun əsas səbəbi Çin subsidiyaları və valyutanın ucuz saxlanılmasıdır. Çin isə bu iddiaları rədd edir.
Avropada artan ticarət kəsiri “yeni Çin şoku” adlandırılır. Mütəxəssislər bunun pandemiya, Ukrayna müharibəsi və Çində həddindən artıq istehsal nəticəsində ucuz Çin mallarının Avropaya axını ilə bağlı olduğunu deyir.
Ucuz Çin məhsulları Almaniya iqtisadiyyatında narahatlıq yaradıb, xüsusilə elektrik avtomobillərinə keçid dövründə avtomobil sənayesində iş yerləri azalır. Biznes qurumları Mertsdən səfər zamanı rəqabət problemləri və nadir torpaq elementləri ilə bağlı məhdudiyyətləri qaldırmağı tələb edir.
Merts bildirib ki, Almaniya riskləri azaltma siyasətini davam etdirəcək, lakin Çinlə əlaqələri tam kəsmək səhv olardı.
Mənbə:BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

